Bağçada dərisi soyulan uşaq

16-05-2014, 11:17   
Bağçada dərisi soyulan uşaq
İndi Bakıda uşağı uşaq bağçasına düzəltmək ali məktəbə düzəltməkdən çətindir. Yəni ali təhsillə bağlı məsələ aydındır - imtahandan sonra hüququ çatan, yəni testi qazanan abiturient ölkədəki 150 min tələbədən birinə çevrilə bilər. Amma bağçalarla vəziyyət belə deyil - şəhər üzrə hüququ çatan 4 nəfərdən yalnız 1-i (uşaqların 23%-i) bağçaya düşə bilir. Rəqəm Təhsil Nazirliyinə məxsusdur və hökumətin ölkə üzrə açıqladığı rəqəmlər isə daha dəhşətlidir - 1-5 yaş arasında, yəni bağça yaşında olanların yalnız 14,8%-i bu imkandan yararlana bilirlər. Kənd yerlərində isə uşaqların yalnız 8,1%-i bağçaya gedə bilir.

Ölkə üzrə bağçalardakı uşaq yerlərinin dolma səviyyəsi də 90%-dən yuxarıdır ki, yaranmış durum uşaqlarını bağçaya qoymaq istəyən valideynləri çox çətin vəziyyətə salır. Onlara qəti şəkildə “yer yoxdur” deyirlər. Sonra araya “xeyirxahlar” girir və onların da “rəhm”inin öz qiyməti var. Bu yaxınlarda başına gəlmiş əhvalatı ANS PRESS-ə danışan bir gənc ana uşağını bağçaya düzəldənə qədər çox çətinliklərlə üzləşdiyini söyləyir: “Hansı qapını döydüm, 150-200 manat istədilər. Bir bağçada heç nə demədilər, uşağı götürdülər. Sən demə müdirə pul vermək lazım imiş. Həm də hər uşağa görə ayda 30 manat qeyri-rəsmi pul yığırmışlar. Bir aydan sonra uşağımı bağçadan çıxardı. Getdim-gəldim, alınmadı. Məhkəməyə verdim, uduzdum. Vəkili dedi ki, bu uşaq heç bizim bağçada olmayıb. Sən demə, heç rəsmiləşdirməyiblərmiş”. Qadın uşağını bağçaya İcra Hakimiyyətindəki tanışına müraciət edəndən sonra düzəldə bilib.

Təbii ki, bu cür “yox” cavabı alanların heç də hamısının İcra Hakimiyyətində tanışı olmur və onlar üçün yeganə çıxış yolu kimi özəl bağçalara müraciət etmək qalır. Bu isə seçim imkanlarını xeyli daralıdır. Əyalətlərdə belə bağçalar yoxdur və Bakıda isə cəmi 40 ədəddir. Bu bağçalarda qiymətlərin həddindən yüksək olması adətən valideynləri uzaq durmağa məcbur edir. Bakıda belə bağçalarda aylıq qiymət 600 manatdan 1500 manata qədər dəyişə bilir. Validenylər özəl bağçaların niyə belə bahalı olmasının səbəblərini anlaya bilmirlər.

Kortəbii hesabla qiymətin həddindən yüksək olduğunu düşünürlər. Məntiq sadədir, adətən Bakıda belə bir bağçanın yerləşdiyi binanın aylıq kirayə qiyməti 3 min manatdan baha olmur. Bu hesabla, bütün bağçanın ayıq kirayə pulu bir-iki uşağın hesabına təmin edilir. Bir bağçada isə təxminən 200 uşaq olur və uşaq başına 1,5 min manatdan götürdükdə bu, 300 min manat edər. 200 uşağın aylıq yemək xərci 20 min manatdan. kirayə və kommunlar xərcləri üçün ayda 5 min manatdan artıq xərclənmir. Belə olduqda, məntiqlə bağçanın maaş fondu üçün 275 min manata qədər qalmalıdır. Bağçada hətta məşğələlər ingilis dilində aparılsa, müəllimlər Britaniyadan gətirilsə belə, 20 nəfər işçisi olan bir bağçada tərbiyəçilərin və ya müəllimlərin ayda 15 min manat maaş aldığını heç cür təsəvvür etmək olmur. Tərbiyəçilərə ayda uzağı 1000 manat maaş verilir.

