Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızının Saray qəsəbəsində qonşusu Xəqani Hüseynovun evini sökdüməsiylə bağlı xəbər vermişdik.
Qəsəbənin Mir Cəlal Paşayev küçəsinin sakini Xəqani Hüseynov AzNews.az-a bildirmişdi ki, yaxınlıqdan villa alan teleaparıcı ona torpaq sahəsini satmağı təklif edib. X.Hüseynov bu təklifi qəbul etməyəndən sonra isə evini söküblər. Bu gün isə məlum olub ki, Xəqani Hüseynova məxsus olan, sökülən evin tikintisinə Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun imzasıyla sərəncam verilibmiş. Həmçinin memarlıq idarəsindən eskiz layihə də təsdiq olunub. Bundn əlavə həmin yerin dövlət qeydiyyatı, yəni "Çıxarış"ı da var. Yəni evin tikintisi üçün hüquqi baxımdan heç bir çatışmazlıq olmayıb.
Şikayətçi deyir ki, icra hakimiyyətinin işçiləri evini sökəndən sonra materialları da daşıyıblar. Həmin vaxt buna etiraz edən Hüseynovun qardaşına isə zor tətbiq edilib, geyimini cırıblar. Hüseynovun bildirdiyinə görə hətta materialların bir qismi icra hakimiyyətini işçiləri tərəfindən satılıb: “Abşeron rayon icra hakimiyyətinin tikinti şöbəsinin rəisi Seymur Məmmədovun Vüqar, Mütalib, Mübariz, Nəsimi və adını bilmədiyim başqa 5-6 işçisi evin materiallarını “Şaqman” markalı yük maşınlarına yığıb daşıdılar. Bir hissəsini yaxınlıaqdakı qonşulara, bir hissəsini isə qəsəbənin ayrı-ayrı yerlərində satıblar. Çevik polis alayını tökmüşdülər ora. Soruşuram ki, niyə belə edirsiniz? Deyir ki, biz əmr quluyuq, get Xoşqədəmlə aydınlaşdır məsələni. Qardaşım etiraz elədi cumdular üstünə, zor tətbiq elədilər, köynəyini cırıq-cırıq elədilər. Xoşqədəmə də zəng vururam telefona cavab vermir”.
Qeyd edək ki, söküntü ilə bağlı icra Hakimiyyətinin verdiyi açıqlamada bildirilirdi ki, ev tikinti qaydalarına uyğun gəlmədiyinə görə sökülüb.
Maraqlıdır, əgər beləydisə, onda niyə tikintiyə rəsmi icazə verilib? Əgər bu, sonrada bəlli olubsa, vətəndaşa dəyən ziyanın axırı nə olacaq?
Bu və ya digər suallara cavabı məsələ ilə bağlı növbəti yazılarda araşdıracağıq.