Məhbus həbsxanadan dəhşət dolu məktub yazdı

22-05-2014, 10:37   
Məhbus həbsxanadan dəhşət dolu məktub yazdı
“Məni dəhşətli xəstəliyə yoluxdurdular”; vəkil baş verənləri təsdiq, aidiyyəti orqan isə inkar edir
11 saylı cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşayan Sadıqov Elmir Əhəd oğlu redaksiyamıza məktub göndərərək, kömək istəyib. O, həbsxanada başına gətirilən müsibətlər barədə aidiyyəti orqanlardan kömək istəyir. Məhbus cəzaçəkmə müəssisəsində ölümlə hədələndiyini və xəstəliyə yoluxdurulduğunu iddia edir.
Şikayətçi Sadıqov Elmir Əhəd oğlunun göndərdiyi məktubun məzmununu təqdim edirik:
“Hörmətli redaksiya, sizə 11 saylı cəzaçəkmə müəssisəsində baş alıb gedən özbaşınalıqlardan yazıram.

Sizdən çox xahiş edirəm, həbsxanada başıma gətirilən müsibətlərin timsalında 11 saylı cəzaçəkmə müəssisəsində baş verən dəhşətli vəziyyəti ictimaiyyətin diqqətinə çatdırasınız. Mən cinayət eləmişəm, cəzamı da almışam və çəkməliyəm. Ancaq mənə cəzamı çəkməyə imkan vermirlər. Burada hər şeyin başında pul dayanır. “Kolon”un rəisi Rasim Bayramov, müavin Şəmsəddin və əməliyyatçı Samir bunun üçün min oyundan çıxırlar. Buradan hər ay yüz minlərlə pul qazanırlar. “Kolon” vəhşi qaydalarla idarə olunan qara bazarı xatırladır. Məni də provokasiyaya çəkmək üçün indiyədək dəfələrlə oyun qurublar. Çalışmışam ki, onların tələsinə düşməyim, ancaq bu da həmişə alınmır. Çünki onlar həm çoxdur, həm də ixtiyar sahibləridir - vəzifələrindən sui-istifadə edə bilirlər. Əllərinin altında yüzlərlə xəbərçiləri var, nə istəsələr edə bilirlər. Bütün oyunların əsas məqsədi pul qazanmaq, bu mümkün olmadıqda isə məhbusu ya sındırmaq, ya da xəbərçiyə çevirməkdən ibarətdir. Burada məhbusa adam balası kimi cəzasını çəkməyə imkan vermirlər. Ya vaxtaşırı haqq verməlisən, ya onların qeyri-qanuni tapşırıqlarını yerinə yetirən işverən olmalısan, ya da səni öldürəcəklər. Burda mənim günümdə olanlar o qədərdir ki...

Burada bütün qeyri-qanuni fəaliyyətlərin, qanunla qadağan edilən bütün işlərin başında adlarını çəkdiyim Rasim Bayramov, Şəmsəddin və Samir dayanır.

Bir məsələni diqqətinizə çatdırım ki, çöldən zona 1 qram da olsun, heç kəs narkotik və s. keçirə bilməz - o dəqiqə tutulur, amma içəridə kiloqramlarla narkotik fırlanır - bəs bunlar müəssisəyə haradan gəlir? Düzdür, bunu kiminsə şəxsinə bağlamaq istəmirəm. Çünki “tutulmamış oğru, xandan, bəydən doğru” olduğu üçün sübut etmək imkanım yoxdur, amma bu, faktdır!

Burada insanlara ağla gəlməyən dəhşətli işgəncələr verilir. Erməni vəhşiliyi, inanın ki, bunlarınkının yanında şükürlü olar! Bura cəzaçəkmə müəssisəsi deyil, əsl faşist konslageridir...!

Mən burada dəfələrlə dəhşətli işgəncələrə məruz qalmışam. Şikayət eləmək mümkün deyil. Çünki edilmiş şikayət ört-basdır edilir və daha dəhşətli işgəncəyə məruz qalırsan. Bir dəfə dolayı yollarla Ədliyyə Nazirliyinə şikayət vermişdim. Müxtəlif təzyiq və hədə-qorxularla şikayəti geri götürməyə məcbur oldum. Ondan sonra daha ağır, qara günlər başladı. Nəticədə məni dəhşətli xəstəliyə yoluxdurdular. İndi artıq dözə bilmirəm, “qaradan artıq rəng yoxdur”, hər yerə şikayət edəcəyəm. Onsuz da məni yoluxduraraq ölümə məhkum ediblər...!

