Lütfəli Babayev heyvandarlıqla məşğul olan 10-dan artıq şəxsi 60 hektar ərazidən çıxarmaq üçün oraya qoşun göndərib
Zərdab rayonundan olan bir qrup fermer mətbuata müraciət edərək, üzləşdikləri problemlərlə bağlı açıqlama yayıblar. JAM.AZ xəbər verir ki, fermerlər Qədir Müştaqov, Kəlbi Kəlbiyev, İlham Babayev, Tural Babayev, Rəfael Balakişiyev, Xanəhməd Müştaqov, Valeh Ağaşirinov, Fəzail Balakişiyev, Mikayıl Cəlalov və Tehran Mahmudov qeyd edirlər ki, Zərdabın icra başçısı lütfəli Babayevin özbaşınalığına, qanunsuz əməllərinə etiraz əlaməli olaraq aclıq aksiyasına başlayıblar.
Onlar bildirir ki, uzun illərdir rayonda qış otlaq sahəsini qanuni şəkildə icarəyə götürüb, dövlətə vergi ödəyiblər. «İndi isə Zərdabın icra başçısı Lütfəli Babayev göstəriş verib ki, həmin ərazilərdə pambıq əkiləcək deyə, oranı boşaltmalıyıq. İki gündür polisi, texnikanı və İcra Hakimiyyətinin işçilərini gətirib bizim qoyun yataqlarına ki, buradan çıxmalıyıq, yer şumlanacaq».
JAM.AZ-a göndərdikləri məktubda fermerlər vurğulayırlar ki, pambıq əkmək üçün icra başçısı və qohumlarının yetərli qədər sahələri var. «Lütfəli Babayevin nəzarətində qeyri-qanuni yolla əldə etdiyi saysız-hesabsız torpaq sahələri var. Həmin sahələrin bəziləri əkilmir. Bəzilərində isə öz sürüləri üçün yonca əkirlər. Zərdabın icra başçısı dövləti bu qədər düşünürsə, ilk öz torpaqlarında pambıq əkininə başlasın. Daha 50-60 ilin fermer təsərrüfatını ləğv etməsin».
Fermerlər vurğulayırlar ki, onların icarə müqaviləsi var. «Otlaq sahələrinin əkilməsi yolverilməzdir. Zərdabda pambıq əkmək üçün minlərlə hektar boş və yararlı ərazilər var. Sadəcə, Lütfəli Babayev bizdən istədiyi pulu ala bilmədiyi üçün belə addım atıb».
Zərdablı fermerlər JAM.AZ-a göndərdikləri müraciətdə bildirirlər ki, icra başçısı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, öz yaxın qohumu Anar Kərimovun adına saxta icarə müqaviləsi bağlatdırıb. «Cənab Prezident, Sizdən artıq dərəcədə xahiş edirik ki, bizə köməklik göstərəsiniz. Bu qanunsuzluğu önləyəsiniz».