Ukraynada bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Prezident kürsüsü uğrunda 21 namizəd mübarizə aparacaq. Prezident seçilmək üçün ən real namizədlər “Batkivşina” partiyası tərəfindən irəli sürülən, bir müddət əvvəl həbsdən azad edilən sabiq baş nazir Yuliya Timoşenko, sahibkarlar Pyotr Poroşenko və Serqey Tiqipko hesab edilir. Seçkilər zamanı asayişi 65 min milis işçisi, 15 min Fövqəladə Hallar Nazirliyi əməkdaşı və 17 min könüllü, Milli Qvardiya əsgərləri və hərbi məktəblərin kursantları qoruyacaq. Ukraynanın Baş naziri Arseniy Yatsenyuk ötən gün çıxışında qeyd edib ki, Ukraynada mütləq qanuni yolla seçilmiş prezident olacaq və o, ilk səfərini Avropa Birliyinin paytaxtına edərək, nəhayət, Avropa Birliyi ilə azad ticarət zonası haqqında müqaviləyə imza atacaq. Seçkiləri 3607 müşahidəçi izləyəcək. Ukrayna Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərin sayı təxminən 35,5 milyon nəfər təşkil edir, onlar ölkə üzrə 33,6 min seçki məntəqəsində səsvermə hüququndan yararlana biləcəklər. Ukraynada prezident seçkilərində səs limiti tətbiq olunmur - seçkilər istənilən halda baş tutmuş hesab olunacaq. Sosioloqlar səsvermədə 60-70% seçicilərin iştirak edəcəyini proqnozlaşdırırlar