“Söhbət təkcə Rəqsanədən getmir, televiziyadakıların hansı biri Rəqsanədən artıqdır?”
Zeynal Məmmədli: “Telekanal rəhbərliyinin məqsədi bu yolla çoxlu tamaşaçı qazanmaq və reklam verənlərin gözündə öz dəyərini artırmaqdır”
ATV telekanalında yayımlanan “Göz önündə” verilişinin müğənni Rəqsanənin aparıcılığı ilə efirə çıxması cəmiyyətdə birmənalı qarşılanmayıb. İctimai xadimlər, media ekspertləri məsələyə etirazlarını bildirərək, səviyyəsiz şou-biznes nümayəndələrinin aparıcılıq etməsinə etiraz ediblər.
Müsavat.com bu müzakirələrdən çıxış edərək, televiziyaların yayım siyasətini, şou-biznes nümayəndələrinin aparıcı kimi efirə çıxarılmasını ekspertlərlə müzakirə edib.
Media eksperti Zeynal Məmmədli musavat.com-a bildirib ki, televiziyaların məqsədi bu yolla çoxlu tamaşaçı qazanmaq və reklam verənlərin gözündə öz dəyərini artırmaqdır: “Bir müğənninin hansısa layihədə iştirak etməsi, veriliş aparması normal bir haldır. Sırf bundan çıxış edərək demək olmaz ki, bu, qəbuledilməzdir və sair. Bu haqda danışmaq yox, səbəbləri axtarıb tapmaq lazımdır. Cəmiyyət səviyyəli veriliş deyəndə nəyi nəzərdə tutur? Bunlar aydınlaşıbmı? Adi bir sosioloji sorğu keçirilibmi? Televiziyanı idarə edənlər də avam insanlar deyil. Onlar yaxşı bilir ki, nə onları populyarlaşdıracaq, reytinqi artıracaq. Onlar bilir ki, intellektual auditoriyaya üz tutmurlar. Onların məqsədi bu yolla çoxlu tamaşaçı qazanmaqdır və reklam verənlərin gözündə öz dəyərini artırmaqdır. Əslində, indiki halda hamı bilir ki, reklamlar necə verilir. Ancaq istənilən halda reklama layiq bir iş ortaya qoyulmalıdır. Rəqsanənin verilişə aparıcı seçilməsi də bu istiqamətdə cəhdlərdir və daha çox auditoriya cəlb etməyə yönəlib. Əgər auditoriya bunu qəbul edirsə, bu, artıq cəmiyyətin günahıdır. Cəmiyyətdə elə qurumlar, elə institutlar yoxdur ki, Milli Teleradio Şurası elə fəaliyyət göstərmir ki, bütövlükdə verilişlərin ictimai önəmini qaldırsın. Bütün bu məsələlərin kökü ordadır”.
Ekspert bildirdi ki, insanların bu tipli verilişlərə daha çox maraq göstərməsi siqaret çəkmək kimidir: “İnsan ilk dəfə siqareti çəkəndə bunu xoşlamır, arzulamır. Ancaq getdikcə öyrəşir və arzulayır. Tamaşaçıları da bu tipli verilişlərə öyrəşdiriblər. Təbii ki, baxarkən bəyənmir, ancaq söysə də baxır. Telekanal rəhbərliyinə nə lazımdır? Təbii ki, verilişin baxılması önəmlidir, nəinki bəyənilib, bəyənilməməsi... Bazar azad olanda media da azad olur və belə problemlə üzləşmirsən. Telekanallar arasında yarış yaranır və o yarışda hər televiziyanın özünə uyğun auditoriyası yaranır. Azərbaycanda bütün televiziya kanalları sanki vahid mərkəzdən idarə olunduğu üçün eyni auditoriyaya təxminən eyni tipli verilişlərlə üz tuturlar. Bu da cəmiyyətin tədricən mənəvi iflasına aparır ki, biz də bunun hər dəfə şahidi oluruq.
