Rejim ilk zərbəni Berlin və Afinadan aldı; Almaniya rəhbərliyi ilə Yunanıstan prezidenti Bakıya gəlməkdən imtina etdi
Almaniyanın “Tagesspiegel” qəzeti öz mənbələrinə isnadən bildirib ki, Almaniyanın birinci şəxsləri və hökumət üzvləri iyunun 12-də Bakıya Avropa Oyunlarının açılış mərasiminə getməyəcəklər. “Kansler Angela Merkel Bakıya getməyəcək. Bundan əlavə, idmana kuratorluq edən daxili işlər naziri Tomas de Mezyer Azərbaycana səfərdən imtina edib. Almaniya prezidenti Yoahim Qauk də iyunun 12-də Berlində olacaq”, - qəzet yazıb.
Qəzetin yazdığına görə, Angela Merkel fevral ayında Ilham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, Əliyevlə aramızda insan haqları mövzusunda ciddi fikir ayrılıqları qalmaqdadır.
“Turan” bildirir ki, məqalənin müəllifi Klaudiya fon Zalzen səfərdən imtinanın səbəblərini Azərbaycanda siyasi məhbusların olması ilə əlaqələndirib.
Yunanıstan səfiri hakimiyyətin hədəfində
Bu arada Yunanıstanın Azərbaycandakı səfiri Dimitris Sunqas hakimiyyət dairələrinin qəzəbinə tuş gəlib. Səbəb isə onun Yunanıstan prezidenti Prokopis Pavlopulosu Bakıda keçirilən Avropa Oyunlarının açılışına qatılmaq fikrindən daşındırması göstərilir.
Hakimiyyətə yaxınlığı ilə seçilən APA diplomatik mənbələrə istinadla belə bir məlumat yayıb ki, səfir Sunqas mayın 21-də ölkəsinin Xarici Işlər Nazirliyinə göndərdiyi informasiyada I Avropa Oyunlarının açılışında heç bir dövlət və hökumət başçısının iştirak etməyəcəyini bildirib. Məlumata görə, Sunqas Avropa Ittifaqının Bakı ofisindən Yunanıstan səfirliyinə daxil olan və I Avropa Oyunlarını dünya liderlərinin boykot edəcəyi haqda xəbərdarlığına istinad edib. “Səfir məktubunda hətta iddia edib ki, Rusiya və Türkiyə prezidentləri də açılışda iştirak etməyəcəklər. Məhz bundan sonra Yunanıstan hökuməti səfirin yanlış iddiasını əsas tutaraq, açılış mərasimində idman nazirinin müavini Stavros Kontonis səviyyəsində təmsil olunmaq barədə qərar qəbul edib.
Diplomatik mənbə onu da bildirib ki, Yunanıstan XIN-i formal olaraq bu qərarını Prezident Prokopis Pavlopulosun mayın 9-da Qələbə günü münasibətilə Moskvada keçirilən hərbi paradda iştirak etməməsi və buna görə də balans saxlamaq zərurəti ilə əsaslandırıb", - deyə APA-nın məlumatında qeyd olunur.
Məlumatda o da iddia edilir ki, son günlər Avropa Ittifaqı və onun Bakıdakı ofisi ayrı-ayrı ölkələrin rəhbərliyinə, Azərbaycandakı səfirliklərinə müraciət edərək, onları l Avropa Oyunlarının açılış mərasiminə qatılmamağa çağırır.
ATƏT-in Bakı ofisi isə bu iddiaları təkzib edib.
Avropa Oyunlarında iştirak siyasi məhbuslara təhqirdir
Insan Hüquqları uğrunda Beynəlxalq Federasiya da (FIDH) Avropa ölkələrinin liderlərini Oyunlarda iştiraklarını siyasi məhbusların və saxta ittihamlarla məhkəmə prosesi gözləyən fəalların azad edilməsi ilə şərtləndirməyə çağırır. Contact.az-ın məlumatına görə, bu barədə 100-dən çox ölkədə 164 milli təşkilatı birləşdirən FIDH-in bəyanatında deyilir. “Yaranmış vəziyyətdə Avropa ölkələrinin hökumət nümayəndələrinin Oyunların açılış mərasimində iştirakı Azərbaycanda azadlıqdan məhrum edilmiş fəallar və onların öz azadlıqlarını və təhlükəsizliyini riskə ataraq uğrunda mübarizə apardığı universal dəyərlər üçün təhqir olacaq”, - deyə FIDH prezidenti Kərim Lahici bildirib.
FIDH Azərbaycan hakimiyyətinin öz ölkəsinin vətəndaş cəmiyyətinə tutduğu misli görünməmiş divanı pisləyir. Xatırladırıq ki, ötən il, Bakıda Oyunlar ərəfəsində müstəqil QHT rəhbərlərinin əksəriyyəti həbs olunub. Onların vəkilləri təqiblərə məruz qoyulur, bəziləri hətta fəalların qanunvericilikdə təsbit edilmiş hüquqi müdafiədən məhrum edilməsi məqsədilə həbs edilib. Qanunvericiliyə yeni dəyişikliklər vətəndaşların hüquqlarını həddindən artıq məhdudlaşdırır və müstəqil təşkilatların qeydiyyatını və normal fəaliyyətini, demək olar ki, qeyri-mümkün edir: onların bank hesabları dondurulur, xarici təşkilatlar tərəfindən maliyyələşmə, ölkənin dövlət orqanları tərəfindən icazə verilmədiyi hallarda, qanunsuz elan edilib. Hakimiyyətin ölkənin imicini yaxşılaşdırmaq üçün idman tədbirlərindən istifadə etmək cəhdlərini və bununla əlaqədar istənilən tənqidi ifadələrə və ya fərqli düşüncəyə qarşı daha çox dözümsüz olduğunu nəzərə alaraq, Avropa Oyunları Azərbaycanda insan hüquqları sahəsində təhlükəli vəziyyətin daha da pisləşməsinə şərait yarada bilər.
Müstəqil vətəndaş cəmiyyətinin kökünün kəsilməsinə yönəlmiş qanunvericilik maneələri, fəalların və onların vəkillərinin məhkəmə təqibi və fərqli düşünən şəxslərin özbaşına saxlanması Olimpiya Xartiyasının özünə və sözünə ziddir. Azərbaycan hökuməti qarşıda duran Avropa Oyunlarına müstəsna əhəmiyyət verir, onlara beynəlxalq aləmdə öz nüfuzunu və imicini yaxşılaşdırmaq imkanı kimi baxır. Məhz buna görə Oyunlar Avropa hökumətlərinə Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti yaxşıya doğru dəyişmək üçün ideal imkan verir.
FIDH Avropa ölkələrinin hökumətlərini Oyunların açılış mərasimində iştiraklarının həbs edilmiş və saxlanılmış vətəndaş cəmiyyəti fəallarının azad edilib-edilməyəcəyindən asılı olduğunu bəyan etməyə çağırır, deyə təşkilatın saytında dərc edilmiş bəyanatda qeyd edilir.
FIDH dünyanın 100-dən çox ölkəsində işləyən 164 üzv təşkilatdan ibarət hərəkatdır. Federasiya öz fəaliyyətində araşdırmalara, dəlillərə, insan hüquqlarının müdafiəsi və onlara riayət olunması məqsədilə keçirilən kampaniya və hüquqi işə əsaslanır. 90 ilə yaxındır ki, FIDH əsas azadlıqlara riayət olunması, hüquqları pozulanların müdafiəsi və insan hüquqlarının pozulmasında təqsirli olanların məsuliyyətə cəlb edilməsi uğrunda mübarizə aparır.