Azərbaycanla bağlı diplomatik qalmaqal böyüyür (VİDEO)
6-06-2015, 22:38
Azərbaycanla ATƏT arasındakı diplomatik qalmaqal böyüyür. Rəsmi Bakı qurumun Bakı ofisinin bağlanmasında israrlıdır.
ASN TV-nin məlumatına görə, Azərbaycan ATƏT-ə Bakıdakı ofisini bağlaması barədə nota göndərib. ATƏT-in Bakıdakı layihə koordinatorluğu Azərbaycan Xarici İşlər Nazirliyindən fəaliyyətinin dayandırılması ilə bağlı məktub alıb.
Hazırda nota nəzərdən keçirilir. XİN hələlik məsələ ilə bağlı açıqlama verməyib, BBC-nin məlumatına görə, Azərbaycan iyunun 4-dən etibarən ATƏT-ə texniki məsələləri başa çatdırmaq üçün bir ay vaxt verib.
Politoloq Aydın Mirzəzadə hesab edir ki, ATƏT-in Bakı ofisinin statusu əhəmiyyətini itirib. Millət vəkili düşünür ki, ATƏT-in Bakı ofisi Azərbaycan yeni müstəqilliyini əldə etdiyi zaman yaranmışdı, indisə Azərbaycan kifayət oturuşmuş, dövlətçiilk ənənələri, təcrübəsi olan ölkədir, Bakı ofisinin təcrübəsindən yararlanıb. Bundan sonra Azərbaycanın ATƏT-lə münasibətləri Bakı ofisi vasitəsilə deyil, əvvəlki tək birbaşa olaraq həyata keçiriləcək.
"Görünür Xarici İşlər Nazirliyi hesab edir ki, ATƏT-in Bakı ofisi üzərinə düşən vəzifəni kifayət yerinə yetirib və bundan sonra münasibətlər birbaşa və maraq doğuran məsələlər üzərində aparılacaq", deyə Aydın Mirzəzadə vurğulayıb.
Politoloq Rasim Musabəyovun fikrincə ATƏT-in Bakı ofisindən imtina etmək Azərbaycanın hüququdur, necə ki, bu qurumun Bakıdakı kordinatorunu dəyişmək səlahiyyəti var. Məsələnin dramatikləşdirilməsinin əleyhinə olan millət vəkili ANS-ə açıqladı ki, ATƏT-ə üzv dövlətlərin heç də hamısında daimi nümayədəliklər yoxdu: "Bakı ofisindən imtina o demək deyil ki, ölkədə problem yoxdur, nümayəndələr burada olacaq, lakin mövcud problemləri heç bir kənar müdaxilə olmadan dövlət və ictimaiyyət özü həll etmək iqtidarındadır".
ATƏT-in Bakıdakı Missiyası 1999-cu ildə yaradılıb və 2000-ci ildən 2013-cü ilədək fəaliyyət göstərib. İki il əvvəl Azərbaycan hökuməti ofisin mandatını uzatmaqdan imtina edərək, onu nümayəndəlik statusuna endirib. Bu yaxınlarda ATƏT Bakıdakı nümayəndəsi Aleksis Şahtaxtinskinin mandatını uzatmadığını açıqlayıb. Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter hesabında Şahtaxtinskinin fəaliyyətinə xitam verilməsini onun prezident İlham Əliyevlə şəkil çəkdirəməsinə irad tutulması ilə izah edib.