AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Azadlıq” qəzetinin maliyyə problemi ilə bağlı özünün facebook səhifəsində maraqlı status yazıb. İmkanlı şəxslərin qəzetə yardım etməməsini Fuad Qəhrəmanlı sözün bitdiyi yer kimi xarakterizə edib: “Təsəvvür edin, Röya və ya Aygün Kazımova çıxıb desə ki, 150 min manata ”Maseratti" almaq üçün ona təcili pul lazımdır, imkanı olanlar yardım etsinlər, qısa zaman ərzində “əməli saleh”, “xeyriyyəçi”, “yardımsevər”lər sıraya düzülüb “xalq yolunda fədakarlıq” edib, bu “mühüm” məsələnin həllinə öz “müqəddəs” töhfələrini verərlər.
Ancaq bu rejimin yalanlarını, saxtakarlıqlarını ifşa etdiyinə görə hər cür məhrumiyyətə, basqılara məruz qalan və bu üzdən də satışdan gələn pullarını ala bilməyib borca düşən “Azadlıq” qəzetinin bağlanmaqla bağlı harayını həmişə meydanlarda olan insanlardan başqa kimsə eşitmir. Sözün bitdiyi yer...."
Onu da qeyd edək ki, artıq “Azadlıq”ın baş redaktoru Qənimət Zahid növbəti dəfə ictimaiyyətə qəzetə kömək üçün müraciət eləyib.