“Amerika yaxşıdır, yoxsa Rusiya?”

23-05-2014, 16:10   
“Amerika yaxşıdır, yoxsa Rusiya?”
Bu sualı verdiyimiz Bakı sakinlərindən ilginc cavablar aldıq; Rusiya heç də Amerikaya uduzmur...
Azərbaycan ictimai rəyində “Rusiya amili” həmişə mühüm rol oynayıb. Kimlərsə şimal qonşumuzu “xilaskar”, kimlərsə “düşmən” kimi görüblər. Azərbaycan isə, rəsmi kursa əsaslansaq, Avro- Atlantik məkana inteqrasiya yolunu seçib. Üstəlik, Azərbaycan müxalifətinin böyük əksəriyyəti də bu istiqamətin tərəfdarıdır. Azərbaycan qonşu ölkələrin təzyiqindən xilas olmaq üçün Vaşinqton ilə sıx əməkdaşlıq niyyətində olduğunu da dəfələrlə bəyan edib. Lakin son zamanlar açıq-aydın şəkildə Rusiyaya meyllənmək hiss edilir. Bir sıra iddialara görə, rəsmi Bakı artıq Rusiya ilə anlaşıb və bundan sonra onun yönümü Moskva səmtinə olacaq. Son günlər Qərb ölkələri, eləcə də Amerika ilə münasibətlərin gərginləşməsinə də bu seçimin səbəb olduğu da iddialar arasındadır.

Belə bir vaxtda biz də paytaxt sakinləri arasında “Amerika yaxşıdır, yoxsa Rusiya” mövzusunda kiçik bir sorğu keçirdik. Cavablar müxtəlif oldu. Rəyi soruşulan soydaşlarımızdan kimisi “Rusiyaya daha yaxın olmalıyıq” deyə fikir bildirdi, kimisi isə hər iki dövlətin heç birinin bizim üçün bir əhəmiyyəti olmadığını söylədi.
Paytaxt sakini Elçin Nuriyev heç bir dövlətin Azərbaycan üçün yaxşı olmadığını dedi: “Nə Rusiya nə də ki, Amerika bizim üçün yaxşı deyil. Çünki hər ikisinin öz maraqları var. Hər iki dövlət fərqli olsa da, eyni ideologiyaya- massonların ideologiyasına xidmət edir”.
Teymur Həsənli isə hər iki dövlətin yaxşı olduğunu bildirdi: “Rusiya bizimlə qonşudur. Bu dövlətlə münasibətlərimizi heç vaxt pisləşdirməməliyik. Amerika ilə də əlaqələrimizi getdikcə yaxşılaşdırmaq lazımdır”.
Digər paytaxt sakini Ənvər Məmmədov isə: “Harada yaşayırıqsa elə ora da yaxşıdır”, - cavabını verdi: “Bizə görə hər iki dövlət yalnız gəzmək üçün yaxşıdır, yaşamaq, ya dostluq etmək üçün yox”.
Kənan Allahverdiyev isə Rusiyanın daha yaxşı olduğunu dedi: “Mən Rusiyada oxumuşam. İstərdim ki, Rusiya ilə daha yaxın olaq. Ora çox gözəl yerdir”.
Digər paytaxt sakini Aydan Ağayeva da Rusiyanın daha yaxşı olduğunu dedi ancaq nəyə görə məhz Rusiyanı seçdiyini izah edə bilmədi.
Solmaz Zeynalova isə Amerikaya daha yaxın olmalıyıq deyə bildirdi: “Siyasi baxımdan biz Amerikaya yaxın olmalıyıq. Çünki o, bizim tərəfimizdə durur. Torpaqlarımızın geri qaytarılması uğrunda mübarizə aparır. Rusiyası isə yox”.
Paytaxt sakini Arif Quliyev də Rusiyanın yaxşı olduğunu dedi: “Rusiyanın sərhəddi, dili, iqtisadiyyatı bizə yaxındır. Ona görə də biz Rusiya ilə həmişə yaxın olmalıyıq”.
Digər sakin Məmməd Səlimov isə Amerika uzaq olduğu üçün Rusiyanın daha yaxşı olduğunu dedi: “Bizə Amerika lazım deyil. O bizə çox uzaqdır. Rusiya daha yaxşıdır. Biz onlarla bir yerdə yaşamışıq. Biz ruslardan dərs almışıq, onlar bizə savad verib. Onların təhsilini alan ziyalılarımız gedib Türkiyədə dərs deyir. Amerika bizə heç nə öyrətməyib”.
Tələbə olduğunu deyən Tərlan isə heç bir dövlətə yaxın olmamağımızı, ancaq dövlət kimi Amerikanın yaxşı olduğunu bildirdi.
Vahid Mürsəlov isə Rusiyanın daha yaxşı olduğunu, azərbaycanlıların əksəriyyətinin Rusiyada işlədiyini nəzərə alaraq “bu dövlətlə daha yaxın olmaq lazımdır”, deyə bildirdi.

Görünən budur ki, azərbaycanlılar hələ də birmənalı qərara gəlməyiblər; cəmiyyətdə iki nəhəng dünya dövləti ilə bağlı yekdil rəy yoxdur.
[media=http://www.youtube.com/watch?v=x9c0mG17Q_E]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.