AŞPA prezidenti Azərbaycan iqtidarını sərt tənqid etdi – Oqtay Əsədov qəzəbləndi

23-05-2014, 16:08   
AŞPA prezidenti Azərbaycan iqtidarını sərt tənqid etdi – Oqtay Əsədov qəzəbləndi
Ann Brassör: “Avropa Məhkəməsi İlqar Məmmədovun həbsinin qanunsuz olduğunu qərar verib. Onun həbsinin arxasında duran səbəb onu susdurmaq, cəzalandırmaqdan ibarət olub”; Azərbaycanın spikeri: “İlk çıxışdaca hücuma keçdiniz”
Bu gün Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclası işə başlayıb. İclas Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilən ilk rəsmi tədbirdir.
İclasda iştirak edən musavat.com müxbiri bildirir ki, ilk olaraq AŞPA-nın Prezidenti Ann Brassör çıxış etdi. O, iclasın Bakıda keçirilməsinə, həmçinin qonaqpərvərliyə görə Azərbaycan nümayəndə heyətinə təşəkkürünü bildirdi. “Avropa Şurası Nazirlər Komitəsində sədrliyə keçməsi münasibətilə Azərbaycanı təbrik edirəm. Bu həm AŞ, həm də üzv dövlətlər, həm də Azərbaycan üçün çətin dönəmdir”.
A.Brassör bildirdi ki, Ukrayna məsələsi AŞPA-nın gündəmindədir. Ukraynada seçkilər keçiriləndən sonra AŞPA bir daha bu məsələyə qayıdacaq. “Ərazi bütövlüyünə hörmət fundamental bir prinsipdir. Assambleya bunu təkcə Ukrayna deyil, Azərbaycana münasibətində də nümayiş etdirib. AŞ-nin bütün təsisatları Avropa dəyərlərinə sadiq qalmalıdır. Ukrayna və Azərbaycan bu problemlə üzləşən yeganə ölkələr deyil. Dondurulmuş təhlükələr böyük təhlükə yaradır”.
AŞPA prezidenti bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı AŞPA öz prinsipial mövqeyini nümayiş etdirib, ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib. Azərbaycan və Ermənistan öz üzərinə öhdəlik götürüb ki, münaqişəni yalnız dinc yolla həll edəcəklər. AŞPA bu məsələdə tərəfləri dəstəkləməyə hazırdır”.
A.Brassör insan hüquqları sahəsində Azərbaycanda mövcud olan problemlər haqqında danışdı. Onun sözlərinə görə, AŞPA-nın İnsan haqları komissarının son hesabatından sonra Azərbaycanda ifadə azadlığı, sərbəst toplaşmaq azadlığı sahəsində vəziyyət daha da pisləşib: “Bu məsələlərlə təcili məşğul olmaq lazımdır. Məhkəmə sisteminin müstəqilliyi çox önəmli məsələdir. AŞ Azərbaycanda məhkəmələrin ədalətli keçirilməsi ilə bağlı da narahatlığını bildirib. Bloggerlər, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları əksər hallarda təqiblərə məruz qalırlar. Üzv olan dövlətdə belə halların baş verməsi narahatlıq doğurur”.
AŞPA rəhbəri bildirdi ki, prezident İlham Əliyevlə görüşü zamanı bu məsələlərdən danışıb, həbsdə olan İlqar Məmmədovla görüşmək istədiyini bildirib: “Mən bu görüşdə təkid edəcəyəm. Əgər onlar həbsdə qalarsa, mən görüşə nail olmağa çalışacağam. Nəyə görə “qalarsa” deyirəm? Çünki dünən Avropa Məhkəməsi İlqar Məmmədovun həbsinin qanunsuz olduğunu qərar verib. Onun həbsinin arxasında duran səbəb onu susdurmaq, cəzalandırmaqdan ibarət olub. İnanıram ki, bu qərar onun azadlığa çıxmasına səbəb olacaq”.
A.Brassör qeyd etdi ki, bu cür problemlərin birlikdə həllinə nail olmaq lazımdır.
“Problemlər haqqında danışmalıyıq, həll yollarını birlikdə tapmalıyıq. Mən bunu təkidlə qeyd edirəm. Ümid edirəm ki, Azərbaycanda hakimiyyət dairələri təcili, konstruktiv şəkildə həll edəcəklər.
AŞPA prezidenti, Assambleyanın sədr müavininin vizasının ləğvi məsələsindən də danışdı. O, dedi ki, onların toxunulmazlığı var: “Üzv dövlətlər onların hərəkət azadlığını öz üzərilərinə götürüblər. Dünən Büro qəbul edib ki, iki il ərzində komitə iclasları Bakıda keçirilməyəcək. Mən belə hadisənin baş verməsindən təəssüflənirəm. Amma biz öz prinsiplərimizə sadiq qalmalıyıq”.
İlk sözü Milli Məclisin sədrinə yox, XİN başçısı Elmar Məmmədyarova verən prezident ardınca bir neçə dəfə üzrxahlıq etdik. Sonra söz alan spiker Oqtay Əsədov dedi ki, çaşqınlıq başa düşüləndir: “Siz elə ilk çıxışınızda hücuma keçdiniz”. Rəsmi Bakının öhdəliklərinə sadiq qaldığını bildirən spiker Azərbaycanın təcavüzə məruz qalmasına beynəlxalq aləmin adekvat reaksiya verməməsindən təəssüfləndiyini ifadə etdi. O. Əsədov Ermənistanın Azərbaycan torpaqlarını 1992-ci ildən işğal altında saxladığını bildirdi: “Təəssüf ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmayıb. Azərbaycan işğal olunmuş ərazilərə icazəsiz gedən şəxsləri “persona non qrata” elan edib və bu barədə bütün beynəlxalq təşkilatlara müraciət gedib. Təəssüf ki, AŞPA-da son qərar verilib”.

Spiker qeyd edib ki, AŞPA qaçqın və köçkün problemlərinə xüsusi diqqətlə yanaşmalıdır: “Ermənistan Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib. ATƏT-in Minsk qrupunun fəaliyyəti 20 ildir nəticə verməyib. Ancaq Ermənistana qarşı hər hansı sanksiya tətbiq edilməyib. Buna görə də Ermənistan üzərindən işğal olunmuş torpaqlarımıza gedən şəxslər “persona non-qrata” elan edilib. Rene Rukeyə viza verilmədiyinə görə AŞPA Bürosu qərar verib ki, iki il ərzində AŞPA-nın komitələrinin Bakıda iclası keçirilməsin. Bu qərar hələ prosedur mərhələsindədir. Ümid edirəm ki, AŞPA Azərbaycanın prinsipial mövqeyini anlayışla qarşılayacaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.