İlk dəfə xəyanətlə üzləşəndə sarsılmışdım. Aylarla özümə gələ bilmədim, toparlanmağım çox çətin oldu. Öyrənəndə ki, dünya əhalisinin 79%-i xəyanətlə üzləşir, sakitləşdim. Başıma gələnlərə, yaşadıqlarıma daha sakit, daha rahat yanaşmağa başladım. Düşünəndə ki, xəyanətə uğrayan böyük çoxluğun içərisindəyəm, üzüm gülməyə başladı. Özümün də xəyanət edənlər arasında olduğumu dərk edəndə isə həyatın aşağı-yuxarı xəyanətlərdən ibarət olduğunu dərk etdim. Xəyanətin mənim qəbul etdiyim iki növü var: fiziki-cinsi və emosional xəyanət. Fiziki xəyanəti, yəqin ki, anladınız. Söhbət sizin sevdiyinizin başqasıyla sevişməsindən, gecə-gündüz onu düşünməsindən, fürsət tapan kimi onunla sekslə məşğul olmasından gedir. Bunu öyrəndikdən sonra qəbul etmək, yaşadıqları ilə barışmaq həm kişi, həm də qadın üçün çox çətindir. Qadınlar elə düşünürlər ki, kişilər xəyanət etməsələr, yaşaya bilməzlər. Kişilər də təxminən, eyni şeyi düşünürlər. Ən dəhşətlisi və təhlükəlisi emosional xəyanətdir. Beynində başqası varkən, qollarının arasında tamam başqasıdır. Hətta seksdən aldığın həzzin zirvəsində olanda beynindəkinin adını qollarının arasındakı adamın qulağına pıçıldayırsan.
Nikah, ailə, birlikdə yaşamaq - bir müddətdən sonra psixoloji, maddi və sosioloji səbəblərdən can sıxıntısına çevrilir. Cütlüklər bir-birindən yorulur, bezir və darıxmağa başlayırlar. Aşiq olduqları adamın əsrarəngiz obrazı gündən-günə adiləşir. Kişilər evliliklərinin birinci həftəsi tamam olar-olmaz başqa qadınları kəşf etməyə, qısacası, xəyanətə meyllənirlər. Qadınlar əvvəllər evliliyin yeddinci ilindən sonra xəyanətə meyllənirdilərsə, indi bu zaman kəsiyi qısalıb. Evliliyin ikinci, üçüncü ilindən xəyanətə meyllənən qadınların sayı sürətlə artır. Bütün sadaladıqlarım mənim beynimin məhsulu deyil, sosial tədqiqatlar nəticəsində əldə edilən rəqəmlərdir.
Kişilərin xəyanətində əsas amil ehtirasdır. İngilis araşdırmaçıları bu qənaətə gəliblər ki, xəyanət edən kişilərin yarısı əks cinsin seksual cazibəsinə aldanır, sadəcə görüntü onları yoldan çıxarır və heç bir duyğusal bağlılıq olmur. Xəyanət edən qadınların əksəriyyəti isə birlikdə olduğu adama başqasına gerçəkdən aşiq olduğu üçün xəyanət edir. Kişilər müxtəlif qadınlarla, qadınlar isə adətən bir kişi ilə xəyanət edirlər. Təbii ki, istisnalar var. Hansı daha qorxuludur? Həyat yoldaşını sevdiyi halda başqası ilə sevişən kişi, yoxsa əri ilə sevişərkən başqasını düşünən qadın?
Tədqiqatlar göstərir ki, xəyanət edilən, ailə həyatı yolunda getməyən qadınların böyük əksəriyyəti qısa müddət ərzində başqa kişilərə aşiq olur.
Mentalitetimiz kişi xəyanəti ilə razılaşsa da, qadının xəyanətini qəbul etmir. Amma faktlar başqa şeyi deyir. Son illər mentalitetimiz qəbul etməsə də, xəyanət edən qadınların sayı getdikcə artır.
İllər öncə, tələbəliyimin ilk illərində "gəlin nömrəsi", "gəlinlə görüşmək" adlı bir fenomenlə tanış oldum. Tələbə tanışlarımın arasında eyni məhəllədən 3-4 evli qadınla sevgi macərası yaşayan gənclər vardı. Gənclər arasında bir-birinə "gəlin nömrəsi" ötürmək dəbi yaranmışdı. Bu xəyanət fenomeni ilə ilk tanışlığımdı.
Rayonların birindən gəlmiş bir tanışım vardı. Universitetin sonuncu kursundaydı. Nişanlıydı. Universitetin bufetində qürurla hansı gəlinlə, hansı şəraitdə görüşdüyünü danışar, bəzən ağlagəlməz macəralar uydurardı. Çoxları ona həsədlə baxırdılar. Çünki yaşadığı evdən qadınların ayağı kəsilmirdi. Yeddi-səkkiz il sonra təsadüfən bir həmkəndlisi ilə rastlaşdım. Eşitdiyim xəbərdən dəhşətə gəldim. Evliliyinin ikinci ilində həyat yoldaşı yaxın qohumuyla ona xəyanət etmiş, tələbə vaxtı "gəlinlərin qənimi" kimi tanınan tanışım arvadını öldürməyə cəhd etdiyi üçün həbsə düşmüşdü.
Qəbul etdik-etmədik, qadın xəyanətlərinin sayı artır. Bunu inkar etmək, razılaşmamaq mümkün deyil. Fiziki xəyanətə cəsarət etməyənlərin düşüncələri başqasının yanındadır.
Ah, bu gizli sevgilər...
Psixoloqlar düşüncədəki xəyanəti bəzən ciddi xəyanət hesab etmirlər. Adətən qohum evliliklərində, ailənin təzyiqi ilə evlənənlərdə, aralarında yaş fərqi çox olan cütlüklərdə bu cür xəyanətə rast gəlinir. Bu daha əzablı, daha faciəvi xəyanətdir.
Emosional xəyanət daha təhlükəlidir. Bu dostluqdan romantik münasibətlərə, gizli sevgiyə keçən münasibətdir. Bəziləri düşünürlər ki, intim münasibətlər yoxdursa, xəyanət də yoxdur. Bu fikri səhv hesab edirəm.
Və sonda...
Bir dəfə xəyanətə alışan insan həyatı boyu bu ekstrimdən, "təhlükəli oyundan" əl çəkə bilmir. Psixoloji olaraq xəyanətə alışır. Xəyanət həyat tərzinə çevrilir. Bəs xəyanətsiz yaşamaq mümkündürmü? Araşdırmalara görə, dünya əhalisinin cəmi 21%-i bunu bacarır...
Cəlil Cavanşir
Milli.Az