Eksperimental Xəstəxanada şok rüşvət faktı– Gizli səs yazısı

23-05-2014, 16:05   

Azərbaycanda tükürpədici həkim cinayəti baş verib. Mayın 21-də "Avropa.info"ya açıqlama verən İmişli şəhər sakini Sadiq Abbasov ondan 1 yaşlı qardaşı qızı Tənzilə Abbasovanın əməliyyatı üçün Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində həkim işləyən Elnur İmanov tərəfindən 4000 manat pul istənildiyini bildirmişdi. Sadiq Abbasov bildirib ki, qardaşı qızı Tənzilə Abbasova anadangəlmə ürək-damar çatışmazlığından əziyyət çəkir. Mayın 19-da valideyinləri kiçik Tənziləni Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində müayinədən keçiriblər. Bundan sonra müayinə həkimi, uşaq kardioloqu Elnur İmanov körpənin 15 gün ərzində təcili əməliyyat olunmasını və bu əməliyyat üçün ona 4000 manat ödənilməsini istəyib. Ailənin imkansızlığını "nəzərə" alan həkim son qiymət olaraq onlara 3300 manat deyib. Məsələ ilə əlaqədar açıqlama verən Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli istisnasız olaraq bütün dövlət xəstəxanasında xidmətin pulsuz olduğunu demişdi: "Xüsusilə də kiçik yaşlı uşaqlar üçün ürək-damar çatışmazlığı ilə bağlı bütün əməliyyatlar pulsuzdur. Həkim Elnur İmanov əgər həmin 1 yaşlı xəstədən pul istəyibsə, qələt edib. Biz bu məsələni araşdıracağıq". Lakin görünür, Səhiyyə Nazirliyinin, Anar Qədirlinin təbirincə desək, qələt edən həkimi ya nazirliyi saya salmır, ya da ... Bu gün 1 yaşlı ağır xəstə Tənzilənin valideynləri "Avropa.info"nun əməkdaşı ilə birlikdə Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində olublar. Səhiyyə Nazirliyinin məlum açıqlamasından sonra körpənin əməliyyat olunacağı fikri ilə Mərkəzə gələn valideynlər növbəti dəfə həkim vicdansızlığı ilə qarşılaşıblar. 1 yaşlı Tənzilədən əməliyyat üçün 4000 manat pul istəyən Elnur İmanov ümumiyyətlə xəstənin valideynlərini qəbul etməyib. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin uşaq cərrahiyyə şöbəsinin müdiri Elnur Həsənov səhhəti kritik həddə olan 1 yaşlı körpəni əməliyyat etməkdən imtina edib. Sözün əsl mənasında adı dırnaq arasında keçməli olan "həkim"in əməliyyatdan imtina etməsi üçün "səbəbi" də varmış. Şöbə müdiri açıq şəkildə 1 yaşlı Tənzilənin valideynlərini mətbuata müraciət etdikləri üçün cəzalandırdığını bildirib. Söhbətdən kiçik bir hissəni təqdim edirik: "O adamın hərəkəti nakişilikdir (1 yaşlı Tənzilənin əmisi Sadiq Abbasovu nəzərdə tutur - red). Biz ondan soruşduq ki, nəyə imkanın çatır? Bütün bunlardan sonra o fikirləşir ki, mən onun uşağını əməliyyat edəcəm? Xaricdən bura həkim gələndə əməliyyat edərlər. Biz etməyəcəyik" (Həkimin dediklərinin audio yazısını aşağda dinləyə bilərsiniz - red). Bundan sonra Səhiyyə Nazirliyinə gedən valideynləri nazirliyin heç bir rəsmisi qəbul etməyib. Sadəcə şikayət ərizəsi almaqla kifayətləniblər. Ürək-damar xəstəliyindən əziyyət çəkən 1 yaşlı Tənzilə Abbasovanın səhhəti isə kritik həddədir.
[media=http://www.youtube.com/watch?v=5pT6ZHtEuIE]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.