Avropalı deputatlar Elmar Məmmədyarova suallarla divan tutdu – nazir əsəbiləşdi...

23-05-2014, 16:09   
Avropalı deputatlar Elmar Məmmədyarova suallarla divan tutdu – nazir əsəbiləşdi...
“Azərbaycan nə vaxt bu qətnaməyə əməl edəcək və rəsmi Bakı nə zaman 18 vicdan məhbusunu azadlığa buraxacaq?”; " Sizin İlqar Məmmədovla bağlı məhkəmənin çıxardığı qərara münasibətiniz nədən ibarətdir və icrasını necə görürsünüz?” ...

Milli Məclisdə gərgin müzakirələr və diskussiyalar davam edir. Musavat.com-un iclası müşahidə edən müxbiri yazır ki, AŞPA üzvü olan deputatlar ən çox Azərbaycanda insan haqları, demokratiya və siyasi məhbuslarla bağlı suallara cavab istəyir. Suallara isə XİN başçısı Elmar Məmmədyarov cavab verir.
AŞPA parlamentarisi İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qəbul etdiyi qərarı xatırlatdı ardınca sual etdi: “Azərbaycan nə vaxt bu qətnaməyə əməl edəcək və rəsmi Bakı nə zaman 18 vicdan məhbusunu azadlığa buraxacaq?”

Növbəti AŞPA üzvünün sualı da insan hüquqları ilə bağlı oldu: “Azərbaycan könüllü olaraq 15 il öncə AŞ qarşısında öhdəliklər götürüb. Azərbaycan tarixində ən uğurlu bir məqamdır ki, bu öhdəliklərə əməl etsin. Bu, həm Azərbaycanın xeyrinə, həm də Avropa insanları üçün böyük əhəmiyyət kəsb edir”.

E.Məmmədyarov: “Əlbəttə ki, bizim öhdəliklərimiz var və onlara əməl edəcəyik. Ancaq BMT-nin əsas orqanı 4 qətnamə qəbul edib, lakin buna əməl olunmayıb”. İ.Məmmədovla bağlı qərara gəldikdə XİN başçısı dedi ki, onunla bağlı konkret söz deməsi məhkəmənin işinə qarışmaq olardı: “Məhkəmə bu barədə qərarını verəcək“.

XİN başçısı Madrid prinsipləri ilə bağlı sualı da cavablandırdı: “Madrid təklifləri çox realist təkliflər idi. Başqa şəkildə biz birlikdə, qonşuluq şəraitində bir yerdə yaşaya bilərik. Amma ən böyük problem Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərində mövcud olmasıdır. Ona görə də Madrid prinsiplərində göstərilib ki, ətraf 7 rayon azad olunsun. Eyni zamanda kommunikasiyalar bərpa olunsun, yatırım qoyulsun, insanlar evlərinə qaytarılsın. Erməni silahlı qüvvələrinin burada olması qıcıqlandırıcı amildir. Özü də bu, dondurulmuş münaqişə deyil”.
Növbəti deputatdan da sərt və konkret sual gəldi: “Hansı konkret tədbirlər görüləcək ki, insan hüquqları müdafiəçiləri və vətəndaş cəmiyyəti üzvləri ölkənizdə təhlükəsiz fəaliyyət göstərsinlər?” Ardınca: “Çoxsaylı etnik azərbaycanlıların yaşadığı İrandakı cari vəziyyəti və münasibətlərin yaxşılaşdırılması ilə bağlı siz nə düşünürsünüz”, - sualına cavab istəniləndə E.Məmmədyarov “siz mənə XİN başçısı, yoxsa AŞPA Nazirlər Komitəsinin sədri olaraq sual veribsiniz”, deyə sual etdi. Bunun qarşılığında “Siz bir vəzifəni qoyub digərinə keçməmisiniz ki? XİN başçısı kimi”, - deyən AŞPA deputatının sərt reaksiyası ilə qarşılaşdı. Onun cavabı: “Biz öhdəliklərin çox böyük hissəsini yerinə yetirmişik, sadəcə biri qalıb, Ermənistanla münaqişə məsələsi”, deyə E.Məmmədyarov bidlridi.
İranla bağlı suala gəldikdə, R.Məmmədyarov dedi ki, İranda Azərbaycan Respublikasında yaşayan əhalidən 3 dəfə artıq azərbaycanlı yaşayır. XİN başçısı 5+1 prosesi ilə bağlı danışıqların elə də sürətlə getmədiyini vurğuladı.
Cənab Şveber də tikanlı danışdı: “Əgər bu qonaqpərvərlik AŞPA-nın bütün üzvlərinə şamil edilsəydi... Ştrasserə də Azərbaycana sərbəst səfər etmək hüququ verilməmişdi. Məni insan hüquqları, jurnalistlərə qaşı münasibət, 8 gənc bloggerə, QHT-lərə qarşı münasibət çox narahat edir. Sizin İlqar Məmmədovla bağlı məhkəmənin çıxardığı qərara münasibətiniz nədən ibarətdir və icrasını necə görürsünüz?”
Digər deputat “Çərşənbə günü axşam mən həbsxanaya gedib İlqar Məmmədovla görüşmüşəm. Yəni buna icazə verilir”, - dedi. Ardınca Qarabağ məsələsi haqda sual etdi: “Sizin ölkə zəngin bir ölkədir. Elə isə xahiş edirəm deyin, Ermənistanın işğalının arxasında nə dayanır?”
E.Məmmədyarov sualları cavablandırdı: “Biz ölkəmizə aid olan, lakin işğal altına alınmış əraziyə guya dövlət imiş kimi qanunsuz səfər edən şəxsləri dəstəkləyə bilmərik. İlqar Məmmədovun işinə gələndə, siz XİN başçısı olaraq mənim çiynimə yük qoymaq istəyirsiniz ki, mən hüquqi prosedurlara müdaxilə edim. Xeyr, mən heç vaxt buna getməyəcəyəm. Bu prosedur hüquqi yolla həll olunmalıdır”.
Münaqişənin arxasında kim dayanır sualına gəldikdə, XİN başçısı qeyd etdi ki, kimin bunun arxasında dayanıb-dayanmadığını müzakirə etməyə ehtiyac görmür: “Qaranlıq otaqda qara pişik axtarmağa dəyməz. Düşünürəm ki, Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü danışıqlar mövzusu deyil, ola da bilməz”.
Enerji məsələsinə gəldikdə E.Məmmədyarov “45 milyard dollar və 30 min iş yeri Avropa üçün yaxşıdır, ya pisdir. Buna Avropa özü cavab verməlidir”.

E.Məmmədyarova Krım məsələsi, Ukrayna ətrafındakı vəziyyətlə bağlı da suallar verildi. Deputatlardan biri “mən inanmıram ki, Krım Ukraynaya qaytarılacaq” dedi. E.Məmmədyarov münaqişənin həlli yolu ilə bağlı mövqeyini ifadə etdi. Bildirdi ki, ilk öncə yaxınlaşmanın olması çox böyük əhəmiyyət kəsb edir.

AŞPA prezidenti dedi ki, bizim Strasburqda da bu müzakirələri davam etdirmək imkanımız olacaq. Ümid edirəm ki, sədrliyiniz dövründə islahatlarla bağlı mühüm addımlar atılacaq.
AŞPA prezidenti “əgər insanlar həbsxanadadırlarsa, mən istərdim gəlib onlarla görüşüm, ancaq ümid edirəm ki, buna ehtiyac olmayacaq” deyə, daha bir sərt, diplomatik mesajını verdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.