Televiziyanın həm də mədəni yaddaşı bərpa etmək funksiyası var. Çünki, orada jurnalist televiziyasından əlavə, bədii televiziya da var. Bədii televiziya daha mürəkkəbdir, o həm də bir mənəvi obyektdir. Ancaq cəmiyyət necədirsə, onun mediası da o cür olur. Cəmiyyət necə idarə olunursa, televiziya da bundan kənarda deyil. Fərqli televiziya yoxdursa, bu o deməkdir ki, telekanallar eyni mərkəzdən idarə olunur. Çox qapalı bir dairədəyik, heç kimin günahı yoxdur, eyni zamanda hər birimiz günahkarıq”.
Tanınmış televiziya jurnalisti, media eksperti Qulu Məhərrəmli isə musavat.com-a açıqlmasında qeyd etdi ki, səviyyəsiz müğənnilərin veriliş aparması televiziyaların və cəmiyyətin fəlakətidir: “Bu gün bizim cəmiyyətin qəhrəmanları alimlər, fikir düşüncə adamları, yazıçılar deyil, şou-biznes adamları və müğənnilərdir. Təbii ki, müğənni də aparıcı ola bilər, televiziyada veriliş apara bilər. Ancaq problem ondadır ki, bizdə müğənnilərin əksəriyyəti, 95 faizi çox səviyyəsiz, aşağı zövqlü, bəsit insanlardır. Onlar nə davranışı, nə düşüncəsi, nə nitqi ilə cəmiyyətə nümunə olmaq imkanları yoxdur. Ona görə də onları nümunəyə çevirmək, televiziya aparıcısı kimi efirə çıxarmaq yanlış yanaşmadır. Televiziyanın funksiyası ondan ibarətdir ki, biz insanları maarifləndirək, onlara bədii zövq verək və sair. İndi telekanalların yayım siyasətində hər şey ona yönəlib ki, reklam qazansınlar, çoxlu gəlir götürsünlər və sair. Bu, artıq təkcə televiziya məsələsi deyil, ciddi sosial-ictimai problemdir. Bu, cəmiyyətin inkişafı məsələsidir, millətin hansı yolu seçməsi məsələsidir, arxamızca gələn nəslin hansı yolu tutmasıdır. Ona görə də bu məsələlərə çox ciddi yanaşmaq lazımdır. Hansı telekanalı açırsan müğənni, şou-biznes nümayəndəsi, toyxana və sair”.
Q.Məhərrəmli bildirib ki, burada söhbət təkcə Rəqsanədən getmir: “Efirə çıxanların hansı normal insanlardır? 90 faizi bu gündədir. Bunların içindən təkcə Rəqsanəni seçib, “bu olmaz, o biri olar” demək olmaz. Ümumiyyətlə yanaşma, konsepsiya dəyişməlidir. Televiziyaya rəhbərlik edənlərdən, veriliş aparanlara qədər 90 faizi mənəvi cəhətdən zədələnmiş adamlardır. Bunlar cəmiyyətdən sanki qisas alırlar. Burada Röyanı və ya Rəqsanəni fərqləndirməyə ehtiyac yoxdur. Televiziyadakıların hansı biri Rəqsanədən artıqdır? Problem ondan ibarətdir ki, bizim cəmiyyətin qəhrəmanı, idealı kimdir, biz kimi önə çəkirik? Ayrı-ayrı fərdləri qabartmaqla problemi ört-basdır etmək olmaz. Bu, sosial problemdir və bunu aradan qaldırmaq lazımdır. Milli Məclisə çıxanların əksəriyyəti düşüncə baxımından eyni səviyyədədir. Televiziyalarda ciddi böhran gedir, peşəkarlıq problemi var. Yayım siyasəti düzgün müəyyənləşdirilmir. Televiziyalar 10 il əvvəlki mövqelərini tamamilə itiriblər”.
Nərgiz Liftiyeva