Rusiya sülhməramlıları Azərbaycandan gedirmi?

17-04-2024, 15:30   


"Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib".

Bunu Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırarkən deyib.

"2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər", - H.Hacıyev bildirib.

+++

Kreml Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılmasının başlandığı barədə məlumatları təsdiqləyib.

"Interfax"ın məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Bəli, bu, həqiqətən də belədir" deyib.

Aprelin 16-da sosial şəbəkələrdə Tərtər, Goranboy və Gədəbəy rayonlarında hərəkət etdiyi iddia olunan Rusiya hərbi texnikasının görüntüləri yayılıb. Qeyri-rəsmi mənbələr bildirir ki, Rusiya sülhməramlı kontingenti Azərbaycandan çıxarılaraq Dağıstana gedir.

Amma Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) "Turan"a bildirilib ki, məsələ ilə bağlı, hələlik, açıqlamaları yoxdur.

Müdafiə Nazirliyindən isə agentliyə deyilib ki, görüntülər bugünə aid deyil: "Məlumat olarsa, ictimaiyyətə açıqlanacaq".

Rusiya sülhməramlı kontingenti 2020-ci ildə Azərbaycana gəlib. Ondan əvvəl Rusiya ordusu 1993-cü ildə - Əbülfəz Elçibəyin prezidentliyi dövründə Azərbaycanı tərk etmişdi.



Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona (Laçın dəhlizi və Qarabağda təmas xəttinə) 5 illik Rusiya sülhməramlı kontingenti yerləşdirilib. (onun müddəti tərəflərin razılığı ilə artırıla bilər)

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb. Bundan sonra Rusiya sülhməramlılarının regionda qalma səbəbi mübahisələndirilməyə başlanmışdı.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.