Türkiyədə seçki qutusundan erkən seçki çıxdı - təhlil və son bilgilər

7-06-2015, 23:53   

Türkiyədə keçirilən 7 iyun parlament seçkisində səsvemə qutularının 97 faizi artıq açılıb. Hakim AKP-nin 41 faizlə liderlik etdiyi seçkidə ana müxalifət səslərin - CHP 25,2, MHP 16,5, HDP 12,5 fazini toplayıb. Qalan 16 partiya və 165 müstəqil namizəd isə səslərin 4,8 faizini qazana bilib.T

Açılmaqda olan seçki qutularının səsvermənin nəticələrində ciddi dəyişikliklərə səbəb olacağı gözlənilmir. Beləliklə də AKP bu seçkidə Türkiyəni təkbaşına idarə etmək şansını itirmiş oldu. Bunun üçün parlamentdə AKP-nin 267 nəfərlə təmsil olunmalı idi, ancaq AKP TBMM-ə 258 deputat keçirə bilib. Mandatların 132-si CHP-nin, 82-si MHP-nindir. 10 faizlik barajı aşaraq 12,5 faiz səs toplayan kürd partiyası HDP parlamentdə 78 deputatla təmsil olunacaq.
Yaxın 1 ayda Türkiyədə yeni hökumət formalaşmalıdır. Hələlik müxalifət partiyalarından heç biri koalisyon hökumət açıqlaması verməyib. MHP İzmir millət vəkili Oqtay Vural yerli mediaya açıqlamasında “hələlik belə bir qərarın zamanı deyil”, ifadəsini işlədib. Yada salaq ki, buna qədər HDP də AKP ilə koalisiyaya getməyəcəyini açıqlayıb. Bu durum onu deməyə əsas verir ki, yaxın 3 ayda Türkiyədə yenidən seçki keçirilə bilər.



Seçki ekspertlərinin fikrincə, hətta ölkədə koalision hökumət qurulsa belə, onun ömrü 1 ildən çox olmayacaq və yenidən parlament seçkisi keçirmək məcburiyyəti yaranacaq. Türkiyə siyasətinin təcrübəsi belə deməyə əsas verir. 90-cı illərdə Türkiyədə qurulan koalisiyaların heç biri uzunömürlü olmayıb.




AKP-lilərin açıqlamalarından seçkinin nəticələrindən razı qalmadıqları açıq görünür. Baş nazir Əhməd Davudoğlu seçkini Konyadakı evindən izləyib. Seçki bitdikdən sonra baş nazir uçaqla Ankaraya qayıdıb. Türkiyə TV-ləri AKP-nin mərkəzi qərargahı önündə öncəki seçkilərdə olan qələbəliyin yaşanmadığına diqqət çəkir. AKP-nin az səs alması partiyanın Məclisdə müzakirəyə çıxardığı konstitusiya dəyişikliklərini də ciddi sual altına alıb. Prezidentə geniş səlahiyyətlər verilməsini nəzərdə tutan bu dəyişiklikləri artıq parlamentdən keçirmək real görünmür. AKP-nin seçkilərdən narazı qaldığı əsas məqam da məhz budur. Bu durum prezident kürsüsünə yiyələnən Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərini genişləndirmək, eləcə də Türkiyəni parlamentli respublikadan prezident respublikasına çevirmək planlarının alt-üst olması anlamına gəlir.




Seçki ekspertlərinin fikrincə, AKP-nin bu seçkidə səs itirməsinin əsas səbəbi ölkədə iqtisadi durumun pisləşməsi və kürd açılımıdır.

MHP ötən parlament seçkisi ilə müqayisədə səslərini 3,5 faiz artırıb. Ekspertlərin fikrincə, MHP bu durumdan məmnun olsa da, PKK-nın kürd qanadının parlamentə asanlıqla daxil olması ümumi gərgin ab-hava yaradır.

Seçkidən ən başarılı çıxan HDP-dir. Kürdlər Türkiyə tarixində ilk dəfə partiya olaraq parlamentdə təmsil olunacaq. Yaxın gələcəkdə kürdlərin öz fəaliyyətlərini sivil siyasi mübarizə müstəvisinə keçirəcəyi, yoxsa terror qruplaşması olmaqda davam edəcəyi bilinəcək.

Seçkidə diqqət çəkən daha bir məqam HDP-nin İstanbulda MHP-dən daha çox səs almasıdır. MHP İstanbulu 10, HDP 11 millət vəkili ilə təmsil edəcək.

Onu da vurğulayaq ki, Türkiyə Böyük Millət Məclisinin budəfəki tərkibində əslən Azərbaycandan olan 2 millət vəkili olacaq. İlkin nəticələrə görə Atilla Kaya İstanbuldan və İsa Yaşar Tezel isə İğdırdan millət vəkili seçilib. Lakin İsa Yaşar Tezelle bağlı vəziyyət pisə doğru dəyişə də bilər. Çünki həmin dairədən başqa bir azərbaycanlı - Adil Aşırım da namizədliyini (AKP) vermişdi və bu, səslərin parçalanmasına, kürdlərin qalib gəlməsinə səbəb olub.


Aygün Muradxanlı, musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar