Qətibə Əsədova Abşeronun icra başçısının əliylə posta gətirilibmiş, Nahid Cavadovun döyülməsi isə onun ilk «əl işi» sayılmır. Məlum olduğu kimi, Suraxanı rayonu ərazisində yerləşən 7 saylı internat məktəbində təhsil alan Nahid Cavadovun döyülməsi məsələsi ortalığı qarışdırıb. İlk olaraq Təhsil və Daxili İşlər nazirlikləri açıqlama verərək, 8 yaşlı uşağın yıxıldığını iddia etsələr də, ortaya çıxan ikinci videogörüntülər tamam başqa mətləblərdən xəbər verdi. Nəticədə, işlə bağlı bütün materiallar toplanaraq, prokurorluğa araşdırılması üçün göndərilib. 7 saylı internat məktəbi və onun rəhbərliyi ilə bağlı bəzi maraqlı araşdırmalar aparılıb. İlk olaraq bildirək ki, bu məktəbin başı bəlalıdır və təkcə 2011-2012-ci ildə internatın rəhbərliyi iki dəfə dəyişilib. Həmin dəyişikliklər isə orata saxlanılan uşaqlara verilən işgəncələr olub. Belə ki, Telman adlı direktorun zamanında ortaya çıxan fotogörüntülərdən də açıq şəkildə aydın olurdu ki, əqli cəhətdən zəif olan uşaqlara işgəncələr verilir və onlar incidilir. 2012-ci ilin əvvəlində isə Telmanı Qətibə Əsədova əvəzləyib. Bu şəxs qeyd olunan posta təyinat alana qədər Şağan qəsəbəsindəki 3 saylı Əqli və Fiziki Cəhətdən Qüsurlu uşaqların İnternat evinə rəhbəri olub. Bu barədə bir qədər sonra. Qətibə Əsədova özünün qəddarlığı və adamincitməyi ilə ad çıxarmış biri kimi tanınır. Hələ 2012-ci il fevralında ortaya çıxmış qalmaqallı məsələ ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdu ki, bu xanım 70 yaşlı Vova adlı yetimi küçəyə atmaqla yanaşı, həm də əqildən qüsurlu olan uşaqların ərzaqlarını belə əllərindən almaqdadıdr. Həmin vaxt ortaya çıxan qalmaqallardan biri 2,5 ton ətin aqibəti, internatda məskunlaşmış uşaqların işgəncələrə məruz qalması ilə bağlı olub. Belə ki, həmin dönəmdə sözügedən məktəbdə 130-a yaxın uşağın aclıq çəkdiyi xəbəri ortaya çıxmışdı. Halbuki Heydər Əliyev Fondu tərəfindən himayəyə alınmış bu internatın ərzaq və geyim sarıdan həqiqətən də problemi olmayıb. Üstəlik, Saray qəsəbəsində və ora yaxın ərazilərdə yaşayan insanlar kəsdikləri qurbanları, dedikləri nəzirləri və niyyət etdikləri ehsanları da məhz bu məktəbə gətirirmişlər. Lakin Qətibə Əsədovanın «fərasəti» sayəsində onları nə görən, nə də bilən olub. Balaca körpələrin uşaq bezləri ilə təmin olunmasına gəldikdə isə bu sahədə internatın rəhbərliyi hələ orta əsrlərdə qaldığı vurğulanırdı. Çünki orada dilsiz-ağılsız və xəstə uşaqları yalnız adi parça ilə sarıdıqları qeyd olunurdu. Qətibə Əsədovanın bu qədər rahat və əminliklə hərəkət etməsi isə səbəbsiz olmayıb. JAM.AZ-ın araşdırması nəticəsində məlum olub ki, 8 yaşlı uşağın döyüldüyü internatın direktoru Abşeronun icra başçısı Zakir Fərəcovun qudasıdır. İcra başçısının himayəsi altında fəaliyyət göstərən sözügedən şəxsin hələ Şağanda işləyərkən də köməyinə Fərəcovun çatdığı deyilir. Belə ki, Əsədova hələ Şağanda işləyən zaman da uşaqları incitdiyinə, onlara çatacaq ərzaqları mənimsədiyinə görə, bir dəfə prokurorluq orqanlarına düşüb. Lakin Abşeronun icra başçısının işə qarışmasından sonra problem həllini tapıb. Son bilgilərə görə, 7 saylı İnternatın direktoru Qətibə Əsədova işdən çıxarılıb. Hərçənd onun uzun müddət işsiz qalacağı da inandırıcı deyil. Çünki Zakir Fərəcov tezliklə ona yeni iş tapmış olacaq. Bu əsnada onu da xatırladaq ki, sözügedən internat Təhsil Nazirliyinin deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansındadır. Yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.