Ağdərə cəbhəsinin əsas seçilməsi səbəbsiz deyilmiş, Lələ Təpəyə sahib olmaq işğaldakı 3 rayona nəzarəti bərpa etməyə imkan verir
Aprelin 1-dən 2-nə keçən gecədən etibarən Azərbaycan Ordusunun başlatdığı hərbi əməliyyatlar ölkəmizə qan bahasına başa gəlsə də, uğursuz olmadı. Artıq erməni tərəfi də təsdiqləyir ki, Azərbaycan Ordusu qısa müddət ərzində 8 yüksəkliyi və 5 kəndi düşməndən azad edib. Və atəşkəs elan ediməyəcəyi təqdirdə bu uğurların sayı daha çox ola bilərdi.
Niyə Ağdərə cəbhəsi?
5 günlük müharibənin kifayət qədər mübhəm məqamları var. Sirrlərlə dolu hadisənin bəzi qaranlıq tərəflərinə ehtimallar və versiyalarla aydınlıq gətirməyə çalışaq.
İlk sual belədir ki, Azərbaycan Ordusu niyə məhz Ağdərə cəbhəsini seçdi? Qeyd edək ki, 23 ildən artıqdır düşmən tapdağında olan Ağdərə ərazisi cəbhənin ən gərgin istiqaməti olmaqla yanaşı, həm də ermənilərin üstünlük əldə etdiyi mövqelərdir. Dağlıq ərazidən ibarət olan Ağdərənin strateji yüksəkliklərinin ermənilərin əlində olması Tərtər, Goranboy və daha bir neçə rayonumuzu təhlükə altında saxlamağa imkan verir.
İlk həmlədə Talış kəndinin yaxınlığındakı yüksəkliyin ələ keçirilməsi əslində, böyük naliyyət idi. Düzdür, itkilərimiz də oldu. Amma nəticədə Tərtərin bir hissəsini və Goranboyun mərkəzini hədəfə alan düşməni bu imkanlarından məhrum etməyə nail olduq.
Seysulanın ələ keçirilməsi isə cəbhə xəttinin daraldılmasına xidmət etdi ki, bu da vacib addımlardan idi. Digər tərəfdən, Ağdərədəki düşmən qoşunları cəbhənin ilk müdafiə xəttini təşkil edirdilər ki, bu da birinci cəbhənin yarılması ilə nəticələndi.
Keçək suala. Nəzərə alaq ki, Bərdə, Beyləqan, Tərtər və Goranboy rayonları əsasən Kəlbəcər dağlarından axan çayların suları ilə qidalanır. Bu zonada əkinçilik də məhz həmin çayların suyu hesabına həmişə inkişaf edib. Sovet dövründə qurulmuş Sərsəng Su Anbarının mühüm cəhəti də odur ki, bu rayonların hamısını bol suyla təmin etmək mümkün olsun. Talış yüksəkliyinin əldə edilməsi, ardından Madagizin geri alınması artıq Sərsəng Su Anbarı üzərində nəzarəti də tam bərpa etməyə imkan verən cəhətlərdəndir. Belə olan təqdirdə, o qənaətə gəlmək mümkündür ki, Azərbaycan Ordusunun birinci hədəfi Sərsəng Su Anbarını ələ keçirmək olub ki, həm bölgə rayonlarının inkişafına nail olunsun, həm də bu anbarın təhlükəsizliyini təmin etsin. Əks təqdirdə, anbar partladılardısa, o zaman bir neçə rayonun suyun altında qalması qaçılmaza çevrilə bilərdi.
Füzuli cəbhəsində nə baş verib?
Azərbaycan Ordusunun uğurlu əməliyyat apardığı bir başqa cəbhə Füzuli rayonu istiqamətində olub. Məlumatlara görə, bu cəbhə boyunda hücuma keçən ordumuz elə də böyük itkilər verməyib. Düzdür, düşmənin basdırdığı minaya düşən əsgərlərimiz və hərbi texnikamız da olub.
Politika.Az xəbər verir ki, Füzuli cəbhəsində də ağır döyüşlər olub. Hətta bir bölüyümüzün Lələ Təpə uğrunda gedən döyüşlərdə mühasirəyə düşdüyü, lakin qısa müddətdə oradan itkisiz çıxdığı da deyilənlər sırasında var.
Füzuli cəbhəsində əldə edilən uğur isə əslində, mahiyyət etibarı ilə yeni hücumlar üçün ciddi əsaslar və üstünlüklər təşkil edir. Bu cəbhənin müdafiə xəttinin yarılması isə erməniləri xeyli çətinliyə salmış olacaq. Ona görə ki, əldə edilən yüksəkliklər və strateji nöqtələr yeni hərbi əməliyyatlar zamanı bir çox üstünlüklər əldə etməyə şərait yaradacaq.
Lələ Təpənin hansı əhəmiyyəti var?
Füzuli cəbhəsində baş verən olaylardan sonra Azərbaycan Ordusunun Lələ Təpə deyilən yüksəkliyi düşməndən azad etməsi kifayət qədər mühüm hadisədir. İşin mühümlüyü ondadır ki, Lələ Təpə heç də kiçik bir məntəqə deyil və strateji baxımdan da mühüm əhəmiyyət daşıyır.
Politika.az xəbər verir ki, bu yüksəklik mahiyyət etibarı ilə üç rayonun nəzarət altında saxlanılmasına, bir rayonun isə təhlükəsizliyinin tam təmin olunmasına imkan verir. Belə ki, Lələ Təpədən Cəbrayıl və Füzuliyə uzanan yolun ümumi uzunluğu 15-20 km təşkil edir. Üstəlik, bu təpədən iki rayon istiqamətində geniş bir ərazidə düşmənin hərəkətini istənilən səviyyədə mühaşidə etmək kifayət qədər asandır. Yəni, 10-20 km aralığında məsafədə düşmən başını qaldıran kimi, onu sıradan çıxarmaq mümkündür.
