Qarabağ danışıqlarında Azərbaycanın yol xəritəsi – TƏHLİL

11-05-2016, 10:36   


Statusun sonraya saxlanılması kimi gəlişigözəl fikirlərlə gəlin özümüzü aldatmayaq

Azərbaycan və Ermənistan diplomatiyasında hərəkətlənmələr müşahidə olunur. Belə ki, dünən Azərbaycan Xİ naziri Elmar Məmmədyarov Almaniyaya. Ermənistanın Xİ naziri Edvard Nalbandyan isə Fransaya işgüzar səfər etdi. Hər iki ölkə Qarabağ probleminin həllində önəmli ölkələr sayılır. Almaniya dönəmin ATƏT sədrliyini öhdəsinə götürmüşkən, Fransa da Minsk qrupu həmsədr dövlətlərindən biri kim çıxış edir. Və bu faktlar göstərir ki, hər iki səfər Qarabağ problemi ilə əlaqəlidir və münaqişə tərəflərini danışıqlar masasına oturtmağa cəhd edilir.
Başqa digər hadisələr də dediklərimizi sübut edir. Belə ki, dünən ABŞ dövlət katibi Kerri ilə Rusiya Xİ naziri arasında telefon danışıqları olub və əsasən Qarabağ probleminin müzakirə edildiyi bildirilir. ABŞ Dövlət Departamentinin münaqişə tərəflərini danışıqlar masasına dünənki dəvət çağırışı da təxminən bu yöndədir. ABŞ-ın Minsk qrupundakı həmsədri Uorlikin dünənki açıqlaması da bilavasitə sülh danışıqlarının başlamasına çağırışla bağlıdır. Avropa Birliyinin Cənubi Qafqazdakı nümayəndəliyinin Ermənistan səfərində olunan çağırışlar da danışıqlar masasına dəvətlə əlaqəlidir.
Göründüyü kimi, bütün dünya gücləri artıq Qarabağ danışıqlarının bir an başlamasına köklənib və bundan qaçışın olacağını da düşünmək doğru olmazdı. Bütün bunlar göstərir ki, Minsk qrupunun həmsədr dövlətləri atəşkəsin qorunmasında, hərbi eskalasiyanın qarşısının alınmasında maraqlıdır və bu yöndə birgə mövqe nümayiş etdirirlər. Bu da o anlama gəlir ki, artıq hərbi aktivlik dövrü öz yerini danışıqlar mərhələsinə buraxır. Və bu yöndə verdiyimiz proqnozlar təxminən özünü doğrultmaqdadır.
Ancaq atəşkəsin davamlı olması, hərbi əməliyyatların dayandırılması danışıqlar masasında Ermənistanın davranışlarına bağlı olacaq. Bu da bir gerçəkdir və bunu bu prosesdə arbitr rolunda olan dövlət və təşkilatlar anlamalıdırlar. O mənada ki, əgər Ermənistan yenə də süni surətdə danışıqları uzatmağa, yenə də pozuculuq mövqeyindən çıxış etməyə davam edəcəksə, bu, prosesin dayandırılmasına və yay aylarında yenidən hərbi əməliyyatların başlamasına rəvac verəcək. Baxmayaraq ki, Ermənistan aprel döyüşlərinin bir daha təkrarlanmamasını şərt kimi irəli sürür, amma güc amili olmadan erməniləri yola gətirməyin çətin olduğu da ayrı bir gerçəkdir və bunu hər kəsin anlaması lazımdır. Ona görə yox ki, Ermənistan qüdrətli, vacib bir ölkədir. Ona görə ki, arxalı köpəkdirlər və boz qurdun dişlərini, güclü caynaqlarını görmədikcə ipə-sapa yatacaq deyillər.
Ayrıca beynəlxalq hüquq münaqişələrin tək çözüm aləti olmasına baxmayaraq bu gün güc amili onunla bərabər yürüyür, hətta bəzən önə də çıxır.
Belə ki, əvvəlcə güc tətbiq edirlər, sonra onu beynəlxalq hüquqa bağlayırlar. Zamanında bu, keçmiş Yuqoslaviyada belə oldu. Bu gün Ukrayna və Suriyada da belədir. Sabah Qarabağ cəbhəsində də belə olacaq. Ona görə də diplomatiya ilə güc amili paralel həyata keçirilməlidir. Düşmən də hər iki cəbhədə zərbələr almalıdır ki, qaçacaq yerinin olmadığını anlasın. Hətta ideoloji cəbhədə olsa belə.
