Rusiya səfirliyi vətəndaşlığın verilməsi ilə bağlı yeni məlumat yaydı

21-05-2014, 16:32   
Rusiya səfirliyi vətəndaşlığın verilməsi ilə bağlı yeni məlumat yaydı
Rusiyanın Azərbaycandakı səfirliyi çoxsaylı müraciətlərlə əlaqədar Rusiya vətəndaşlığının verilməsi proseduruna edilən dəyişikliklərlə bağlı məlumat yayıb.

Müvafiq dəyişikliklər Rusiya ərazisində yaşayan və rus dilini bilən əcnəbilər, habelə vətəndaşlığı olmayan şəxslər üçün Rusiya vətəndaşlığına qəbulu qaydalarının sadələşdirilməsini nəzərdə tutur.

Əsas şərtlərdən biri odur ki, həmin şəxslər öz ölkələrinin vətəndaşlığından imtina etməlidir.

Yeni qanun həmçinin özünün ya yaxın qohumlarının vaxtilə Rusiyada, yaxud da Rusiya imperiyası və SSRİ ərazisində yaşamış və rus dilini bilən şəxslərə aiddir.

Xarici vətəndaşın yaxud da vətəndaşlığı olmayan şəxsin rus dilini hansı səviyyədə bilməsi xüsusi komissiya tərəfindən müsabiqə yolu ilə müəyyən edilir. Bu komissiya Rusiya Federal Miqrasiya Xidməti tərəfindən yaradılır.

Əslində bu yeniliklər Azərbaycan əsilli şəxslər üçün nə vəd edir?

Əgər əvvəllər müvəqqəti ya daimi yaşayış icazəsi əsasında Rusiyada yaşayan Azərbaycan vətəndaşı (milliyyətindən asılı olmayaraq) müəyyən illər ötdükdən sonra Rusiya vətəndaşlığını ala bilirdisə, yeni qaydalara əsasən həmin şəxs rus dili daşıyıcısı kimi tanındıqdan dərhal sonra Rusiya vətəndaşlığını almaq üçün müvafiq orqana müraciət edə bilər. Belə olan halda Azərbaycan vətəndaşlığından imtina mütləqdir.

Qanuna edilmiş dəyişikliklər həmçinin Rusiya Federasiyasından kənarda yaşayan, vaxtilə özləri yaxud yaxın qohumları Rusiyada, yaxud da Rusiya imperiyası və SSRİ ərazisində yaşamış və rus dilini bilən şəxslərə Rusiya vətəndaşlığını almaq imkanı verir.

Belə olan halda Azərbaycan vətəndaşı Rusiyaya gəlməli, müvafiq komissiya tərəfindən təşkil olunan müsabiqədən (rus dili bilikləri səviyyəsinin yoxlanılması) keçməli və vaxtilə özünün yaxud yaxın qohumlarının Rusiyada, yaxud da Rusiya imperiyası və SSRİ ərazisində yaşadığını təsdiq edən sənədləri təqdim etməlidir. Rusiya vətəndaşlığını əldə etmək istəyən şəxs lazımi sənədlərin toplanması ilə özü məşğul olmalıdır.

Bütün prosedurlardan uğurla keçəcəyi təqdirdə, Azərbaycan vətəndaşı Rusiyada 3 il müddətinə yaşamaq hüququ verən sənəd əldə edir. Növbəti 2 il ərzində həmin şəxs Rusiya vətəndaşlığına qəbul üçün müraciət etməlidir. Bu halda Azərbaycan vətəndaşlığından çıxmaq mütləqdir.

Rusiya vətəndaşlığının verilməsi proseduruna edilmiş bu dəyişikliklər yalnız Rusiya ərazisində Federal Miqrasiya Xidmətinin orqanları tərəfindən həyata keçirilir.

Rusiyanın xaricdəki konsulluq nümayəndəlikləri isə Rusiya vətəndaşı olmaq istəyən aşağıdakı şəxslərdən müraciətlər qəbul etməkdə davam edir:

ən azı valideynlərdən biri Rusiya vətəndaşı olmalı və Rusiya ərazisində yaşamalı;

SSRİ vətəndaşlığına malik olmuş, SSRİ tərkibinə daxil olan respublikalarda yaşamış və yaşamaqda davam edən, bu ölkələrin vətəndaşlığını almayan və nəticədə vətəndaşlığı olmayan şəxslərə çevrilmiş insanlar

SSRİ tərkibinə daxil olmuş respublikaların vətəndaşları olan, 2002-ci ilin iyulun 1-dən sonra Rusiyanın təhsil müəssisələrində orta yaxud da ali peşə təhsili almış şəxslər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.