Bu həftənin krimxronikası daha dəhşətli və qandonduran cinayətlərlə yadda qaldı. Axar.az ölkədə baş verən tükürpədici qətllərin statistikasını hazırlayıb. Bu cinayətlərin leytmotivi Bakıda iki övladını qətlə yetirən qadındır. 27 yaşlı Nəsibə Quliyeva qızları - 3 yaşlı Aydan və 10 aylıq Ayşən Məlikzadəni anamsızlıqla öldürüb. O, hər iki qızının boğazını kəsib, özünü isə intihar məqsədi ilə bıçaqlayıb. Ağır bədən xəsarəti alan N.Qurbanova 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. N.Quliyeva hadisəni törətməzdən əvvəl məktub yazıb. Məktubda deyilir: "Həyatımdan bezmişəm. Belə yaşamaq istəmirəm. Şeytanın yolu ilə gedirəm. Uşaqları da özümdən sonra heç kimə əmanət etmirəm". Hadisədən sonra isə polis qadının əri Asif Məlikzadəni saxlayıb. *** Balakəndə kərpic zavodunda baş verən qanlı hadisənin təfərrüatı məlum olub. Hadisədən qabaq zavodda işləyən fəhlələr işdən sonra oturub dincəlirmişlər. Bu zaman fəhlələr zarafatlaşmağa başlayıblar. Zarafat zamanı Anar Həmzətov adaşına əl atıb. Ona edilən əl-qol zarafatları Anar Ömərovun xoşuna gəlməyib. O, adaşına iradını bildirib. Bu zaman aralarında mübahisə yaranıb. Təhqir olunduğunu düşünən A.Ömərov üzərində gəzdirdiyi bıçaqla Anar Həmzətovu ürəyindən bıçaqlayıb. Zərbə güclü olduğundan Anar Həmzətovun yarası da dərin və öldürücü olub. Adaşını öldürən Anar Ömərov isə hadisə yerindən qaçıb. Lakin polislər onu tuta biliblər. Saxlanılan Anar Ömərov istintaqa törətdiyi cinayətdən çox peşman olduğunu bildirib. Bildirib ki, bir il bundan qabaq həbsdən çıxıbmış. *** Şirvan şəhər sakini Mustafayeva Nazilə gəlini tərəfindən döyülməsi və zədə alması barədə məlumat verib. Həmçinin qarşı tərəf də qayınanası tərəfindən döyülməsini və xəsarət aldığını iddia edib. Femida.az yazıb ki, Mustafayeva Nazilə evi yaşamağa yararlı olmadığı üçün qonşularda qalır. İcra hakimiyyətinin nümayəndəsi uçurdulmuş evə baxış keçirsə də, hələ bir nəticə olmayıb. Qayınana gəlini ilə olan münasibətə də aydınlıq gətirib: "Məsələ mətbuata çıxandan sonra bura gəlmirlər. O, mənim üzərimə hücum edəndə həyətdəki it onu dizindən dişləyib. Hazırda xəstəxanada yatır. Eşitdiyimə görə, quduz xəstəliyinə tutulub. Qanına zəhərlənmə keçib". *** Bakıda əmi qardaşı oğlunu ölümcül hala salıb. 21 yaşlı Elçin Əliyev qan içərisində xəstəxanaya çatdırılıb. Başında çoxsaylı kəsiklər olan E.Əliyev 8-ci kilometr bazarında əmisi ilə mübahisə edib. Əmi isə onu möhkəm döyüb. Hazırda xəstəxanada olan Elçinin əmisi tərəfindən döyülməsinin səbəbi məlum deyil. *** Məhəmmədi qəsəbəsində yerləşən apteklərin birində soyğunçuluq hadisəsi baş verib. Aptekə daxil olan müştəri əczaçı Davud Vəliyevə resept təqdim edib. Satıcı dərmanları axtarmaq üçün piştaxtadan uzaqlaşan zaman müştəri oğurluq məqsədilə əlini kassaya atıb. Hadisəni görən əczaçı müştəriyə yaxınlaşıb. Bu zaman müştəri özü ilə gətirdiyi balta ilə satıcıya zərbə vurub. Əczaçı ağır yaralanıb, bundan sonra müştəri kassadan 300 manat oğurlayaraq aradan çıxıb. Cinayəti törədən şəxs 1980-ci il təvəllüdlü Rüfət Məmmədovdur. O, ali təhsilli həkimdir. Rüfət Məmmədov "Baku Medical Plaza", "ABU-Endoklinik", "Atlas" klinikasında işləyib. Son bir neçə aydır ki, narkotik aludəçisidir və cinayəti də məhz bu səbəbdən törətdiyi bildirilir. Rüfət Məmmədov, həmçinin bir neçə il əvvəl məşhur "Maşın şou" proqramında fəaliyyət göstərən həkim komandasının üzvü olub. Hazırda onun tutulması üçün axtarış aparılır.