Baba Rzayevin bu işləri həvalə etdiyi MMC-nin rəhbərliyi vəsaitlərin mənimsənilməsi və fəhlələrin istismarı ilə məşğuldur
Redaksiyamıza daxil olan yeni məlumatlarda “Azərişıq” ASC-nin regionlarda kabelləşdirmə işini həyata keçirən müəssisənin fəaliyyətində ciddi qanun pozuntularının olduğundan bəhs edilir. Məlumatı təqdim edən mənbə bildirir ki, bu gün 58 rayonda bu işləri icra edən MMC-nin rəhbəri Toğrul müəllimdir. Faktiki olaraq isə, müəssisənin fəaliyyəti direktorun müavini Musa müəllim tərəfindən idarə olunur. Mənbənin deməyinə görə, bu şəxslərdən heç biri ixtisasca energetik deyil. Buna baxmayaraq, “Azərişıq” ASC-nin sədri cənab Baba Rzayev tərəfindən regionlarda elektrik xətlərinin kabelləşməsi işi nəyə görəsə, məhz bu müəssisəyə həvalə olunub. Açıqlamalarda bildirilir ki, MMC-nin rəhbərləri görülən işlərin gedişində faktiki olaraq fəhlələrin istismarına yol verir. Məlumatda deyilir: “İlk növbədə qeyd olunmalıdır ki, MMC bazadan alınan mal-materialı ərazi sahə rəislərinin xəbəri belə olmadan, öz mühasibatlığında “silməklə” məşğuldur. Həmçinin işlərin ucuz başa gəlməsi üçün kabelləşdirməyə texnika da cəlb olunmur. Bütün işlər əllə görülür. Hətta dirəklərin basdırılması üçün lom, bel və sairə bu kimi primitiv alətlər də verilmir. Əslində bu görülən işlərin konkret qiymətləri var və bu qiymətlər heç də az vəsait deyil. Məsələn, bir işıq dirəyinin qoyulması üçün 7 manat, hər bir kilometr kabelin çəkilişi üçün 600 manat, bir sayğacın qoşulması üçün 5 manat nəzərdə tutulub. Lakin bu pullar MMC-nin hesabına “Azərişıq”dan köçürülsə də, işçilər öz əmək haqqlarını ala bilmirlər. Bu gün kabelləşdirmə və transformatorlardan çıxan kabellərin yeniləndirilməsi işlərində 58 rayonda minlərlə işçi çalışır. Təsəvvür edin ki, bütün bu insanlar Toğrul və Musa tərəfindən sözün əsil mənasında istismara məruz qoyulublar. Dövlətin bu işlərə ayırdığı milyonlarla vəsaitlər isə, bu şəxslər tərəfindən həyasızcasına, heç bir qorxu-hürkü bilmədən mənimsənilir. Ucuz qiymətə yerli topdansatış nöqtələrindən alınan materiallar guya ki, xarici tədarükçülərdən alınmış kimi, ən baha qiymətə “silinir”. Bundan başqa, işlərdə çalışan fəhlələrin heç biri ilə əmək müqaviləsi bağlanmır. Bütün bunlar azmış kimi, MMC rəhbərliyi fəhlələrin həyat və sağlamlıqlarını da daim riskə atırlar. Belə ki, işlərin gedişində heç bir təhlükəsizlik qaydalarına qətiyyən riayət olunmur. Bu səbəbdən də, sahələrdə tez-tez bədbəxt hadisələr baş verir. Elə bir müddət bundan əvvəl Abşeron rayonu Saray qəsəbəsində baş vermiş növbəti belə bir hadisə nəticəsində iki fəhlə dünyasını dəyişib. Görəsən, cənab Baba Rzayevin bütün bu baş verənlərdən heçmi xəbəri yoxdur? Axı söhbət “Azərişıq” ASC-nin sifarişlərinin icrası zamanı baş vermiş insan ölümündən, həm də milyonlarla manat dövlət vəsaitlərinin mənimsənilməsindən gedir…”
Həqiqətən də, daxil olmuş bu açıqlamalarda “Azərişıq” ASC-nin sifarişlərinin icrası həvalə olunmuş MMC-yə qarşı irəli sürülən ittihamlar kifayət qədər ciddi səslənir. Bir tərəfdən təsvir olunan mənimsəmə və digər qanun pozuntularının miqyası, digər tərəfdən isə, “Azərişıq” ASC rəhbərliyinin işlərin icrası üçün müəssisə seçimində bu qədər məsuliyyətsiz davranması bir çox suallar doğurur. Gözləmək olardı ki, bu kimi dövlət əhəmiyyətli işlərin həyata keçirilməsinə ASC daha diqqətlə, daha böyük məsuliyyətlə yanaşacaq. Hər halda ümid edək ki, “Azərişıq” ASC-nin rəhbərliyi yazıda qeyd olunmuş məqamları diqqətə alacaq və işlərin icrasını həvalə etdiyi müəssisənin fəaliyyətini tam ciddiliyi ilə araşdıracaq.
Materialda adı keçən bütün tərəflərin məsələyə münasibətini öyrənməkdə maraqlıyıq.
PATRIOT.AZ