Daxili İşlər Nazirliyi özünü gülünc vəziyyətə saldı
22-05-2014, 11:09
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində 7 yaşlı uşağın xəsarət alması ilə bağlı yayılan məlumatı Nahid Cavadov özü təsdiqləyib. Dünən sosial şəbəkələrdə yayımlanan kadrlarda II sinif şagirdi məktəbin direktoru Afaq müəllimə tərəfindən döyüldüyünü deyib. Hadisə ilə bağlı Təhsil Nazirliyinin açıqlaması olmuşdu: “Nahid Cavadov internat məktəbinin sanitar qovşağında sürüşərək yıxılıb və alın nahiyəsindən zədə alıb”. Daxili İşlər Nazirliyinin aşıqlaması da buna bənzər olmuşdu: Bugun.az xəbər verir ki, “Qafqazinfo” yenidən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə ilə əlaqə saxlayıb. İki gün əvvəl “Araşdırmalarımız nəticəsində məlum olub ki, ikinci sinif şagirdi olan, 2006-cı il təvəllüdlü Cavadov Nahid bir müddət əvvəl axşam saatlarında qaçarkən yıxılıb. Onuncu sinif şagirdi onu yerdən qaldıraraq tərbiyəçinin yanına aparıb. Alnına yaş dəsmal qoyublar. Gözünün altındakı o qaraltılar da aldığı zədənin nəticəsində yaranıb” - deyən Orxan Mansurzadə internatda baş verən hadisə ilə bağlı bölmədə hələ də araşdırma getdiyini deyib: “Həmin açıqlama ilkin araşdırmanın nəticəsi idi. Biz Təhsil Nazirliyi ilə birgə belə bir açıqlama yaymışdıq. Amma təhqiqat davam edir. Təhqiqatın nəticəsində hadisənin necə baş verdiyi aydınlaşacaq”. Qeyd edək ki, həmin hadisədən sonra DİN və Təhsil Nazirliyin yaydığı açıqlamada həmin şagirdin yıxılaraq zədə alması qeyd olunmuşdu. Dünəndən sosial şəbəkələrdə geniş müzakirələrə və etiraza səbəb olan 7 yaşlı Nahidin görüntülərini bir daha təqdim edirik: