Rusiya Ermənistanı dilə tutur ki, bir neçə rayonu Azərbaycana qaytarsın - erməni saytının iddiası
Bu gün Ermənistan mediasının əsas mövzularından biri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ölkəyə səfəri olub.
ArmenianReport saytının xəbərinə görə, Lavrov Ermənistan rəhbərliyi ilə Qarabağ cəbhəsindəki hərbi eskalasiyanı, münaqişənin sülh yolu tənzimlənməsi imkanlarını müzakirə edib.
"Aykakan Jamanak" qəzeti yazıb ki, Lavrovun Ermənistan rəhbərliyi ilə görüşündə Qarabağ ətrafındakı bir neçə rayonun Azərbaycana qaytarılması məsələsi müzakirə olunub. İnformasiyaya görə, rusiyalı nazir Ermənistan tərəfini belə bir kompromisə getməsi üçün dilə tutub.
Bildirilir ki, Ermənistanın belə bir addıma sövq edilməsi Azərbaycanın Rusiya tərəfindən yaradılan yeni Avrasiya İqtisadi Birliyinə daxil olmağa razılaşdırmaqdan ötrüdür.
Bu iddia ilə bağlı Rusiya XİN-in hər hansı açıqlaması yayılmayıb.
Musavat.com