Məni əllərinin altında olan xəbərçilərlə dəfələrlə provokasiyaya çəkdilər. Bir dəfə üzümə bir nəfər durdu ki, guya mən onu deşici alətlə vurmuşam. Yüz faiz bilirdim ki, qurama işdir, arxasında rəis və əlaltıları durur, şərləyib pul qopartmaq istəyirlər. Ancaq yenə də and-aman elədim ki, mənim belə bir işdən xəbərim yoxdur və məndən əl çəksinlər. Fikir vermədilər. Ayrı yolu yox idi. Böyük məbləğdə pul verib, qurtarmalı idim, amma tapa bilmədim. Qardaşıma xəbər göndərdim.

Qardaşım rəislə kabinetində görüşüb, mənim və şikayətçinin də oraya çağırılmasını xahiş etdi. Bizi gətirdilər və qardaşım şikayətçidən soruşdu: “Bu adam sənin harandan vurub?” O, paltarın üstündən yerini göstərdi. Qardaşım təkidlə tələb etdi ki, yaraya baxmaq istəyir. Təkidli tələblərdən sonra şikayətçinin göstərdiyi yerə baxıldı və məlum oldu ki, heç bir yara-zad yoxdur. Amma elə rəis yenə də təkid edirdi ki, “yox ey, belə bir şey olub”.

Bir müddətdən sonra yenə də məni heç bir dəlil-sübut olmadan kimisə bizlə vurmaqda ittiham etdilər. Etirazıma baxmadılar. Qohumlarıma vəziyyət barədə məlumat verməyə qoymadılar. Rəis Rasim Bayramov başda olmaqla, müavin Şəmsəddin, əməliyyatçı Samir, rejim rəisi Kamil və digər bir neçə sıravi əməkdaş mənim əl-qolumu bağlayaraq, üzü üstə yerə yıxdılar, nakişi söyüşlər söydülər və elə dəhşətli fiziki işgəncə verdilər ki, artıq dilim söz tutmurdu. Söyüşlərinə də cavab verə bilmirdim. Ürəkləri soyumadı və məni bizlədilər. Sonra da halsız vəziyyətdə təkadamlıq kameraya saldılar. İki aya yaxın bir müddətdə təkadamlıq kamerada qaldım. Başımdan və daxili orqanlarımdan travmalar almışdım. Günü-gündən halsızlaşırdım.

Ən çox da məni narahat edən məsələ mənə vurulan bizin viruslu olub-olmaması barədə şübhələrim idi. Çünki “kolon”un rəhbərliyində olan bu bandanın əli ilə neçə nəfəri virusa yoluxdurduqları barədə eşitmişdim. Axırda əlacsız qalıb, qardaşımı vəziyyətdən xəbərdar etdim. O mənim dediklərimə inanmasa da, vəziyyətimin yaxşı olmadığını görüb, bir neçə müvafiq instansiyalara yazdı və mənim 18.02.2014-cü il tarixdə xəstəxanaya köçürülməyimə nail oldu. Xəstəxanada ilk qan analizində mənim “hepatit c” virusuna yoluxmam aşkarlandı. Daha dəqiqini bilmək üçün qanım “Neftçilər” xəstəxanasında yenidən analiz (həmçinin “PZR”) edildi və yoluxma təsdiq edildi. Xəstəxanada kurs müalicəmin də başa çatmasına imkan verilmədi və aldığım dərmanlar da qoltuğuma verilərək, 15.04.2014-cü il tarixdə 11 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin tələbi əsasında yenidən “kolon”a qaytarıldım və bir neçə gündən sonra rəisin qondardığı saxta ittihamlarla mühakimə edildim. Məhkəmə sifariş əsasında, qanuni vəkilimin iştirakını təmin etmədən mənim cəzaçəkmə rejimimi ağırlaşdıraraq, 3 il müddətində cəzamın Qobustan qapalı həbsxanasında çəkməyim barədə qərar qəbul etdi.

İndi qardaşım da mənimlə görüşə gələ bilmir, çünki rəis tərbiyəsiz ifadələrlə bildirib ki, “qardaşım bura gələn kimi cibinə şey atdırıb, soxduracaq içəri”...

