“Əliyev bizə dedi ki, Avropa Məhkəməsinin qərarını qəbul etmir”

4-06-2015, 09:02   
“Əliyev bizə dedi ki, Avropa Məhkəməsinin qərarını qəbul etmir”
AŞ PA-nın yay sessiyasında müzakirə olunacaq qətnamə layihəsində nələr var?


Iyunun 22-dən 26-dək Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası keçiriləcək. Sessiyada Azərbaycanda insan haqları sahəsində vəziyyətin pisləşməsi, ölkədə repressiyaların artmasına dair məsələnin müzakirəsi də nəzərdə tutulub. AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (Ispaniya) və Tadeuş Ivinski (Polşa) ölkəmizdəki vəziyyətlə bağlı qətnamə layihəsi hazırlayıb. Monitorinq Komitəsinin qəbul etdiyi bu sənəd AŞ PA-nın sessiyasında müzakirəyə çıxarılacaq. Qətnamə layihəsini ixtisarla təqdim edirik.

(Əvvəli ötən sayımızda)

Azərbaycan Konstitusiyasına edilən dəyişikliklər, o cümlədən bir nəfərin ardıcıl iki dəfədən artıq prezidentliyinə qadağanın aradan qaldırılması, əsas hüquq və azadlıqların məhdudlaşdırılması və s. məsələlərlə əlaqədar Avropa Şurasının Venesiya Komissiyası 2009-cu ildə xüsusi qətnamə qəbul etmişdi. Buna baxmayaraq, dəyişikliklərin hamısı qüvvəyə mindi. Seçki Məcəlləsinə 2010, 2012 və 2013-cü illərdə edilən dəyişikliklərin heç bir rəy üçün Venesiya Komissiyasına təqdim olunmamışdı.
Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin icra vəziyyətilə bağlı AŞ PA həmməruzəçilərinin hələ 2012-ci ilin dekabrında hazırladıqları qətnamədə də Venesiya Komissiyasının seçkilərlə bağlı tövsiyələrinin yerinə yetirilməməsindən narahatlıq ifadə olunmuşdu. Ən ciddi problem isə seçki komissiyalarının tərkibi, namizədlərin, müşahidəçilərin qeydiyyatı, seçici siyahılarının dəqiqliyi və seçki şikayətlərinə baxılma qaydaları ilə bağlıdır. O vaxtdan bəri də vəziyyət dəyişməyib və bu problemlər həll olunmamış qalır.
Mərkəzi Seçki Komissiyası hökumətyönlü çoxluqdan ibarətdir. Komissiya üzvləri arasında faktiki müxalifətdən təmsilçi yoxdur.
Avropa Məhkəməsi parlament seçkilərində namizəd olmuş müxalifət partiyalarının üzvləri, həmçinin bitərəf şəxslərin şikayət ərizələri üzrə xeyli qərarlar qəbul edib. Həmin qərarlarda ərizəçilərin Avropa Konvensiyası ilə təminat verilən azad seçki hüququnun pozulduğu təsdiqlənib. Qeyd olunub ki, ərizəçilərin şikayətləri Azərbaycanda heç bir hüquqi əsas göstərilmədən rədd edilib.
Seçki prosesinə məsul olan qurum şəffaf fəaliyyət göstərməli, müstəqil olmalı, siyasi manipulyasiyalardan kənarda qalmalıdır. Seçki komissiyalarının müstəqilliyi də çox vacibdir.
Avropa Şurası Nazirlər Komitəsi 12 mart 2015-ci il tarixli qərarında əvvəlki illərdə qəbul olunmuş çoxsaylı qərarlarına istinad edərək bir daha göstərir ki, seçki komissiyalarının şəffaflığı, müstəqilliyi, hüquqi səlahiyyətlərilə bağlı məsələ problem olaraq qalır. Seçki komissiyalarının üzvləri üçün təlimlərin keçirilməsi mövcud problemlərin həlli üçün qətiyyən kifayət deyil.