Deməli, belə bağçalarda kimlərsə şişirtikləri reklam xatirinə ifrat gəlir əldə edir və yəqin ki, bu dövriyyə büdcə nəzarətindən kənar gerçəkləşdirilir. Təbii ki, qiymətlərin yüksək olması belə bağçaları uşaqların üzünə bağlayır. İmkanı olan valideynlərin bir az məntiqi olanları da buna getmir və həmin vəsaitdən 2-3 dəfə az pul xərcləyərək uşaqlarına ingilisdilli dayə dəvət edir. Bunun nəticəsidir ki, ölkə üzrə özəl bağçaya gedən uşaqların sayı 2 mindən azdır.

Dövlətə məxsusu məktəbəqədər müəssisələrinə gedən uşaqların sayı isə 110 min ətrafındadır, bunun 80 mini şəhərlərin, 30 mini isə kəndlərin payına düşür. Yəni ölkə üzrə 750 min uşaq bağça yaşında olsa da bu hüququndan istifadə edə bilmir. Kənd uşaq bağçalarında adı qeydiyyatda olan 30 min uşağın da real bağça tərbiyəsi gördüyünə inanmaq çətindir. ANS PRESS-in araşdırmasına görə, kənd yerlərində bağçalar adətən qeyri-normal fəaliyyət göstərirlər, tərbiyəçilər qonum-qonşunun uşaqlarını gətirərək 1-2 saat bağçada oturub geri qayıdırlar. Ya da ümumiyyətlə, maaş alandan alana bağçaya gəlirlər. Beləliklə, ölkə üzrə bağça tərbiyəsi görənlərin sayı cəmi 10% ətrafındadır və 800 minə yaxın uşaq məktəbəqədər tədrisdən məhrumdur.

Təbii ki, Azərbaycanda vəziyyətin bu cür alınmasında rolu olan əsas problemlər sovet illərindən qalıb. 1990-cı ildə Azərbaycanda 2100 bağça var idi və bunların yalnız 900-ü kənd yerlərinin payına düşüb. Ölkə üzrə kəndlərin sayının 4,5 minə yaxın olduğu nəzərə alınarsa, elə həmin illərdə ölkənin 3,5 minə yaxın kəndində uşaq bağçasının olmadığını aydın görmək olar. Amma bəla burasındadır ki, müstəqillik illərində bağçaların sayı artmaq əvəzinə, 500-ə yaxın azaldılıb. Həm də azalma əhalisi gündən-günə artan şəhərlərin hesabına baş verib və 2010-cu ilə qədər 500-ə yaxın uşaq bağçası özəlləşdirilərək təyinatı dəyişdirilib. Bakıda bir çox bağçalar sökulərək yerində göydələnlər tikilib. İndi 2014-cü ildir və Azərbaycanda cəmi 1600 bağça var.

Amma 2014-cü ilin də özünə məxsus trendləri və ölkə qanunvericiliyinə görə, uşaqların hamısı dövlət hesabına məktəbəqədər təhsil müəssisələrindən keçməlidir. Əks halda, uşaqların çağdaş təhsil müəssisələrində oxuması lazımi nəticələr verə bilməz. Dövr dəyişib və məktəbə gedən uşaq artıq müəyyən biliklərə malik olmalıdır. Bağça həm də uşaqların fiziki hazırlığına yardım edrir. Məhz bununla bağlıdır ki, artıq qərb ölkələrində uşaqların 90%-i məktəbəqədər təhsil müəssisələrindən keçir. Rusiyada bu göstərici 60% ətrafındadır və Moskva bunu yaxın bir neçə ilə 75-80%-ə çatdıracağına söz verir. Səbəb də aydındır. Müasir dünyada uşaqların bu cür müəssisələrdə tərbiyə alması onların sosial şəxsiyyət kimi yetişməsinə dəstək verir. Əks halda müasir dünyanın azuşaqlı ailələrində böyüyən körpə eqoizmə düçar olur və özündən başqa heç kimi düşünmür. Yəni bağça bir növ klassik çoxuşaqlı ailələrdəki bacı-qardaş rolunu oynayır və eqoist uşaqların millətin gələcəyi yarada biləcəyi potensial təhlükəni sovuşdurur.

Azərbaycan da bu trendi nəzərə almalıdır və neft gəlirlərinin bir hissəsini qiymətinə görə dünya rekordu qıran körpülərdən qənaət edərək uşaq bağçaları kimi sosial layihələrə yönəltməlidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.