“İsrail Azərbaycana elə silahlar verir ki...”

22-05-2014, 10:42   
“İsrail Azərbaycana elə silahlar verir ki...”
İki ölkə arasında hərbi ticarət ildən-ilə genişlənsə də, yəhudi analitikə görə, bu, hələ qarşılıqlı imkanların səviyyəsinə cavab vermir...

Hər bir dövlətin müdafiə qabiliyyətinin təmin edilməsində sözsüz ki, onun silahlı qüvvələrinin texniki təchizatı da mühüm önəm kəsb edir. Dağlıq Qarabağ kimi 20 ildən çoxdur həll olunmamış problemi olan, ərazisinin 1/5-i işğal altında qalan Azərbaycan üçün ordunun ən müasir hərbi texnologiyalar və modern döyüş maşınları ilə təchiz edilməsi ikiqat-üçqat əhəmiyyət kəsb edir.

Son illər Azərbaycan bu yöndə əhəmiyyətli dəyişikliklərə imza atıb, hərbi parkımız ən müasir və qabaqcıl döyüş sistemləri, hərbi-hava qüvvələrinə aid vasitələrlə təchiz edilib. Ölkənin silah ticarəti sahəsində çoxmilyardlıq anlaşmaları olan ölkələr isə əsasən İsrail, Rusiya, Ukrayna, qismən də Belarus, son zamanlar isə Türkiyədir (Qərb dövlətləri konfliktin həllinə “maneə yaratmamaq” üçün Azərbaycana hərbi-texniki əməkdaşlığa can atmır).

Onların arasında İsrail məxsusi yer tutur. Ona görə yox ki, iki dövlət arasında silah ticarəti dövriyyəsinin həcmi yetərincə böyükdür, həm də o səbəbdən ki, İsrail Azərbaycana spesifik, yüksək texnologiyalı hərbi avadanlıqlar verir ki, bu da düşmən tərəf üzərində hərbi üstünlüyümüzü keyfiyyətcə daha yüksəyə qaldırmağa şərait yaradır.
Qeyd edək ki, İsrail yüksək hərbi texnologiyalar sahəsində dünya birinciləri sırasında olduğundan, Azərbaycan onunla hərbi-texniki əməkdaşlığı genişləndirməyə meyllidir. Bu, təbii ki, hər iki tərəfin strateji maraqlarına uyğundur. Azərbaycandan ötrü isə üstəlik dünyada, Amerikada ən nüfuzlu olan, dünya siyasətinə təsir imkanlarına malik yəhudi lobbisinin rəğbətini qazanmaq məsələsi var.

Təsadüfi deyil ki, əməkdaşlığın bu səviyyəsindən Ermənistan, erməni diasporu və Rusiya zaman-zaman təlaş keçirdiklərini ortaya qoyublar. Əgər Moskva özünün silah bazarında İsrailə rəqib qismində baxması üzündən təlaşlıdırsa, ermənilər beynəlxalq yəhudi lobbisinin Qarabağ məsələsində Bakının yanında ola bilmə ehtimalından narahatdılar.
Azərbaycan-İsrail əlaqələrinin hazırkı durumunu vesti.az-a şərh edən, İsraildəki “Novosti nedelyi” qəzetinin baş redaktor müavini, yazıçı-publisist Pyotr Lükimson deyir: “İsrail-Azərbaycan münasibətləri son illər sürətlə inkişaf edir. Təkcə onu qeyd etmək yetər ki, ticarət dövriyyəsinin həcminə görə Azərbaycan İsrail üçün postsovet ölkələri arasında üçüncü yeri tutur”.

Güney Qafqazın digər ölkələri ilə əlaqələrdən söz açan təhlilçi İsrailin Gürcüstanla da isti münasibətləri olduğunu bildirərək əlavə edir: “Ermənistanla isə münasibətlər bir sıra səbəblərə görə yumşaq desək, soyuqdur. Birincisi, İsraildə Azərbaycandan və Gürcüstan mənşəlilərin böyük icmaları var. Onlar özlərinin iki vətənlərinin yaxınlaşmasında mühüm rol oynayır. Ermənistan əsillilər isə olduqca azdır və heç bir siyasi-ictimai nüfuza malik deyillər, çünki Ermənistanda yəhudilər ya məhv edilib, ya da zorla xristianlaşdırılıb. Orada heç zaman düzə-əməlli yəhudi icması olmayıb. Tarixi faktor da var: 1915-ci il hadisələrinə görə ermənilərin məsuliyyətin bir hissəsini o zaman Osmanlı hökumətində əhəmiyyətli təmsilçiliyi olmuş yəhudilərin üzərinə atmasını İsraildə yaxşı xatırlayırlar. İrəvanın İranla məlum səbəbə görə sıx əlaqələri də münasibətlərin istiləşməsinə mane olur”.

İsrailin bir çox silah sistemlərinin yaxşılardan, bəzilərinin isə dünyada ən yaxşı olduğunu qeyd edən Lükimson bəzi ilgnc detallardan da danışıb: “İsraildən silah almaq istəyənlər qədərindən çoxdur. Və biz artıq çoxdan müştəriləri özümüz seçirik. Şübhəsiz ki, Azərbaycan tərəfinə verilən bütün bu silah-sursat Bakı üçün həddən artıq vacibdir, çünki bu, ordunuza Ermənistanın işğal elədiyi ərazilərdə situasiyanı izləmək və gələcək mümkün hərbi qarşıdurmaya hazırlaşmağa kömək edir.

Nədən söhbət getdiyini anlamaq üçün bircə şeyi əlavə edim: İsrailin aparıcı hərbi mütəxəssislərindən biri mənimlə söhbətdə deyib ki, İsrail Azərbaycana özünün ən yaxşı silahlarını, hətta Çinə, Rusiyaya, Qazaxıstana və bir sıra başqa ölkələrə satmaqdan imtina elədiyi silahları verir. Onu da o əlavə elədi ki, Azərbaycan silah alış-verişində ölkələrimiz arasında mövcud dostluq əlaqələrindən kifayət qədər yararlanmır. Xırdalamayacağam - ağıllı adamlar nə demək istədiyimizi özləri başa düşəcək...”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.