16.04.2014-cü il tarixdən (məhkəmə günündən 8 gün əvvəl) hüquqlarımın müdafiəsi üçün vəkillə müqavilə bağlansa da, mənim vəkillə görüşməyim üçün Penitensiar Xidmət də uzun müddət icazə vermədi. Onlar istəyir ki, mənim şikayət etmək imkanlarımı məhdudlaşdırsınlar ki, cinayətləri barədə məlumatları kənara çıxara bilməyim. Həm də məni tez başlarından etsinlər ki, sizə dediyim və demədiyim paxırlarını açıb-tökmək imkanım olmasın. Ancaq bilsinlər ki, harada olsam da, onlardan əl çəkən deyiləm, mənim sağlamlığıma qəsd ediblər və buna görə cəzalarını çəkməlidirlər.

Nəhayət ki, vəkilimlə görüşdüm və onların törətdikləri bütün cinayətlər barədə danışdım. Onlar mənim həyatıma qəsd ediblər, bircə yolları var: məni öldürmək! Ona görə də mətbuat vasitəsilə hüquq-mühafizə orqanlarına müraciət edib bildirirəm ki, harada olmağımdan asılı olmayaraq mənim başıma bir qəza gəlsə, bilsinlər ki, sifarişçi və ya təşkilatçıları 11-ci cəzaçəkmə müəssisəsinin rəisi Rasim Bayramov, müavini Şəmsəddin və əməliyyatçı Samirdir".

Məhbus E. Ə. Sadıqov
Tarix: 15.05.2014".
***
Bildiririk ki, bu müraciət redaksiyaya məhkumun yaxın qohumları tərəfindən çatdırılıb.
Buradakı iddialarla bağlı 11 saylı cəzaçəkmə müəssisinin rəisi Rasim Bayramovla əlaqə saxladıq. O, barəsində səsləndirilən ittihamları əsassız sayaraq bildirdi ki, məhbusun psixi xəstəliyi var: “Elmir Sadıqovun qardaşı ilə də bu barədə danışmışam. Onu dəfələrlə xəstəxanaya göndərmişik. Bu adamın psixoloji durumu yerində deyil. İndiyə qədər iki nəfəri bizlə vurub. Çox çalışsaq da, alınmadı. Qardaşının xahişi ilə onu psixi xəstəliyi ilə bağlı xəstəxanaya göndərdim. O, mənə şər-böhtan atmaqla məşğuldur. Müəssisədə ona heç bir işgəncə verilməyib. Biz ona yox, o, məhbuslara biz vurub. Mənim qarşıma şərt qoydu ki, ”məni ya zona burax, ya da başqa yerə “perevod” elə". Zona buraxmaq ixtiyarım olmadığına görə Qobustana göndərdim. Onun şəxsi işində hər şey yazılıb. Dəfələrlə daxili rejim qaydalarını pozub. Məhbuslardan pul yığıldığı barədə də bizə şər-böhtan atır. Onunla bağlı rəhbərliyə də müraciət etmişəm".

Elmir Sadıqovun vəkili Yavər Hüseyn onun işgəncələrə məruz qaldığını təsdiqlədi: “Elmirlə görüş məsələm çox ləngidi. Müraciət etdiyim vaxt görüşə şərait yaratmadılar. Görüşən zaman hiss etdim ki, səhhətində problem var. Sonra məlum oldu ki, həqiqətən onu CM-də incidiblər. Özü də bildirdi ki, onu təqib edirlər, ağır söyüşlərlə təhqir edirlər. O da belə şeyləri qəbul edən insan deyil. Müəssisə rəhbərliyi ilə aralarında mübahisə olub. Dediyinə görə, rəis başda olmaqla, əməkdaşlar onu yerə yıxaraq, əl-qolunu bağlayıb, dəhşətli işgəncə veriblər. Bədəninə deşici alətlə, yəni bizlə xəsarətlər yeridiblər. Onun bədəninə baxdığım zaman həqiqətən işgəncə izləri var idi. Bununla əlaqədar Penitensiar Xidmətin rəhbərliyinə rəsmi müraciət etmişəm. Baş Prokurorluğa da belə bir müraciət hazırlamışam”.

Vəkil Elmir Sadıqovun psixoloji durumunun yerində olduğunu qeyd etdi: “Rəisin baş verənləri inkar etməsi başa düşüləndir. Onu deyə bilərəm ki, Elmirin psixoloji durumunda heç bir problem yoxdur. Onu dəfələrlə cəza kamerasına salıblar. Sonda məhkəməyə onun barəsində təqdimat göndəriblər. Təəssüflər olsun ki, məhkəmə də gələn təqdimatları çox zaman araşdırmadan qərar çıxarır. Təbii ki, Elmir Sadıqov barəsində olunan təqdimatı da təmin ediblər”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.