Sərdar Cəlaloğlu müxalifət liderləri ilə görüşəndə özünü təhqir olunmuş hesab edirmiş

23-05-2014, 09:43   
Sərdar Cəlaloğlu müxalifət liderləri ilə görüşəndə özünü təhqir olunmuş hesab edirmiş
ADP sədrinin açıqlamalarına Müsavatdan sərt reaksiya gəldi
ADP sədri Sərdar Cəlaloğlu müxalifət təmsilçilərinin bir araya gəlmələrinin heç bir mənasının olmadığını bildirib. Bu barədə dünən “Yeni Azərbaycan” qəzeti yazıb. Qəzetin yazdığına görə, ADP sədri deyib ki, görüşlərdə heç bir yeni fikir və ideyalar olmur və mənasız keçir. Ona görə də artıq belə görüşlərə qatılmır: “Mən nə İsa Qəmbər, nə də Əli Kərimli ilə görüşmüşəm. Heç görüşmək üçün təşəbbüs də göstərmirəm. Açığını deyim ki, bu görüşlərin heç bir mənası yoxdur”.
Qəzetin yazdığına görə, S.Cəlaloğlu həmçinin “belə görüşlərdə hər zaman özünü təhqir olunmuş hesab etdiyini” bildirib: “Açığını deyim, bir var insan kiminləsə görüşsün, müzakirə aparsın, ideya və fikirlərdə dəyişiklik olsun. Amma bu görüşlərdə heç bir yeni fikir yoxdur, üstəlik, ictimai maraqlar baxımından heç nəyə nail olunmur”.

Yeri gəlmişkən, ADP sədrinin radikal düşərgədəki acınacaqlı durumun səbəbləri ilə bağlı açıqlaması da diqqəti çəkir. S.Cəlaloğlunun qənaətinə görə, müxalifətdə iki lider (Əli Kərimli ilə İsa Qəmbər nəzərdə tutulur) arasında olan şəxsi-qərəzlik, bir-birini qəbul etməmək siyasi müstəviyə, partiyalar arasında rəqabətə çevrilib: “İsa Qəmbər və Əli Kərimli arasında intriqa, bu iki şəxsin bir-birini gözü götürməməsi, bir-birini qəbul etməməsi bugünkü vəziyyətə gətirib çıxarıb”.

ADP sədrinin qənaətinə görə, demokratik düşərgədəki dağınıqlığa, insanların müxalifətdən getməsinə, müxalifətdaxili həmrəyliyin olmamasına, partiyalar arasında dialoqun yoxluğuna görə məsuliyyət AXCP və Müsavatın üzərinə düşür: “Əgər bu gün bu partiyalar özlərini ana müxalifət, ata müxalifət hesab edirsə, deməli, müxalifətin mövcud durumuna görə məsuliyyəti də bu iki partiya daşıyır”.

Sərdar Cəlaloğlunun fikirləri Müsavat Partiyası başqanının müşaviri Səxavət Soltanlını qəzəbləndirib. “Yeni Müsavat”a açıqlamasında S.Soltanlı ADP sədrinə kəskin cavablar verib: “Birincisi, Sərdar Cəlaloğlunun açıqlamasının Yeni Azərbaycan Partiyasının rəsmi orqanı olan qəzetdə dərc olunmasının özü hər şeyi deyir. Artıq Sərdar bəy YAP-ın ulduzuna çevrilib. Sərdar Cəlaloğlu vaxtilə Azərbaycanın müstəqilliyi, sonra isə demokratiya uğrunda mübarizə aparmış şəxs olub. O, həqiqi mübarizə apardığı, YAP ulduzuna çevrilmədiyi dövrlərdə onun yaratdığı ADP ölkənin ən böyük, nüfuzlu partiyalarından biri idi.

Sərdar Cəlaloğlu mübarizəni illərlə bir yerdə olduğu həqiqi müxalifətə, onun İsa Qəmbərə qarşı çevirməyə başladıqdan sonra əvvəlki Sərdar Cəlaloğlu da, əvvəlki ADP də xalqın nəzərindən silinməyə başladı. Artıq bu gün bir faktdır ki, nə əvvəlki Sərdar Cəlaloğlu, nə də əvvəlki ADP var. Onların hər ikisini Sərdar Cəlaloğlu özü məhv etdi. İndi görürsünüz ki, YAP-ın qəzetindən boylanan Sərdar Cəlaloğlu var. Buna görə mənim ona yazığım gəlir. Şəxsən biz vaxtilə İsa Qəmbərlə yan-yana durmağı, görüşməyi özünə şərəf bilən Sərdar bəyin indiki duruma düşməsini arzu etməzdik. Onun indiki durumu bizi ağrıdır. Çünki hər halda, onun demokratiya, müstəqillik uğrunda zəhməti olub.

ADP sədri çox dəqiq bilir ki, Müsavat Partiyasının, İsa Qəmbərin təmsil olunduğu müxalifət birlikləri, iştirak etdiyi seçkilər həmişə seçkilərdə hakimiyyətdən çox səs toplayıb. O cümlədən Müsavatla AXCP-nin birgə yaratdıqları bloklar həmişə seçkilərin qalibi olub. Bu qələbələrin rəsmiləşməməsinin günahkarı Müsavat, İsa Qəmbər yox, hakimiyyət, seçki komissiyaları olub. Bunu bilə-bilə Sərdar Cəlaloğlunun hakimiyyəti kənara qoyub, müxalifət liderlərini günahlandırması onun düşdüyü durumun nəticəsidir. Sərdar bəy kaş bu duruma düşməyəydi. Yaxşı olar ki, Sərdar bəy özünün tutduğu mövqeyə qiymət versin".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.