Moskva Dövlət Universitetinin tələbəsi, evdən qaçaraq İŞİD-ə qoşulmaq üçün Suriyaya üz tutan Varvara Karaulova ilə birlikdə bir neçə Azərbaycan vətəndaşı da saxlanılıb.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hazırda həmin şəxslər Türkiyənin Batman vilayətində qeyri-leqal miqrantlar üçün nəzərdə tutulmuş düşərgədə saxlanılır. Onların barəsində deportasiya qərarının veriləcəyi gözlənilir.
Varvara Karaulovanın radikal islamçıların təsiri altına düşərək evdən qaçması Rusiyada geniş ictimai rezonansa səbəb olub. İctimaiyyət əlaçı tələbənin radikal islamçılara qoşulmasına izah tapmaqda çətinlik çəkib.
V.Karaulova günlərlə çəkən axtarışdan sonra Türkiyədən Suriyaya keçmək istəyərkən saxlanılıb. Məlum olub ki, Karaulova 18 nəfərlik qrupun tərkibində Suriyaya keçməyə cəhd edib.
Qrup üzvlərindən 13-ü Rusiya, qalanları Azərbaycan vətəndaşlarıdır. Qrup üzvlərinin arasında azyaşlı uşaqlar və qadınlar da var.
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Karaulovanın və onuna birlikdə Suriyaya keçməyə cəhd edənlərin barəsində istintaq tədbirləri həyata keçirmək üçün Türkiyəyə ezam edilib.
Rusiyanın Ankaradakı səfirliyinin mətbuat attaşesi İqor Mityakov bildirib ki, saxlanılanlar barəsində deportasiya sənədləri hazırlanır. Diplomat hələ Karaulova ilə görüşə bilmədiklərini deyib.
Karaulova isə onun dalınca Türkiyəyə gedən atasına xəbər göndərib ki, saxlanıldığı miqrant düşərgəsinə gəlməsin. Qız atasının onu bu düşərgədə görməsini istəmədiyini bildirib. Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları isə artıq onu dindiriblər.
Virtualaz.org