"Tezliklə Şuşa başda olmaqla Qarabağımızın işğaldan azad olunduğu günü görəcəyik"
May ayının 8-i tarixi yaxınlaşdıqca bizi Şuşadan daha bir il ayırır. Çox ağır olsa da bir gerçəkdir ki, biz 24 ildir Şuşanın yoxluğuna, bizsizliyinə, ermənilərin oylağı olmasına göz yummuşuq. Tab gətirə bilmişik Şuşa dərdinə... Eləcə də 1992-ci il may ayının 8-nə keçən gecə amansızcasına qətlə yetirilən, əsir götürülən, əlil olan yüzlərlə insanın dərdinə.
Bu ilin aprel ayının əvvəllərində ön cəbhədə baş vermiş döyüşlərdən sonra isə anladıq ki, biz Şuşasızlığa öyrəşməmişik! Əksinə, Şuşa üçün, Qarabağ üçün susamışıq! Suya həsrət torpaq kimi cadar vurub ürəyimiz Şuşa üçün, Qarabaq üçün! Və ona da əmin olduq ki, Şuşa vüsalımızın, Qarabağ həsrətimizə son qoyulacağı gün elə də uzaqda deyil. Bəlkə də bu ildən Şuşaya qovuşacağımız günə gerisayım başlayacaq. Bəlkə də bu il 8 may qeyd edəcəyimiz son işğal tarixi olacaq.
Bəs görəsən zamanında işğaldan qoruya bilmədiyimiz Şuşanı indi işğaldan azad etməyə hazırıqmı? Sülh danışıqları baş tutmayacağı təqdirdə canımız, qanımız bahasına olsa belə gücümüz, güvvəmiz yetəcəkmi Şuşanı, Qarabağı geri qaytarmağa?
Şuşa şəhəri işğal olunan zaman Azərbaycanın daxili işlər naziri vəzifəsində işləmiş general Tahir Əliyev Moderator.az - açıqlamasında Şuşa uğrunda son damla qanını belə axıtmağa hazır olduğunu bildirib:
“Vətənin müdafiəsi uğrunda hər an döyüşə hazıram. Əlbəttə ki, biz işğalda olan torpaqlarımızı geri qaytarmaq arzusuyla yaşayırıq. Biz vaxt gələcək ki, nəinki Şuşanı, eləcə də Qarabağın işğal olunmuş bütün torpaqlarını, hətta Qərbi Azərbaycanı da geri qaytara biləcəyik. Və əminəm ki, o vaxt uzaqda deyil, tezliklə biz Şuşa başda olmaqla Qarabağımızın işğaldan azad olunduğu günü görəcəyik. Mən bu arzuyla da yaşayıram”.
Qeyd edək ki, Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, 150 nəfər əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə isə bu günə qədər də məlumat yoxdur.moderator.az