Tağı Əhmədov Akif Çovdarova niyə 3 milyon manat verib?
Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovla MTN-nin həbsdə olan generalı Akif Çovdarov arasındakı “3 milyonluq sövdələşmə”yə dair yeni məlumat yayılıb. “Yeni Müsavat”ın yaydığı məlumatda deyilir ki, Tağı Əhmədovu 3 milyon ziyana salan gizli çəkilən video olub. Bildirilir ki, MTN çetesinin gizli çəkilişlər “ustadı” Akif Çovdarovun əlində Tağı Əhmədovu bitirəcək kompromat varmış.
Çovdarov həmin kompromatı əvvəlcə 5 milyona qiymətləndirib. Danışıqlar nəticəsində məbləğ 3 milyona endirilib. Bu danışıqlarda Tağı Əhmədovun mövqeyini ifadə edən, onu 2 milyon izafi xərcdən qurtaran bir başqa məmurun iştirakı haqda da məlumatlar dolaşır. Lakin qəzet hələlik həmin məmurun adını açıqlamayıb. Məlumata görə, 3 milyon ödənilib və kompromat oda davamlı seyflərdən birinə qoyulub.
Qeyd edək ki, bundan əvvəl “Azadlıq” da MTN-də Tağı Əhmədovla bağlı ciddi kompramatın olduğu barədə məlumat yaymışdı. Hməin məlumatda deyilirdi ki, bu kompromat Bakı Metropolitenində müdhiş korrupsiya əməliyyatları və ümumi kassadan yayınmalarla bağlı ola bilər.
Xatırladaq ki, bir müddət əvvəl Tağı Əhmədovun təhdid nəticəsində Akif Çovdarova 3 milyon manat pul verdiyi barədə məlumat yayılıb. Tağı Əhmədov bu məlumata münasibət bildirməkdən imtina edib. Bəzi iddialara görə, Akif Çovdarovun Tağı Əhmədova xərac kəsməsi istintaq yolu ilə müəyyən edilib.