Psixoloq: “Canlı ünsiyyət insanı daha xoşbəxt edir...”
Sirr deyil ki, sosial şəbəkələr artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Hətta asılılıq yaradıb desək, yanılmarıq. Düzdür, sosial şəbəkələrin vaxt aldığını deyib ondan qurtulmaq üçün heç bir internet funksiyası olmayan telefondan istifadə edənlər də var. Ancaq onlar da bir müddət sonra yenidən geri dönürlər.
Hətta bir çox insanlar canlı ünsiyyətdən çox, virtual ünsiyyətə önəm verirlər. Bu cür asılılıq yaradan sosial şəbəkələrdən biri və demək olar ki, ən əsası elə facebookdur. Hər gün milyonlarla insan bu sosial şəbəkədə saatlarla vaxt keçirir. Bu insanların çoxu burada keçirdikləri vaxta heyfsilənsələr də, bundan qurtula da bilmirlər. Sosial şəbəkələrin və internetin təsirini öyrənən tədqiqatçıların çoxu isə bildirir ki, internetdə “oturmağın” çox böyük ziyanı var. Xüsusilə də asılılıq inkişaf edir. İnternet olmayanda əsəbi vəziyyət yaranır. Sübuta yetirilib ki, bu saytlardan tez-tez istifadə etmək psixoloji sağlamlıq problemlərimiz arasında bağlılıqlar yaradır. Araşdırma zamanı məlum olub ki, facebookdakı dostlarının pozitiv statuslarını oxuyan və onların gülümsəyən, xoşbəxt fotolarını görən istifadəçilər daha çox duyğusal incikliyə məruz qalırlar.
İstifadəçilər arasında ikinci ən çox yayılan paxıllıq hissidir, xüsusilə onlar özlərinin şəkil və statuslarına gələn “like” və “şərh”lərin sayını müqayisə edəndə, bu, daha çox nəzərə çarpır. 30-40 yaşlarındakı yetkin insanlar arasında “facebook paxıllığı” daha çox qadınlar arasında yayılıb. Ailə xoşbəxtliyi və xarici cazibədarlığı əks etdirən postlara və şəkillərə baxan qadınlar həsəd hissindən əziyyət çəkirlər. Sonuncu olaraq “The Times” nəşri Kopenhagen Universitetinin tədqiqatına istinadən facebook sosial şəbəkəsindən istifadədən imtinanın insanları xoşbəxt etdiyini, həmçinin qəzəb və tənhalıq hissini azaltdığını yazır.
Araşdırmalar göstərib ki, insanlar sayta daxil olmanı və yeniləmələri yoxlamağı dayandırdıqdan bir həftə sonra öz həyatlarından daha məmnundurlar. Analitiklər qısa müddət ərzində əldə olunan belə dəyişiklikdən təəccüblənib. Onlar ümid edirlər ki, sosial medianın təsiri haqda məlumatlandırma insanlara həyatdan zövq almaqda kömək edəcək. Ekspertlər bildirir ki, facebook və başqa bu kimi belə saytlar “redaktə edilmiş” sonsuz həyat axınıdır ki, bu da bizim reallıq haqda təsəvvürümüzü təhrif edir. Kopenhagen Universiteti araşdırmada iştirak edən Danimarkanın 1095 sakinindən bir həftə ərzində sosial şəbəkənin istifadəsindən imtina etməyi xahiş edib. İştirakçılara sınaqdan əvvəl və sonra həyatdan məmnunluq hissini 1-10 ballıq şkala üzrə qiymətləndirmək təklif edilib. 7 gün ərzində orta göstərici 7,56-dan 8,12-dək artıb. İştirakçılar bildiriblər ki, daha çox sosial aktivlik göstərməyə başlayıblar, həmçinin özlərini əvvəlki kimi aqressiv və tənha hiss etmirlər.
Maraqlıdır, doğrudanmı vazkeçilməz sandığımız facebookdan imtina insanları xöşbəxt edə bilər?
Psixoloq Dəyanət Rzayev facebookdan imtina etməyin doğrudan da xoşbəxtlik gətirdiyini dedi: “Sosial şəbəkələrdən birdən-birə hamı imtina edə bilmir. Amma müəyyən bir qisim insanlar tədricən bundan imtina edir, köhnə telefonlara keçir. Sosial şəbəkəyə sərf etdiyi həmin zamanı öz yaxınlarına, təbiətə ayırır ki, bu da onu daha xoşbəxt edir. Təbii ki, müasir dövrdə həyatımızı sosial şəbəkəsiz təsəvvür etmək mümkün deyil. Amma bu, sosial şəbəkəyə kimin necə baxmasından asılıdır. Məsələn, mən sosial şəbəkəyə bir iş kimi baxıram. Kimin ki, orta, kiçik biznesi var, sosial şəbəkə vasitəsilə bunu inkişaf etdirə bilər. Buna görə də sosial şəbəkə çox yaxşı şeydir. Amma ünsiyyət baxımından canlı ünsiyyət insanı daha xoşbəxt edir. Ona görə də insanlar canlı ünsiyyətə üstünlük versələr, daha yaxşı olar. Sosial şəbəkə təbii ki, insanda asılılıq yaradır ki, buna da davranış vərdişləri deyirlər. Amma bu narkotik kimi bir vərdiş deyil və bundan imtina etmək olar. Ünsiyyət bacarıqdır və bu bacarıqdan uzun müddət istifadə etməyən insanların bu bacarıqları azalır. Amma bunu tez bərpa etmək olar”.
“ComScore” şirkətinin araşdırmasına görə isə facebook sosial şəbəkəsindən ən çox israillilər istifadə edir. Şirkət müəyyən edib ki, bir israilli ay ərzində facebookda təxminən 11,8 saat vaxt keçirir. Bu siyahıda ikinci pillədə Rusiya yer tutub. Bir rus isə vaxtının təxminən 10,6 saatını facebookda keçirir. Üçüncü yerdə 10 saatla Argentina gəlir. Araşdırma nəticəsində o da məlum olub ki, türkiyəlilər vaxtlarının 9,3 saatını, çilililər 8,7 saatını, meksikalılar isə 7 saatını facebookda keçirirlər. Təəccüblü olsa da, facebookun vətəni olan Amerika vətəndaşları sırada 6,3 saatla 13-cü yerdə qərar tutublar.
Günel MANAFLI