Azərbaycanda insanların həyatını asanlaşdıran bu sistemin keçdiyi maraqlı tarix yolu
““ASAN xidmət” nadir modeldir. Mən hələ belə bir model görməmişdim. “ASAN xidmət” məndə çox böyük təəssürat yaratdı”.
Bu sözləri Avropa Şurasının baş katibi Torbyorn Yaqland mayın 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı “ASAN xidmət” mərkəzində yaradılmış şəraitlə tanışlıqdan sonra müsahibəsində söyləyib. Avropa Şurasının rəsmisi vurğulayıb ki, “ASAN xidmət” bir çox Avropa ölkələri üçün nümunə ola bilər:
“Avropa Şurasının üzvü olan bir çox ölkələr bu sistemdən çox şey öyrənə bilərlər. Bu sistem əhali arasında razılıq hissini daha da artırır. Bu cür ictimai xidmətlərin tətbiqi inkişafın ən vacib və yaxşı modeli hesab olunur, eyni zamanda demokratik cəmiyyət quruculuğunun mühüm tərkib hissəsidir”.
Avropa Şurasının baş katibi korrupsiya ilə səmərəli mübarizədə, şəffaflığın təmin edilməsində “ASAN xidmət”in əhəmiyyətini vurğulayıb.
T.Yaqlandın məlum açıqlamasından sonra hakimiyyət nümayəndələrinin hər fürsətdə haqqında danışdığı, tərif etdiyi “ASAN xidmət”in tarixi, başqa ölkələrdəki modeli ilə bağlı məlumat əldə etmək istədik.
Vətəndaşların bütün kommunal xidmətləri eyni bir yerdən əldə edə biləcəkləri mərkəz nəinki Azərbaycanda, bir çox ölkələrdə mövcuddur. Bunların sırasında Böyük Britaniya, Kanada və Gürcüstan da var. Azərbaycanda “ASAN xidmət” modeli sadaladığımız ölkələrdən sonra yaradılıb.
İnternetdə apardığımız araşdırmalar zamanı bəlli oldu ki, Azərbaycandakı model digər ölkələrdən özünün bir çox incəlik və yenilikləri ilə fərqlənir. Bu isə heç şübhəsiz ki, Azərbaycandakı bürokratik əngəllərin çoxluğu ilə bağlıdır.
Bizə ən yaxın olan ölkənin - Gürcüstanın təcrübəsindən başlayaq. Qonşu ölkədə “ASAN xidmət”ə analoji xidmətin adı “Ədliyyə Evi” adlanır. Burada şəxsiyyət vəsiqəsi, xarici pasport, vətəndaşlıq, yaşayış yeri haqda arayış, müxtəlif növ daşınmaz əmlakın sənədləşdirilməsi, doğum, ölüm haqqında şəhadətnamələr əldə etmək mümkündür. Yəni Gürcüstanın VVAQ, Pasport və Qeydiyyat Baş İdarəsinə, polisə, ayrı-ayrı ədliyyə qurumlarına müraciət etmədən problemləri yoluna qoymaq mümkündür. Gürcüstanda bütün sadaladığımız idarələri 2012-ci ildən “vahid dam altında” birləşdiriblər və ortaya belə maraqlı mənzərə çıxıb.
Xarici ekspertlər hesab edirlər ki, ölkənin rəsmi idarələrində korrupsiya, süni bürokratizm, süründürməçiliyin qarşısını almaq üçün bu sistem ideal sayılır. Bu sistemi formalaşdırmaq üçün bir neçə il Gürcüstanda ölkə əhalisinin vahid baza məlumatları toplanıb. Ölkədə fəaliyyət göstərən bütün dövlət xidmətləri də həmin sistemə qoşulub.
Gürcüstandakı “Ədliyyə Evi”ndə müştəriləri 10 dəqiqədən artıq gözlətmək qadağandır.
Mərkəzləşdirilmiş sistem təkcə ərazi baxımdan yox, əsasən ideya baxımdan ümumiləşdirməni nəzərdə tutur. Bununla da ayrı-ayrı dövlət qurumlarının iş yükü azaldılır, eləcə də insanların vaxta qənaət imkanları ön plana çıxarılır.
Gürcüstanın “ASAN xidmət”i, yəni “Ədliyyə Evi” fəaliyyətə başladığı ilk dövrlərdə Batumi və Tiflis şəhərində olub. Batumidəki “Ədliyyə Evi” bu xidmət üçün ayrılmış binanın birinci mərtəbəsində yerləşir. Xidmət zalı bir neçə hissəyə bölünüb. Burada özünəxidmət, sürətli və nisbətən uzun xidmət üçün xüsusi zallar fəaliyyət göstərir. Burada təxminən 50-yə yaxın əməkdaş işləyir və qəbul üçün gözləmə vaxtı 10-15 dəqiqədən artıq olmur. Bundan artıq gözləmək isə ümumiyyətlə, qadağandır.
Tiflisdəki “Ədliyyə Evi” isə konkret olaraq 2012-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Burada hətta sənədləşdirmə o qədər sürətli və praktikdir ki, vətəndaş maşınından çıxmadan bunu həll edə bilir. Bu sistemi “McDonalds” restoranlar şəbəkəsinin sürücülər üçün göstərdiyi xidmətə bənzədirlər. Həm sürət, həm effekt baxımdan bu iki sistem bir-birini xatırladır.
Məlumat üçün deyək ki, ümumən, Gürcüstanda ilk belə “Ədliyyə Evi” 2011-ci ildə, ölkənin şimal-qərbində yerləşən tarixi vilayət olan Svanetiyada fəaliyyətə başlayıb. Ölkədəki əksər “Ədliyyə Evi”ndə hətta uşaqlar üçün oyun meydanı da var.
Amma bu xidmətin ilkin modeli Kanadada yaradılıb. Böyük Britaniyada isə Kanadadan bir neçə il sonra tətbiq olunmağa başlayıb. Amma sözügedən ölkələrdə “Ədliyyə Evi”, “Vahid sənəd” tipli adlandırılan bu qurumlar o qədər də funksional sayılmır. Buna səbəb həmin ölkələrdə sənədləşmənin aidiyyəti qurumlarda da problemsiz həlli ilə bağlıdır.
Əslində ekspertlər “ASAN xidmət” kimi qurumların korrupsiyaya bulaşmış ölkələrdə çox daha effektli fəaliyyət göstərdiyi qənaətindədir. Prinsip etibarilə onların yaradılmasının məqsədi də ölkədəki korrupsiyanı, süründürməçiliyi azaltmaq olub.
"Yeni Müsavat"