Məhkəmə sistemi

Müstəqil məhkəmə sisteminin mövcudluğu ölkədə real hakimiyyət bölgüsünün əsas təminatlarından biri sayılır. Məhkəmə sisteminin müstəqilliyi müstəsna əhəmiyyət kəsb edən məsələdir.
Biz Azərbaycan hökumətini icra hakimiyyətinin Məhkəmə Hüquq Şurasına təsirini azaltmağa çağırırıq. Bu Şuranın tərkibi ya tamamilə hakimlərdən ibarət olmalıdır. Yaxud da ən azı, Məhkəmə Hüquq Şurasının üzvləri arasında say bazımından hakimlər çoxluq təşkil etməlidir.
Venesiya Komissiyası daim hakimlərin sınaq müddətinə təyin olunması məsələsinə etiraz edir. Çünki bu hal hakimləri təzyiq altında saxlayır və onların müstəqil fəaliyyətinə imkan vermir.
Cinayət işləri üzrə məhkəmə proseslərində prokurorluq hökmran mövqedən çıxış edir. Prokurorluğun təqdim etdiyi sübutlar kifayət qədər araşdırılmadan əsaslı sayılır, ittiham olunan şəxsin hüquqları kifayət qədər təmin olunmur. Bu da məhkəmə sisteminin nüfuzuna xələl gətirir.
Məhkəmələrin ədalətliliyi, bu proseslərdə tərəflərin bərabərliyi, təqsirsizlik prezumpsiyasına hörmət, məhkəməyə qədərki müddətdə baş verən hüquq pozuntuları kimi məsələlər bizim Bakıda keçirdiyimiz görüşlərdə kifayət qədər geniş müzakirə olunub. Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının əksəriyyətində Avropa Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozulduğu təsdiqlənib.
Azərbaycanda vəkillərin fəaliyyəti üçün şərait də pisləşib. Hüquq müdafiəçilərini, jurnalistləri, ictimai təşkilatların təmsilçilərini müdafiə edən vəkillərə qarşı güclü təzyiqlər var. Bir sıra vəkillər qanunsuz olaraq Vəkillər Kollegiyasından uzaqlaşdırılıb. Bəziləri hüquqlarını müdafiə etdikləri şəxslərin işləri üzrə şahid qismində cəlb olunaraq, müdafiə prosesindən uzaqlaşdırılıb.
Avropa Məhkəməsinin Ilqar Məmmədovun şikayəti üzrə qəbul etdiyi qərarda göstərilib ki, məhkəmələr prokurorluğun cinayət işinin materiallarında yazdıqlarını öz qərarlarına köçürməklə işlərini bitmiş hesab edirlər. Şikayətlər heç bir əsaslandırma olmadan rədd edilir.
Bakıya son səfərimiz zamanı istər prezident, istərsə də baş prokuror bizə bildirdi ki, Avropa Məhkəməsinin Ilqar Məmmədovla bağlı qərarını qəbul etmirlər. Həmin qərarda bu həbsin siyasi motivli olduğu vurğulanıb. Prezident və baş prokuror iddia etdi ki, onun həbsi 2013-cü ilin yanvarında Ismayıllıda baş vermiş hadisələrlə bağlıdır və bu, məhkəmədə tam sübuta yetirilib.
Xatırladaq ki, Konvensiyanın 46-cı maddəsinə görə Avropa Məhkəməsinin qərarlarını icra etmək üzv dövlətlərin öhdəliyidir. Biz Ali Məhkəmənin 13 yanvar 2015-ci il tarixli qərarından təəssüfümüzü ifadə edirik. Həmin qərar Ilqar Məmmədovun kassasiya şikayətinə baxılmasının təxirə salınması barədədir.
Azərbaycanın Cinayət Prosessual Məcəlləsində məhkəməyə qədər şəxsin barəsində seçilmək üçün 10 növ qətimkan tədbiri nəzərdə tutulub. Lakin təcrübədə məhkəmələr heç bir əsaslandırma olmadan, əksər hallarda həbs-qətimkan tədbiri seçməyə üstünlük verir. Avropa Məhkəməsi Azərbaycanla bağlı bir sıra qərarlarında bunu Konvensiyanın 5-ci maddəsinin (azadlıq hüququ) pozuntusu kimi qiymətləndirib. Konkret Ilqar Məmmədovun işi üzrə qərarda qeyd olunub ki, onun məhkəməyə qədər həbsdə saxlanılması faktiki susdurmaq və ya hökuməti tənqid etdiyinə görə cəzalandırmaq məqsədi daşıyıb.
Həbs-qətimkan tədbirinin seçilməsi normadansa, istisna hala çevrilməlidir.
Avropa Məhkəməsi Azərbaycanla bağlı bir sıra qərarlarında həmçinin ərizəçinin təqsirsizlik prezumpsiyası hüququnun pozulduğunu təsdiqləyib. Hüquq-mühafizə orqanları və ya onların yüksək vəzifəli şəxslərinin, həmçinin hökumət təmsilçiləri istintaq altında olan müəyyən şəxslər barədə tələsik bəyanatlar verərək, məhkəmə hökmü olmadan onları “cinayətkar” elan edirlər. Bu da təqsirsizlik prezumpsiyasının pozulmasıdır. Avropa Şurası Nazirlər Komitəsi də Azərbaycanda vəzifəli şəxslər tərəfindən vətəndaşların təqsirsizlik prezumpsiyasının pozulması hallarının artması ilə əlaqədar narahatlığını ifadə edib.
Leyla Yunusun həbsinin ertəsi gün Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi birgə bəyanat yayaraq, onun ittiham edildiyi cinayətləri törətdiyinə dair rəy yaratmışdılar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar