Azərbaycan mətbuatı daha bir dəhşətli xəbərlə silkələndi. Xəbər verdiyimiz kimi, ötən axşam Bakının Sabunçu rayonunda saat 20:30-da Albalı bağ massivində 27 yaşlı ana iki övladını öldürüb, özünə də intihar məqsədi ilə xəsarət yetirib.
Belə ki, İkinci Albalı bağ massivi 515-ci bağ evində yaşayan 1988-ci il təvəllüdlü Nəsibə Nəsib qızı Quliyeva evdə tək olarkən iki körpə balasını boğub öldürüb. Qadın daha sonra öz ürəyinə bıçaqla zərbə yetirib.
Hadisə barədə hüquq-mühafizə orqanlarının əməkdaşları məlumat tutan kimi ora gediblər. Qadın xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, o, 2012-ci il təvəllüdlü Ayan Asif qızı Məlikzadəni və 10 aylıq körpəsi Ayşəni boğazını kəsərək öldürüb. Daha sonra məktub yazaraq intihara cəhd edib.
Qadın məktubunda həyatından bezdiyini yazıb: “Mən həyatdan bezmişəm. Belə yaşamaq istəmirəm. Mən şeytanın yolu ilə gedirəm. Uşaqları da özümdən sonra heç kimə əmanət etmirəm”.
Hazırda qadınının vəziyyəti ağırdır. Nəsibə Qurbanovanın əri Asif isə hadisədən şoka düşdüyünü deyib. Asif arvadının onu qısqandığını və ailələrində bundan başqa, heç bir problem olmadığını bildirib.
Nəsibə Qurbanovanın isə əsəbi xəstə olduğu ehtimal edilir.
İki azyaşlının ölümü ilə nəticələnən bu hadisə ortaya bir çox ciddi suallar çıxarır. Əsəb xəstəsi olan qadın niyə sahə həkimləri tərəfindən müəyyən edilib, müvafiq psixoloji müalicə alması üçün yönləndirilmir? Əgər bu insan ruhi xəstədirsə, nə üçün cəmiyyətdən gizlədilir, qeydiyyata alınmır?
Xarici ölkələrdə zorakılıq törədən şəxslərin valideynlik hüququ əllərindən alınır. Bəs, Azərbaycanda niyə bu cür şəxslər təcrid olunmur, övladları qəyyumla təmin edilmir? Cəmiyyətə hələ nə qədər məlum olmayan əsəb xəstələri var ki, himayəsində azyaşlı övladlar böyüyür?
Musavat.com-a açıqlamasında məsələnin qanunvericilik tərəflərini şərh edən hüquqşünası Müzəffər Baxış bildirdi ki, Azərbaycan qanunvericiliyi ilə əsəb xəstələri, ruhi xəstələr valideynlik hüququndan məhrum edilmir: “Azərbaycan qanunvericiliyinə görə, yalnız onların fəaliyyət qabiliyyəti məhdudlaşdırılır. Bu isə o deməkdir ki, həmin şəxslər sərbəst fəaliyyət göstərə bilmir. Onların üzərində qəyyum təyin olunur. Həmin şəxslərin hüquq və vəzifələrinin həyata keçirilməsinə qəyyum köməklik edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, ruhi xəstə olan şəxslər nigah münasibətlərinə daxil ola bilməzlər. Bizim qanunvericilik bunu qadağan edir. Ancaq nigaha daxil olub, sonradan ruhi xəstəliyə tutulubsa, onun valideynlik hüquqlarından məhrum edilməsi ilə bağlı qanunvericlikdə hər hansı müddəa yoxdur. Ancaq Ailə Məcəlləsində nəzərdə tutulur ki, valideynlərdən hər hansı biri uşaqlara qarşı zorakılıq etsə, onlar məhkəmə qaydasında valideynlik hüququndan məhrum edilə bilərlər”.
Hüquqşünasın sözlərinə görə, əgər ruhi xəstə ilə bir evdə yaşayan şəxslərin həyatına hər hansı bir təhlükə varsa, bizim qanunda belə bir maddə var ki, həmin şəxslər cəmiyyətdən təcrid olunmalıdırlar və xüsusi müəssisələrdə yerləşdirilməlidirlər: “Ancaq bizdə vəziyyət belədir ki, insanlar qohumluq məsələlərinə çox önəm verirlər, bu səbəbdən ruhi xəstələrin törədə biləcəyi təhlükələri əvvəlcədən proqnozlaşdıra bilmirlər. Vaxtında belə hadisələrin qarşısını almaq və onları cəmiyyətdən təcrid etmək üçün məhkəməyə müraciət etmirlər. Əslində bu proseduralar həm Mülki Məcəllədə, həm də Cinayət Məcəlləsində cinayət törədən ruhi xəstələrə münasibətdə nəzərdə tutulub. Bütün bu müddəalar qanunvericlikdə var, lakin bunları tətbiq etmək lazımdır. Ruhi xəstələrin yaxın qohumlarının hüquqları var ki, onlar məhkəməyə müraciət etsinlər. Yaxın qohumlar olmadıqda, müvafiq icra hakimiyyəti orqanlarının qəyyumluq idarələri var, onlar məhkəməyə müraciət etməlidirlər ki, bu şəxslər cəmiyyətdən təcrid edilsinlər. Əgər onlar cəmiyyətdən təcrid edilməzsə, birgə yaşadıqları insanların həyatın təhlükə törədə bilərlər. Ruhi xəstələr vaxtında cəmiyyətdən təcrid edilmədikdə bu cür bədbəxt hadisələr baş verir”.