Heç bir halda prosesi öz axarına, yaxud Minsk qrupunun yönətməsinə buraxmaq olmaz. Çünki 24 il özümüzü onlara buraxdıq və nəticəsi də o oldu ki, işğalçı tərəf bizimlə danışıqlara qayıtmaq üçün şərt dalınca şərt qoşur. Hansı ki, dünyada hüquq, ədalət olsaydı, standartlar iki deyil, birmənalı olsaydı, bu gün Ermənistanı da Rusiya kimi işğaldan dolayı küncə sıxışdırar, doğduğuna peşman edərdilər.
Bütün hallarda, yəni həm cəbhədə, həm də diplomatiyada prosesi biz yaratmalıyıq. Bunun üçün isə təzyiq mexanizmlərimiz olmalıdır ki, bunlar da mövcuddur. Belə ki, güc amili bu gün Azərbaycanın tərəfindədir və bu yöndə status-kvonun dəyişməsinə imkan vermək olmaz. Azərbaycanı dəstəkləyəcək ölkələrin və müttəfiqlərin sayı sayı getdikcə artır və bu da beynəlxalq arenada çox təsirli mexanizmdir. Məhz bu mexanizm vasitəsilə BMT-nin işğalla bağlı 4 qətnaməsinin icrası tələb olunmalıdır və bu proses bir an belə dayanmamalıdır. Çünki bu cür davranış həm də Minsk qrupu həmsədrlərini hərəkətə gətirən mexanizmdir və arxayınçılıq hissini aradan qaldırmağa yardım edər.
Paralel olaraq hərbi pressinq davam etməlidir və əsas zərbə güclərimizin nəfəsini cəbhənin təmas xəttində ermənilər hər an hiss etməlidirlər. Danışıqlar masasında “ərazi əvəzinə status” və “Qarabağın statusunun referendum vasitəsilə müəyyənləşdirilməsi” kimi zərərli “həll yolları”ndan imtina olunmalıdır. Çünki bu cür təkliflər Ermənistan üçün cəlbedici olsa da, Azərbaycan üçün gələcəyə qoyulmuş minalar rolunu oynayır.
Bunu Ermənistanda da gizlətmirlər. Madrid prinsiplərində müqədərratın referendum vasitəsilə müəyyən olunmasını müstəqilliyə aparan yeganə yol kimi dəyərləndirirlər. Maraqlıdır ki, həmsədr dövlətlər də ermənilərlə həmfikirdir. Doğrudur, bunu birbaşa ifadə etməsələr də, Rusiya XİN-in son “Qarabağın statusu bölgə xalqının hüquqi səsverməsi ilə müəyyənləşəcək” çağırışı ermənilərin düşündüyü nəticə ilə eynilik təşkil edir. Ona görə də statusun sonraya saxlanılması kimi gəlişigözəl fikirlərlə gəlin özümüzü aldatmayaq. Ermənistanın Xİ nazirinin iddia etdiyi kimi masa üzərində olan Kazan sənədini də o biri sənədlər kimi arxivə göndərmək lazımdır ki, yeni səhifədən və doğrudan başlamaq mümkün olsun.
Ayrıca həmsədr dövlətlərin prezidentlərinin 2009-2013 bəyənatlarının gerçəyi ehtiva etmədiyi və beynəlxalq hüquqa zidd olması səbəbiylə qəbul olunmadığı bəyan edilməlidir. Və danışıqlar beynəlxalq hüququn gərəyincə işğal faktının aradan qaldırıması prosesindən başlamalıdır. Bunun üçün isə BMT-nin 4 qətnaməsi kimi hüquqi zəmin mövcuddur. Məhz buradan yola çıxaraq hüquq gücü ilə güc hüququnu çuğlaşdırmaqla irəliləmək lazımdır. Bu, doğru olduğu qədər, həm də ədalətli olar və məhz belə bir yol xəritəsi son dayanacağa qədər götürə bilir. Yoxsa ki, bir-birinə zidd prinsipləri ortaya qoymaqla birə yerə varılmaz. Əmin olmaq lazımdır ki, bu prinsiplər çözüm üçün deyil, çözümsüzlük üçün nəzərdə tutulub ki, sonda Azərbaycan yorulub, vaz keçsin vətən sevdasından. Ancaq xristian dünya gücləri anlamırlar ki, bizdə vətən anadır, yoxsa ermənilər kimi təkcə yaxşı yaşayış məskəni deyil. Ana isə bütün bəşəriyyətin tək doğurucusu kimi müqəddəsdir, əzizdir, ayağının altındakı torpaq da cənnətdir. Cənnətdən vaz keçilirmi, alternativinin cəhənnəm olduğunu bilə-bilə?!/hurriyyet.org/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar