Ermənistan Qarabağı tanısa…

4-05-2016, 19:48   


Yerevanın bu addımı beynəlxalq aləmi şantaj etməyə yönəlib

Mayın 5-də Ermənistan parlamentində Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq. Xəbər verdiyimiz kimi separatçı rejimin tanınması barədə qanun layihəsini deputatlar Zarui Postancyan və Qrant Baqratyan irəli sürüb.


2013-cü ildə Ermənistan parlamentindəki fraksiyaların əksəriyyəti “Dağlıq Qarabağın müstəqilliyinin Ermənistan tərəfindən tanınması haqqında” qanun layihəsi ilə bağlı səsverməni boykot edib. Zarui Postancyan tərəfindən təqdim olunmuş qanun layihəsinin lehinə 10 nəfər səs verib, bir nəfər bitərəf qalıb, əleyhinə səs verən isə olmayıb.

Səsvermədən öncə Zarui Postancyan Dağlıq Qarabağın “müstəqilliyinin” Ermənistan tərəfindən tanınmasının vacibliyini bir daha vurğulamaq istəyib, lakin o zaman spiker Ovik Abramyan onun mikrofonunun söndürülməsinə göstəriş verib.

2014-cü ildə də Ermənistan parlamenti Dağlıq Qarabağın “müstəqilliyi”nin tanınması layihəsinin müzakirəyə çıxarılmasını qəbul etməyib. “İrs” partiyasının təqdim etdiyi qanun layihəsinin müzakirəyə çıxarılması əleyhinə çıxış edən Ermənistanın Respublikaçılar Partiyasının üzvü Artak Zakaryan bildirib ki, qanun layihəsi kifayət qədər müasir deyil. O, fraksiya üzvlərinin səsvermədə iştirak etməyəcəklərini bəyan edib. Qanun layihəsinin müzakirəyə çıxarılmasının lehinə cəmi 8 deputat səs verib. Digər deputatlar isə ümumiyyətlə səs verməyiblər.

Azərbaycandan reaksiya: «Misk Qrupu münasibət bildirməlidir»



“Əgər “DQR”in müstəqilliyi Ermənistan tərəfindən tanınsa, o zaman beynəlxalq hüququn bütün prinsipləri pozulmuş olacaq. Bu, ATƏT-in Minsk Qrupunun çoxsaylı təkliflərinin üstündən də xətt çəkəcək. Hesab edirəm ki, bütün həmsədr ölkələr, o cümlədən Rusiya bu məsələ ilə bağlı mövqeyini bildirməlidir”.

APA-nın verdiyi məlumata görə, bu sözləri “Qovorit Moskva” radiosuna müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. P.Bülbüloğlunun da sözlərinə görə, bu məsələ bir neçə dəfə Ermənistan parlamentində qaldırılıb. Amma hər dəfə sağlam məntiq qalib gəlib. «Qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması aprelin 2-də Ermənistan tərəfindən törədilən təxribatla eynidir. Azərbaycan bu gün də sülh danışıqlarına hazırdır, baxmayaraq ki, Azərbaycan ərazisi hər gün Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur”, – deyə səfir qeyd edib.

P. Bülbüloğlu bu məsuliyyətsiz qərarın nəticələrinə görə bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşəcəyini söyləyib: “Çünki bunun nəticəsi çox mənfi olacaq. Azərbaycan bu gün də münaqişənin sülh yolu ilə həllinə hazırıdır. Əgər bu baş verməyəcəksə, biz münaqişənin hərbi yolla həllinə hazırıq. Əlbəttə, biz istəmirik ki, insanlar həlak olsun. Lakin bizə başqa çıxış yolu qoymurlar. Münaqişənin dondurulması çıxış yolu deyil. Problemin həlli çox sadədir. Beynəlxalq hüquq var. İşğal altındakı torpaqlar geri qaytarılmalıdır. Ermənistan qoşunları oradan çıxarılmalıdır. Son hadisələr də göstərdi ki, həmin ərazilərdə Ermənistan silahlı qüvvələri vuruşur. İkinci məsələ Dağlıq Qarabağın statusu məsələsidir. Amma öncə işğal altındakı torpaqlar azad olunmalıdır. Bu məsələ həll olunan məsələdir. 20 ildən çoxdur ki, ATƏT-in Misnk Qrupunun bu məsələ ilə məşğul olur. Təkliflər masa üzərindədir. Lakin Ermənistan tərəfi bütün hallarda qərarların icra edilməsindən qaçır, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir. Ermənistanın son addımı isə danışıqlar prosesindən imtina etməkdir. O zaman biz nə etməliyik? Ermənistan danışıqlar prosesindən imtina edirsə, bizə başqa yol qoymur”.

XİN: «Yerevan Minsk qrupu prosesinə son qoymaq istəyir»



Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması Yerevanın Minsk qrupu prosesinə son qoyması mənası daşıyır.

Bunu Ermənistanın Dağlıq Qarabağı tanıyacağı barədə açıqlamalara münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib: “Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması rəsmi Yerevanın ATƏT-in Minsk qrupu prosesinə son qoyması mənası daşıyır ki, bu halda Minsk qrupunun danışıqlar aparmaq üçün artıq heç bir mandatı olmayacaq. Bu, Minsk qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqir və özbaşınalığın ifrat nümunəsidir”.

XİN rəsmisi əlavə edib ki, Ermənistanın bu kimi təxribatçı əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməlidir.

Onu da qeyd edək ki, hələ aprelin əvvəlində cəbhədə vəziyyət gərgin olan zaman Sarkisyan bir neçə dəfə bəyan etmişdi ki, Qarabağın müstəqilliyini tanıya bilər. Yerevanın bu addımına qondarma rejiminin də münasibəti birmənalı deyil. Onların fikrincə, Qarabağın müstəqilliyini tanıyan ilk ölkə Ermənistan olmamalıdır.

Ermənistanın bu addımı nə məqsəd daşıyır? Ermənistan bununla Azərbaycana və dünyaya hansı mesajı ünvanlamaq istəyir?

Ermənistanın məqsədi nədir?

Ekspertlər hesab edir ki, Ermənistanın atdığı son addımlar diplomatiya sahəsində mövqelərini möhkəmləndirmək məqsədi daşıyır. Etiraf etmək lazımdır ki, Dağlıq Qarabağın tanınması ilə bağlı müxtəlif dövrlərdə Ermənistanda təşəbbüslər olub. Amma indiyə kimi bu təşəbbüslər nəticəsiz bitib. Cəbhə xəttində aprelin əvvəlində ciddi qarşıdurmaların yaranması Ermənistan tərəfini müxtəlif istiqamətlər üzrə addımlar atmağa sövq edib. Əslində bu addım ilk növbədə ATƏT-in Minsk Qurupunu şantaj etmək məqsədi daşıyır. Guya, bununla Ermənistan radikal addımlar ata bilər. Başlıca məqsəd beynəlxalq aləmdən Azərbaycan ərazilərinin işğalı faktına daha yumşaq münasibət göstərilməsinə nail olmaq cəhdidir. Dağlıq Qarabağın tanınması təşəbbüsü növbəti dəfə qəbul edilməyəcək. Sadəcə Ermənistan belə bir addımı ata biləcəyinə işarə edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar