Banka borcu olanlar məhkəmələr vasitəsilə cəzalandırılır
Heç kimə sirr deyil ki, banklar ölkə əhalisinin əzrayılına çevrilib. Demək olar ki, hər ailənin banklara borcu var. Təbii ki, əksər banklar iri məmurlara məxsusdur və ən yüksək faizlərlə vətəndaşı girova çeviriblər. Birinci devalvasiyadan sonra dollarla krediti olanlara növbəti ağır zərbə vuruldu və cəmiyyətdə xeyli narazılıq müşahidə edildi.
Onsuz da problemli kreditlərin həcmi hər ay çoxalır və əhalinin ödəmə qabiliyyəti azalır. Belə bir məqamda devalvasiya cəmiyyətdə narazılığı artırdı. Həm qiymətlər qalxdı, həm ödəmələrdə problem yarandı, həm də kütləvi ixtisarlara star verildi. Hökumət cəmiyyətdəki narazılığı azaltmaq məqsədilə müxtəlif şaiyələr “istehsal” etdi. Məlumatlar yayıldı ki, dollarla kredit götürənlərə güzəşt olunacaq, 5000-ə qədər krediti olanların borcu silinəcək, Konstitusiya məhkməsi xalqın xeyrinə qərar çıxarcaq və s. Amma bir müddətdən sonra məlum oldu ki, hökumət sadəcə xalqı aldadırmış. Eyni zamanda kredit borcu olanların məhkəmə müddəti uzadıldı, borclulara müəyyən qədər vaxt verildi.
Biz o zaman da yazırdıq ki, bütün bunlar müvəqqəti xarakter daşıyır və etiraz dalğası zəifləyən kimi hökumət qəddar idarəçiliyi davam etdirəcək. Artıq bu prosesə start verilib. Hökumət yenidən passivliyin hökm sürdüyünü hiss etdi və kredit borcu olanların, kredit götürənlərə zamin duranların ölkədən çıxışına qadağa qoyuldu. Indi isə borcluların əmlaklarının əlindən alınması prosesi başlanıb. Artıq Beynəlxalq Banka borcu olan bir neçə nəfərin əmlakı əlindən alınıb. Beynəlxalq Bankından götürülən kreditlərlə bağlı bir sıra şirkətlərə qarşı məhkəmə iddiası qaldırılıb.
Təbii ki, bu proses təkcə Beynəlxalq Bankla yekunlaşmayacaq. Kredit borcu olanları qorxutmaq üçün müxtəlif vasitələrə əl atacaqlar. Məsələn, bir neçə nəfəri həbs etməklə, bir neçə adamın əmlakını əlindən almaqla başqalarına “göz dağı” verəcəklər. Xatırladaq ki, devalvasiyadan sonra hakim ailəyə yaxın olan banklar mənfəət əldə etmişdi. Devalvasiyadan sonrakı mərhələdə hökumətin mənasız layihələrə külli miqdarda pul xərcləməsi davam etdi. Amma mənfəət əldə etmələrinə, maliyyənin olmasına baxmayaraq, vətəndaşlara heç bir güzəşt edilmədi. Hansıki, Ukraynada, Qırğızıstada, Qazaxıstanda bunun əksini müşahidə etdik və vətəndaşlara dəyən zərəri dövlət ödədi. Amma bizim hökumətimiz bu qədər anti-milli addımdan sonra, indi də borcluların əmlakına göz dikib, insanları ağır sınaq qarşısında qoyur. Bu gün problemli kreditlərin həcmi 2 milyarda yaxınlaşır, hər gün insanların ödəmə qabiliyyəti azalır. Demək istəyirik ki, bu gün bir neçə adamın üzləşdiyi problemlə sabah başqaları da üzləşəcək. Ona görə də vətəndaşlar öz haqlarını tələb etməli, hökumətin məhkəmə vasitəsilə hədə-qorxu gəlməsinə adekvat reaksiya verməlidir. Devalvasiya hökumətin yarıtmaz siyasətinin nəticəsidir və bunun cəriməsini də hökumət ödəməlidir. Bu ölkənin yüz milyardlarla vəsatini mənimsəyənlər, indi də sadə vətəndaşın əmlakına göz dikiblər.
Nə qədər ki, susqunluq, biganəlik davam edir, hökumət vətəndaşa asan şikar kimi baxacaq. Hökumət ölkədə yaranmış böhranlı vəziyyətdən vətəndaşı daha da müflisləşdirmək hesabına çıxmaq istəyir.