Türkiyə birlik modeli axtarır

10-06-2015, 18:58   
Türkiyə birlik modeli axtarır
Yeni hökuməti qurmaq görəvi alan Ahmet Davutoğlu yaxın günlərdə TBMM-nə daxil olan digər 3 partiyanın liderləri ilə müzakirələrə hazırlaşır
7 iyun parlament seçkisini demokratik şəraitdə başa vuran Türkiyə yeni hökumətin hansı formada qurulacağını müəyyənləşdirməyə çalışır.

13 ildir ölkəni idarə edən AKP-də seçkidən sonra başlayan müzakirələr hələ davam edir. Ötən gün istefasını prezidentə təqdim edən, AKP sədri Ahmet Davutoğlu yerli mediaya açıqlamalarında müzakirələrin yaxın günlərdə yekunlaşacağı, ancaq hələlik dəqiq qərar olamadığını açıqlayıb.

Türkiyə mediası yazır ki, AKP içərisində kopalisiya qurulması ilə bağlı ciddi fikir ayrılıqları var. Prezidentdən yeni hökumət qurmaq səlahiyyəti alan Davutoğlunun bu həftə parlamentə düşən digər 3 partiyanın – CHP-nin, MHP-nin və HDP-nin liderləri ilə danışıqlar aparacağı gözlənilir.

Türkiyənin siyasi ekspertləri bildirir ki, gündəmdə olan formatların içərisində AKP-CHP koalisiyası arzuedilən olsa da real görünmür. Əgər AKP və CHP birlik formatına razılaşsa Türkiyə Böyük Millət Məclisində mütləq üstünlük qazanıla bilər. Bu variant CHP üçün daha çətin bir seçim kimi görünür. Çünki uzun illər ana müxalifət olan bir partiyanın keçmiş rəqibi ilə ortaqlıq yaratması asan başa gəlməyəcək və belə demək mümkünsə, koalisiya daxilində davamlı güc nümayişi göstərilməsinə şərait yaradacaq.




Bu durum koalisiyanın ömrünü minimuma qədər qısalda bilər. Partiyaların nazirliklərin bölüşdürülməsi prosesini də asan keçəcəyi ehtimalı azdır. AKP Təhsil, CHP isə Ədliyyə nazirliklərinin daha önəmli olduğunu bildirsə də digər nazirliklərin bölüşdürülməsində ciddi fikir ayrılıqları yarana bilər. AKP - də bu koalisiyaya isti baxanlar da var. Onlar CHP-nin parlamentdəki çoxluğunun dəyərləndirilməsini vacib sayanlardır. Bu fikrin tərəfdarları koalisiya naminə bəzi nazirliklərindən geri çəkilməyi belə uyğun görür.

Bu halda ana müxalifət partiyası MHP olacaq. Həm ana müxalifətin, həm də digər müxalifət partiyası HDP-nin millətçilik ideologiyasını daşıması ölkədə milli düşüncənin daha da güclənməsinə yol aça bilər.




Ən güclü koalisiya ehtimalı AKP-MHP koalisiyasıdır. MHP çözüm sürəcinin bitməsini, korrupsiya iddialarının dayandırılmasını, Ana Yasaya ediləcək dəyişikliklər zamanı dövlət quruluşu və milli kimlik məsələsinə toxunulmayacağını koalisiyaya gedilməsi üçün şərt kimi qoysa da AKP-də bu birliyin tərəfdarları çoxdur. MHP sədri Devlet Bahçelinin son dərəcə əmin davranması AKP-nin MHP-yə ciddi ehtiyacı olduğunu söyləməyə əsas verir. AKP üçün CHP-lilərdən fərqli olaraq MHP-lilərlə anlaşmaq daha qolay kimi görünür. Dərin Ankara kulislərində hər zaman MHP-yə Türkiyə siyasətində balansı qoruyan, kritik nöqtələrdə dövlət maraqlarını bir nömrəli məsələyə çevirən qüvvə kimi baxılır.

AKP-ni MHP-nin “qapısına” gətirən daha bir səbəb var. Əgər koalisiya variantlarından heç biri alınmasa, AKP MHP-nin kənar dəstəyi ilə müvəqqəti hökumət qurulmasını və növbədənkənar seçkilərə gedilməsini istəyə bilər. MHP daxilindəki qanadlardan biri erkən seçkilərə gedilməsini az qala milli xəyanət kimi qiymətləndirsə də, partiya rəhbərliyində bu ideyanın tərəfdarları da var.

Partiya olaraq parlament təcrübəsi olmayan HDP açıq-aydın AKP ilə koalisiyaya gedilməyəcəyini deyir. Böyük ehtimalla HDP yaxın gələcək üçün müxalifətdə qalmağa üstünlük verəcək.




CHP-dəki çoxluq MHP ilə koalisiyaya girməyin ən doğru yol olduğunu düşünür. Yerli media belə yazır. Bu durumda yeni hökumətin yaradılmasına HDP kənardan dəstək verəcək. Bu koalisiya alınsa ana müxalifət rolu AKP-nin üzərinə düşəcək. 13 illik hakimiyyətdən sonra AKP ilk dəfə ölkənin siyasi həyatında müxalifət partiyası ünvanını qazanacaq.

Variantlardan biri də CHP-nin azlıq hökuməti qurmasıdır. Bu haqlda CHP və HDP partiyaya dəstək verə bilər. Azlıq hökuməti 2 il ölkəni idarə edəndən sonra isə yenidən seçki keçirilə bilər.



Əgər yaxın bir ayda yeni hökumətin qurulması mümkün olmasa Türkiyə Konstitusiyasına görə ölkə erkən seçkiyə getməlidir. Bu fikri ilk dilə gətirən MHP sədri Devlet Bahçeli olsa da erkən seçimi ən çox istəyən MHP deyil. Çünki MHP-nin digər partiyalarla müqayisədə daha çox birlik formatında təmsil olunmaq şansı var. Erkən seçkini AKP-də də geniş müzakirə edilməkdədir. Partiyada hələ də yeni seçki keçirilsə partiyanın təkbaşına iqtidar yaratmaq şansını geri qaytara biləcəyini düşünənlər var. Bir sıra AKP-lilərin fikrincə, erkən seçki olsa, partiyanın səsverməyə gəlməyən elektoratı aktivlik göstərərək Türkiyə siyasətindəki mənzərəni yenidən AKP-nin xeyrinə dəyişə bilər.

Ancaq mənzərə dəyişməyə, səsvermənin nəticələri aşağı-yuxarı eyni ola da bilər. Bu isə yenidən partiyaları koalisiya qurmaq məcburiyyəti ilə üzləşdirəcək. Bu səbəbdən digər partiyalar erkən seçkiyə o qədər də maraq göstərmir. CHP-lilər də düşünür ki, bu sadəcə itirilən zaman olacaq, zərbə isə daha çox iqtisadiyyata dəyərək vətəndaşın həyatını çətinləşdirəcək.

Aygün Muradxanlı, musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar