Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov “Layf nyus” telekanalının jurnalistlərini saxlayan Ukrayna hakimiyyətini hədələyib. “Axar.az” xəbər verir ki, Kadırov bununla bağlı İnstaqram səhifəsində yazıb. “Ukraynanın qeyri-qanuni hakimiyyəti Kramatorsk yaxınlığında “Layf nyus”un jurnalistləri Oleq Sidyakin və Marat Sayçenkonu saxlayıblar. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının baş katibinin müavini Viktor Syumar onları terrorçuluqda ittiham edir. Syumar iddia edir ki, onlar terrorçu qruplaşmalara daxildirlər. ABŞ Dövlət Departamentində deyirlər ki, onlarda rus jurnalistlərinin saxlanılması haqda məlumat yoxdur. Mən Ukrayna xüsusi xidmət orqanlarının vəhşiliyindən və onların sahibi ABŞ-ın ikiüzlüyündən təəssüflənirəm”, - deyə Kadırov yazıb. Onun sözlərinə görə, Ukrayna rəhbərliyi faşist üsullarını hələ də davam etdirir: “Biz Sidyakin və Sayçenkonun dərhal azad edilməsini tələb edirik. Əgər Kiyev fikrini dəyişməsə və jurnalistləri evə buraxmasa biz onların təhqir olunmasına səssiz qalmayacağıq. Bizim jurnalistləri saxlayanlara qarşı istifadə etməyə real qüvvəmiz var. Buna görə də, məsləhət görürük ki, jurnalistləri azad etsinlər, yoxsa biz sərt addım atacağıq”. Qeyd edək ki, “Layf nyus” kanalının jurnalistləri Marat Sayçenko və Oleq Sidyakin mayın 18-də Ukraynın cənub-şərqində saxlanılıblar. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası onlardan daşınan zenit-raket kompleksi götürüldüyünü demişdi.