Bu xəbəri dəhşətlə qarşıladığını deyən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə bildirdi ki, övladlarını öldürən qadının ruhi xətə olması haqqında hər hansı rəsmi sənəd olmadığından qanunvericilik həmin şəxslərə qarşı hər hansı tədbir görə bilmir: “Bu, çox dəhşətli bir haldır. Bu hadisə qarşısında söz tapa bilmirəm. Ruhi xəstələrin dünyaya uşaq gətirməsi düzgün deyil. Bu gün Azərbaycan reallığı odur ki, ailələr ruhi xəstə olan övladlarının qeydiyyata alınmasını belə istəmirlər, bunu cəmiyyətdən gizlədirlər. Belə insanları evləndirdikdə, ruhi xəstə olan qızları ərə verdikdə bu cür problemlər ortaya çıxır. Əksər ailələr qızlarının ruhi xəstə olduğunu gizli saxlayır və onun ruhi xəstə olub-olmadığını müəyyən etmək ancaq bu kimi hadisələrdən sonra mümkün olur”.
K.Ağazadə vurğuladı ki, ruhi xəstəliyi olan uşaqların hər birinin bazası olmalıdır, qeydiyyatı aparılmalıdır, hər biri haqqında dəqiq məlumat olmalıdır, patologiyası olan, ruhi xəstə olan şəxslərin uşaqlıqdan qeydiyyatı olmalı və bilinməlidir ki, hansı problemləri var: “Azərbaycanda ailələr ruhi xəstə olan övladlarını gizlədirlər. Problemin kökü budur. Bu, daha çox bölgələrdə baş verir. O qədər atılmış uşaqlar var ki, 20 ildən sonra onlar valideynlərini axtaranda məlum olur ki, anası və ya atası ruhi əsəb dispanserində imiş. Bu kimi hallar gizlədildikdə belə faciələrin olması ehtimalı da artır. Mütləq bu prosesə nəzarət olmalıdır, sosial nəzarət həyata keçirilməlidir. İcra hakimiyyətlərinin qəyyumluq komissiyaları bu cür həssas ailələrlə iş aparmalıdırlar, onları psixoloji yardımlara istiqamətləndirməlidirlər. Bu gün çox böyük bir kütlə regionlardan Bakıya üz tutur. Bu insanların müvəqqəti qeydiyyatda olduğu yer yoxdur ki, həkim bilsin ki, onun ərazisində müvəqqəti qeydiyyata düşən xəstə var. Bu nəzarət olmadıqca belə problemlər çox qabaracaq”.
Övladlarını öldürən qadının yazdığı intihar məktubunu xarakterizə edən psixoloq Dəyanət Rzayev də ondan psixi pozuntu əlamətlərinin olmasını istisna etmədi: “Ruhi xəstə və əsəb xəstəsi tamam başqa diaqnozlardır. İnsan əsəbi ola bilər, lakin bu onun ruhi xəstə olması demək deyil. Təbii ki, bu qadının yaxınları ilə söhbət etsək, müəyyən əlamətlərinə görə aydın olar ki, ruhi xəstə olub, yoxsa yox... Mətbuatda gedən xəbərə əsaslansaq, həmin qadında patoloji qısqanclıq da olub, ərini qısqanıb və affekt vəziyyətə düşüb. Affekt vəziyyət odur ki, insan özünü idarə edə bilmir, özünə də xəsarət yetirə bilər, başqalarını da öldürə bilər. Ola bilər ki, bu qadın affekt vəziyyət keçirib. Onun məktubunda yazdığı “mən şeytana qulluq edirəm” ifadəsi məcazi məna da daşıya bilər. Ola bilər ki, insanın gözünə nə isə görünür, səslər eşidir, o səslər ona deyir ki, get kimisə öldür. O da ola bilər ki, qadın bu ifadəni məcazi mənada işlətsin”.
Problemin səbəblərinə toxunan psixoloq qeyd etdi ki, əgər Azərbaycanda normal psixoloji xidmət olsa idi, sahə müvəkkilləri, sahə həkimlərinin ailələrdəki xəstələrlə bağlı məlumatları olsa idi, həmin sahədəki qətllərin, bu cür hadisələrin qarşısını almaq mümkün olardı: “Necə olur ki, insan evində balaca bir təmir işi aparanda sahə müvəkkilləri dərhal xəbər tutub gəlirlər, rüşvət alırlar, ancaq ailələrdə bu cür problemlər var və onların heç xəbəri də yoxdur. Ailələr də bu məsələdə diqqətli olmalıdırlar. Ailə üzvlərindən birində əsəbilik və ya psixi pozuntu varsa, üzərinə böyük iş düşür. Savadsızlıq, bilgisizlik, biganəlik, sosial problemlər bu cür hadisələrə gətirib, çıxarır”.
/musavat.com/
Nərgiz Liftiyeva