Xocavənd rayonunun bir qismi isə Lələ Təpədən müşahidə altında saxlanıla bilər. Hərbi ekspertlər vurğulayırlar ki, hazırkı məqamda Lələ Təpədə qərarlaşmış Azərbaycan Ordusu bircə həmləylə daha böyük ərazini, hətta Cəbrayıl, Xocavənd və Füzuli rayonularını düşməndən azad edə bilərlər.
Bu yüksəkliyin bir başqa önəmli tərəfi isə Horadiz qəsəbəsindən tutmuş Beyləqan rayonuna qədər böyük bir ərazinin təhlükəsizliyini təmin etmək artıq mümkündür. Bundan sonrakı mərhələdə düşmənin bu məntəqələrimizi vura bilmək imkanları da xeyli aşağı düşüb. Yəni, bir təpə üç rayonumuza gedən yolu açmaqla yanaşı, iki rayonumuzun da təhlükəsizliyinin qarantına çevrilib.
Niyə atəşkəs elan edildi?
Politika.Az bildirir ki, Azərbaycan Ordusunun hücumları fonunda cəmiyyətin xeyli fəallaşması, insanların verdiyi dəstək kifayət qədər yüksək idi. Ruh yüksəkliyinin ən pik vaxtda olduğu bir zamanda Azərbaycan tərəfinin birtərəfli qaydada atəşkəs elan etməsi qətiyyən başadüşülən deyildi. Təbii ki, bunun siyasi tərəfləri o qədər açıqlanmamışdı.
Amma zaman keçdikcə durum daha aydın şəkildə görünməyə başlayıb. Politika.Az xəbər verir ki, Azərbaycan Ordusunun hücumları dayandırıb, müdafiə taktikasına keçməsinin başlıca səbəbi beynəlxalq təzyiqlər idi. Rusiyanın bir tərəfdən sərt formada dirəşməsi, Qarabağda hərbi əməliyyatları dayandırmağı tələb etməsi təbii ki, rəsmi Bakının bu çətin qərarı verməyə məcbur edirdi. İkinci Gürcüstan olayı yaşamaq istəməyən Azərbaycanın bu gün Rusiya ilə döyüşmək gücünün olmadığı da inkar edilməzdir.
Digər tərəfdən, Qərbin də məsələyə münasibəti birmənalı deyildi. Onlar üzdə bir bəyanat, arxada başqa bir bəyanatla çıxış etməklə Azərbaycan tərəfini sıxışdırmaqlarından qalmırdılar. Bu gün Azərbaycanı Qarabağ məsələsində təhdid edən bir neçə amil var:
1. Azərbaycan Ordusu hər nə qədər güclü olsa da, Rusiya birmənalı olaraq Ermənistanın tərəfini saxlayaraq, onun tərəfindən döyüşür. Üstəlik, Kreml özünün təsir mexanizmlərindən istifadə edərək, rəsmi Bakını sıxışdırmaqdan çəkinmir.
2. Qərbin üzdə Qarabağı Azərbaycan ərazisi olaraq tanıması hələ məsələnin həlli deyil. Ona görə ki, burada siyasi mövqe olaraq Azərbaycanın yanında yer tutmaq lazımdır ki, bu da indiyə qədər baş verməyib. Verilən bəyanatlar, çıxarılan qətnamələrin icra olunmaması isə ermənilərin daha da əl-qolunu açmağa imkan verir. Üstəlik, onu da unutmayaq ki, Qərbin təhdidi odur ki, əgər Azərbaycan Qarabağda genişmiqyaslı hərbi əməliyyatlara başlayarsa, onlar da Dağlıq Qarabağın «müstəqilliyi»ni tanıyacaqlar. Bu məsələ hələ 2000-ci ilin əvvəllərindən gündəmə gəlib.
3. İran faktorunu regionda unutmaq mümkün deyil. Ermənistana mütəmadi olaraq iqtisadi və siyasi dəstək verən Tehran müharibə başlayacağı təqdirdə İrəvanın yanında yer alacaq. Bu ölkə hər nə qədər üzdə rəsmi Bakını dəstəklədiyini vurğulasa da, bunun diplomatiyadan başqa bir şey olmadığı sirr deyil. Hətta zərurət olarsa, İran Ermənistan tərəfindən vuruşa biləcək qədər özündə cəsarət tapa bilər.
Müharibə olacaqmı?
Gedişat belə deməyə əsas verir ki, tərəflərin heç biri sakit dayanmayacaq. Ona görə ki, Azərbaycan itirdiyi torpaqları geri qaytarmaq istəyir. Ermənistan isə son döyüşlərdə itirdikləriylə barışmaq fikrində deyil. Elə bu səbəbdəndir ki, hər iki tərəf dişlərini qıcımış vəziyyətdə tutublar. Və bunun yekunda müharibəyə gətirib çıxaracağı da artıq şübhə doğurmur.
Politika.Az jam.az-a istinad'n xəbər verir ki, hərbi əməliyyatların yenidən start götürəcəyi tarix bəlli olmasa da, bunun uzaqda olmadığı dəqiqdir. Ən azından ona görə ki, Azərbaycan Ordusunun aprel ayında hücumlara başlaması, bunun havalar istiləşdikcə daha intensiv şəkil alacağından xəbər verir. Və ordumuz prosesi ən geci sentyabra qədər bitirməyi hədəfləyir. Çünki payız və qış aylarında Qarabağda müharibə aparmaq əlavə və mənasız itki deməkdir.(jam.az)