Azərbaycanda ana ölümüylə bağlı 10 tibb işçisi işdən qovuldu

25-05-2014, 13:31   
Azərbaycanda ana ölümüylə bağlı 10 tibb işçisi işdən qovuldu
"Azərbaycanda ana ölümü hallarının sayı artmayıb. Bu ilin beş ayı ərzində ölkədə 10 ana ölümü qeydə alınıb ki, bu da keçən ilin müvafiq dövründə baş verən hadisələrdən artıq deyil".

Bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Leyla Rzaquliyeva deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən hər bir ana ölümü hadisəsi 12 nəfər yüksək ixtisaslı mütəxəssisdən ibarət Komissiya tərəfindən ciddi araşdırılır. Ana ölümündə təqsirli olan hər bir tibb işçisi barədə müvafiq tədbirlər görülür. Cari ilin əvvəlindən bu hadisələrlə bağlı 9-u həkim, 1-i orta tibb işçisi olmaqla, 10 nəfər vəzifəsindən azad edilib, 31 nəfərə qarşı inzibati tənbeh tədbirləri görülüb: "Ümumiyyətlə, doğuşayardım xidməti Səhiyyə Nazirliyinin prioritet sahələrindən biridir və daim diqqət mərkəzindədir. Xidmətin gücləndirilməsi məqsədilə Respublika Perinatal Mərkəzinin direktoru və baş həkimi işdən azad edilib. Mərkəzin rəhbərliyinə daha güclü və məsuliyyətli mütəxəssislər təyin edilib".

Komissiya sədri bildirib ki, respublikanın 2 rayonunun baş mama-ginekoloqları, Bakı Şəhər 3 saylı Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri vəzifələrindən azad olunublar.

L.Rzaquliyeva onu da əlavə edib ki, Doğuşayardım Komissiyasının may ayının 22-də keçirilən son iclasında Ağstafa Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində və Sabirabad Perinatal Mərkəzində baş vermiş ana ölümü hadisələri təhlil edilərkən bu tibb müəssisələrində doğuşayardım xidmətinin həyata keçirilməsində ciddi nöqsanların olduğu aşkar edilib. Komissiya Ağstafa Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinin müdiri Ziba Məmmədovanın və Sabirabad Perinatal Mərkəzinin direktoru Vüsal Məmmədovun tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edib.

Bundan əlavə, ana ölümləri ilə əlaqədar aidiyyəti olan Ağstafa rayon Müğanlı kənd sahə xəstəxanasının baş həkimi İ.Sofiyevə xəbərdarlıq, mama-ginekoloq M.Qocayevaya töhmət, Sabirabad Perinatal Mərkəzinin mama-ginekoloqları R.Rəsulova şiddətli töhmət, O.Əmrahova və M.Yunusovaya töhmət verilməsi barədə qərar verilib.

Komissiya sədrinin sözlərinə görə, Sabirabad Perinatal Mərkəzində doğuşayardım xidmətinin gücləndirilməsi məqsədi ilə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mütəxəssisləri oraya ezam olunublar.

Bu il ərzində qeydə alınan ana ölümlərinin səbəblərini də açıqlayan L.Rzaquliyeva bildirib ki, bu halların çoxu hamiləliklə əlaqəsi olmayan patologiyalar nəticəsində baş verib. Bunların ağırlaşmış fəsadlar olduğunu söyləyən L.Rzaquliyeva deyib ki, hamilə qadınlarda qeyd olunan patologiyalar ana ölümü riskini artırır.

Bunun qarşısının alınması üçün hamilələr vaxtında qeydiyyata düşməli, mütəmadi həkimə müraciət etməlidirlər və belə halların baş verməməsi üçün qadınlar arasında geniş maarifləndirmə işləri aparılmalıdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.