Hakimiyyətin saxta sülh təbliğatı

14-04-2016, 09:36   
Hakimiyyətin saxta sülh təbliğatı

Danışıqlar prosesində heç bir yenilik yoxdur

Cəbhədəki 3 günlük döyüşlərdən sonra rəsmi təbliğat sülhə köklənib. Dünənə qədər “lazım”ı müharibə üçün axtaran hökumətimiz, indi cəmiyyətə sübut etməyə çalışır ki, “lazım” sülhlə məsələni həll edəcək. Bəli, telekanallar, hökumət mətbuatı inandırmağa çalışır ki, sülh danışıqları məntiqi sonluğuna çatır, torpaqların azad olunmasına az qalıb və s. Hətta “Yeni Azərbaycan” qəzeti iddia etdi ki, sülh danışıqları Azərbaycanın xeyrinə başa çatmaqdadır və Əli Kərimlinin mövqeyi bunun qarşısını almağa hesablanıb.

Hökumət cəmiyyətə inandırmağa çalışır ki, 90-dan artıq əsgərin şəhid olmasından sonra atəşkəsə imza atmaq torpaqların işğaldan azad edilməsiylə nəticələnəcək. Hökumət açıq şəkildə görür ki, cəmiyyət bu geriçəkilmədən narazıdır, hökuməti lənətləyir. Həm də hökumətin Rusiyanı dəstəkləyən bəyanatlar verməsi, ermənipərəst ölkənin əmrinə amadə olması cəmiyyətdə nifrət yaradır.


Bəs, real vəziyyət necədir, doğurdanmı sülh danışıqları məntiqi sonluğuna çatır və Qarabağ bizə qaytarılır?

Əvvəla, ilk gündən bildirmişik ki, iki yüksəklik uğrunda israrla döyüşən, xeyli sayda itki verən düşmən heç vaxt danışıqla torpaq verməz. Əksinə, düşmən o mesajı verdi ki, 20 faiz torpağı yalnız hərb yoluyla geri ala bilərik.

Ikincisi, hökumətin “sülhlə Qarabağı alırıq” təbliğatını rəsmi açıqlamalar da təkzib edir. Məsələn, XIN-in mətbuat katibi Hikmət Hacıyev deyir ki, hazırda hər hansı danışıq prosesi getmir və vəziyyət hər an gərginləşə bilər. Eyni zamanda XIN rəsmisi bildirir ki, yenilənmiş Madrid prinsipləri müzakirə olunacaq. Yəni, münqişənin mərhələli həlli müzakirə olunacaq. Bildiyiniz kimi uzun illərdi bu Madrid prinsipləri masanın üzərindədir və heç bir nəticə vermir. Deməli, 3 günlük döyüşdən sonra əldə edilmiş atəşkəs, gurultulu danışıqlar prosesi özündə yeni heç bir məna ifadə etmir. Sadəcə vəziyyəti uzatmaq üçün köhnə söhbətləri yenidən qızışdırırlar.

Kremldəki mənbəyə istinad edən “Kommersant” qəzeti də yazır ki, Ermənistanın danışıqlar masası arxasına qayıtmasına və konstruktiv mövqe nümayiş etdirəcəyinə dair ehtimallar olduqca aşağıdır.

Göründüyü kimi hazırda münaqişənin danışıqlar yoluyla həllinə dair hər hansı razılaşma yoxdur. Bəli, nə Ermənistanın güzəştə getmək ehtimalı var, nə Kreml Azərbaycana vəd vermir, nə də Azərbaycan hökumətinin prinsipial şərti yoxdur.

Deməli, sülh danışıqları 24 illik gediş-gəlişi davam etdirir. Rəsmi təbliğat isə cəmiyyəti növbəti dəfə aldatmağa, insanlarda boş ümidlər yaratmağa xidmət edir. XIN rəsmisi, Kremldəki mənbə bu optimizmi bölüşmürsə, hökumətimiz nəyə istinad edərək cəmiyyəti müjdələyir?

Bir daha aydın olur ki, növbəti oyun prosesi gedir və hökumət cəmiyyətdəki həmrəyliyi, mübarizə əzmini, Qarabağ arzularını öldürmək üçün vaxt udur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar