Nurəddin Məmmədli: «Hakimiyyət Rusiyanın təzyiqi altında hərəkət etdiyindən, torpaqları işğaldan qurtarmaqdan çox-çox uzaqdır»
Mayın 1-də dövlət başçısı Ilham Əliyev silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Bərdə və Ağdam rayonlarında olublar. I.Əliyev təmas xəttində baş verən son hadisələrdən danışaraq deyib ki, həmişə Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır. I.Əliyev qeyd edib ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq.
I.Əliyevin açıqlamasının fonunda Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov deyib ki, Azərbaycanın cəbhədə baş verənlərlə bağlı səbri tükənə bilər.
Amma bu açıqlamalar bir sıra suallar yaradır. Çünki aprelin əvvəlində baş verən döyüşlərdə ordumuz uğurlu hərbi əməliyyatlar apararaq düşməni ön cəbhədən sıxışdırıb çıxarmışdı. Həmin dönəmdə ordu və cəmiyyət birmənalı şəkildə hakimiyyətə dəstək verərək hərbi əməliyyatların davam etdirilməsini istəyirdi. Amma iqtidar bu addımı atmadı. Belə olan halda başqa hansı vəziyyət yaranmalıdır ki, hakimiyyətin səbri tükənsin və torpaqlarımızı azad etmək istiqamətində addım atsın.
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, cəbhədə baş verən hadisələr sübut etdi ki, Azərbaycan hakimiyyəti torpaqların azad olunması ilə bağlı həlledici oyunçu deyil. Prosesləri bilavasitə Moskva idarə edir: “Aprelin əvvəlində baş verən döyüşlər torpaqlarımızın azad olunması istiqamətində kifayət qədər geniş perspektivlər açmışdı. Təəssüflər olsun ki, Moskvanın diqtəsi altında bu hücumlar dayandırıldı. Ermənilər hazırda görünməmiş vandalizm nümayiş etdirərək Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur. Hakimiyyət bu cür açıqlamalarla özünə haqq qazandırmağa çalışırlar”.
N.Məmmədli hesab edir ki, Ə.Kərimlinin hazırkı dönəmlə bağlı irəli sürdüyü konsepsiyalar əsasında proseslər davam etməlidir. “Əli Kərimli indiki şəraitdə zəruri olan addımlar kompleksini özündə birləşdirən təkliflər irəli sürüb. Bununla biz həm ermənilərin hücumundan özümüzü qoruyarıq, həm də Ermənistanı danışıqlar prosesində daha konstruktiv mövqedən tutmağa məcbur edərik. Azərbaycan ordusu Ermənistana layiqli cavab vermək iqtidarındadır. Amma təəssüf ki, Azərbaycan hakimiyyəti Rusiyanın təzyiqi altında bu addımları atmaqdan çox-çox uzaqdır”, deyə N.Məmmədli vurğuladı.