Qaçqınlar əllərində benzin şüşələri dayanıblar

21-05-2014, 16:51   

“Bakı Metropoliteni” QSC-nin nümayəndələri Binəqədi rayonu, 7-ci mikrorayon, 3126/27-ci məhəllədə yaşayan qaçqınlara xəbərdarlıq edəndən sonra ərazini tərk ediblər.

Virtualaz.org saytının hadisə yerində olan əməkdaşı xəbər verir ki, evlərini tərk etmək istəməyən məcburi köçkünlərə söküntünün gerçəkləşəcəyini bildiriblər: “Metropoliten rəhbərliyi ilə yanaşı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri də əraziyə gəlib. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Süleymanov söküntünün qanun çərçivəsində aparılacağını dedi. Qaçqınlar isə icra başçısının müavininə özlərini yandıracaqlarını söylədilər”.

Əməkdaşımız xəbər verir ki, məcburi köçkünlər intiharı gerçəkləşdirmək üçün əllərində ehtiyat benzib şüşələri saxlayırlar. Onlar “Qaçqınkom” tərəfindən verilən evləri istəmirlər.

Qeyd edək ki, eyni ünvanda yaşayan digər rayonlardan olan sakinlərə kompensasiya ödənilib. Metropoliten “Qaçqınkom”a ev tikintisi üçün külli miqdarda vəait ayırdığını deyir. Komitə isə qaçqınlara ev verdiyini söyləyir.

* * * 12:12

Binəqədi rayonu, 7-ci mikrorayon, 312627-ci məhəllədə evlərini tərk etməyən məcburi köçkünlər bu gün köçürülürlər.

Bu barədə virtualaz.org saytına köçkünlər bildiriblər.

Onların sözlərinə görə, uzun mübarizədən sonra Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov söküləcək evlərinin müqabilində kompensasiya ayırıb: “Binəqədi Rayon İcra Hakimiyyəti evimizlə bağlı sərəncam verdi, hətta vəsait ayrılması üçün Maliyyə Nazirliyinə müraciət edildi. Lakin Tağı Əhmədovun işdən çıxarılması ilə kompensasiya ödənilməsi dayandırıldı”.

Dünən “Bakı Metropoliteni” QSC-nin rəisi Zaur Hüseynovun qəbuluna düşən qaçqınlara kompensasiya ödənilməyəcəyi deyilib: “Yeni rəis dedi ki, Tağı Əhmədov səhv edib. Hətta onun verdiyi sənədlərin saxta olduğunu söylədi. Hüseynov bizə kompensasiya ödənilməyəcəyini söylədi. Bu gün evimizi sökəcəklər. Biz xəbərdarlıq edirik, bu işin sonu ölümlə bitəcək, canımıza qəsd edəcəyik”.

Qeyd edək ki, ərazi “Dərnəgül” Elektrik Deposuna aiddir.

“Bakı Metropoliteni” QSC mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev jurnalistlərə bildirib ki, müəyyən səbəblərdən tikinti işləri müvəqqəti dayandırılmış həmin torpaq sahəsi məcburi köçkünlər və digər mülki şəxslər tərəfindən zəbt olunub. Siyahıyaalma zamanı müəyyən edilib ki, həmin ərazidə 83-ü məcburi köçkünlərə məxsus olmaqla cəmi 217 yaşayış sahəsi var. Orada yaşayan yerli sakinlərə kompensasiya ödənilərək ərazidən köçürmələrinə nail olunub. Məcburi köçkünlərin köçürülməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Məcburi köçkünlərin hər biri mənzillə təmin olunsa da 6 ailə köçməkdən imtina edir.

N.Paşayevin sözlərinə görə, 6 ailənin hər birinin adına Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Mehdiabad qəsəbində mənzil verilib. Lakin məcburi köçkünlər “Bakı Metropoliteni” QSC-dən əlavə olaraq kompensasiya tələb edir.

Metropoliten isə evlərin sökülməsi və tikinti materialların daşınması üçün lazımi köməyi təklif edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.