“BANDOTDEL” SIRAVİ MÜƏLLİMİ NİYƏ HƏBS EDİB? - Mahir Cavadovla əlaqələrinin qurbanı olub!

11-05-2016, 17:02   

Bugünlərdə ölkə mediasında əslən Kəlbəcərdən olan və Şəmkir rayonunun Şiştəpə kəndində müəllim işləyən Məhəmməd Həşimov adlı şəxsin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (DİN BMCMİ) tərəfindən qanunsuz həbs olunmasına dair məktubu yayılıb.

Məktubda Məhəmməd Həşimov yazır ki, onu 2014-cü il oktyabrın 13-də Şəmkirdə bankdan çıxanda mülki geyimli beş nəfər tanımadığı şəxs zorla maşınının arxa oturacağına əyləşdirib, əllərini qandallayıblar. Sonradan bilib ki, onu tutanlar BMCMİ-nin əməkdaşlarıdır.

Məhəmməd Həşimovun yazdığına görə, onu həbs edənlər maşınının yük yerindən iki ədəd “RQD-5″ əl qumbarası və onun döyüş komplektinə aid olan iki ədəd ”UZRQM”, 35 ədəd 7.62 mm-lik və 37 ədəd 5.45 mm-lik güllə və bir ədəd də 200 qram çəkidə “Trotil şaşkası” çıxarıblar.

Məhəmməd Həşimov yazır ki, onu Şəmkir polisində döyərək və ailəsi ilə təhdid edərək, silah-sursatın özünə aid olduğunu yazdırıblar, daha sonra da Bakıya – “Bandotdel”ə gətiriblər. 2 gün “Bandotdel”də saxlandıqdan sonra oktyabrın 15-də Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib və elə həmin gün də Kürdəxanıdakı təcridxanaya göndərilib: “Mənə açılmış qondarma cinayət işinə Şəmkir rayon məhkəməsinin hakimi Nemət Paşayev baxırdı. Başıma gətirilənləri danışdım, vəsatətlər verdim, lakin məhkəmə tərəfindən mənə haqsızlıq edildi. Silah-sursatdakı əl izləri, onun kimə məxsus olması araşdırılmadı. Səkkiz ay davam edən məhkəmədən sonra heç bir sübut-dəlil olmadan, ”bandotdel”in sifarişilə CM-nin 228.1-ci (qanunsuz silah-sursat saxlama) maddəsilə bir il altı ay azadlıqdan məhrum edilməyim barədə hökm çıxarıldı”.

Xatırladaq ki, Məhəmməd Həşimov məktubunda başına açılan oyunların səbəbi kimi, 2014-cü ilin iyununda Müdafiə naziri general-polkovnik Zakir Həsənova etdiyi video-müraciəti göstərib: “Dilqəm Əsgərov və onun dostları Şahbaz Quliyevlə Həsən Həsənovun 2014-cü ilin iyununda ermənilər tərəfindən girov götürülməsi və elə həmin ərəfədə cəbhə bölgəsində vəziyyətin gərginləşməsi, nəticədə Azərbaycan ordusunun həmin döyüşlərdə xeyli canlı qüvvə itirməsi ilə əlaqədar bir kəlbəcərli, xeyli sayda yaxın və uzaq qohumları şəhid olmuş vətəndaş, müəllim və nəhayət, 23 il məcburi köçkün adını üstündə daşıyan adam kimi, susqunluq nümayiş etdirə bilməmişdim. Buna görə də Müdafiə naziri Zakir Həsənova video-müraciətim olmuşdu. Həmin müraciətdə bir vətəndaş kimi, baş verənlərə kəskin etirazımı bildirmişdim”…

Qeyd edək ki, bu məktubun dərcindən sonra AzPolitika.info-nun elektron poçtuna Məhəmməd Həşimovun kimliyi və onun həbsinin gerçək səbəbləriylə bağlı maraqlı məlumatlar daxil olub.

Məlumatda bildirilir ki, Məhəmməd Həşimovun adı, özünün yazdığı kimi, Müdafiə naziri Zakir Həsənova müraciətindən sonra hüquq-mühafizə orqanlarının diqqətinə düşsə də, əslində onun həbsinə səbəb keçmiş əlaqələri olub.



Belə ki, hüquq-mühafizə orqanları Şiştəpə kəndində hərbi hazırlıqdan dərs deyən və daim hökumətin Qarabağ siyasətini kəskin tənqid edən Məhəmməd Həşimovun əlaqələrini araşdırarkən, onun keçmiş OMON rəhbərliyi – rəhmətlik Rövşən Cavadovla, eləcə də onun hazırda Avstriyaya sığınmış qardaşı Mahir Cavadovla yaxın dost olduqlarını müəyyənləşdiriblər.

Bildirildiyinə görə, heç Həşimov özü də yaxınlarıyla təmaslarında Cavadovlarla keçmişdə yaxın olduqlarını gizlətmirmiş. Ancaq onun sosial şəbəkələr üzərindən 2014-cü ilin yayında yenidən Mahir Cavadovla təmaslarını davam etdirməsi və Cavadovun profili vasitəsi ilə yayılan hakimiyyət əleyhinə çağırışlarına dəstək verməsi güc strukturlarının gözündən yayınmayıb.

Bizə çatan məlumatlarda məsələnin daha bir diqqətçəkən tərəfi odur ki, Məhəmməd Həşimovun Mahir Cavadov bilib yazışdığı profil əslində hüquq-mühafizə orqanlarının əməliyyatçılarından birinə məxsus olub və beləcə, hərbi hazırlıq müəllimi “köhnə dostu”nun provakativ suallarıyla özünü tələyə salıb.

R.Əliyev
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar