Şamaxı rayonun Pirbəhli kənd məktəbinin 9-cu sinif şagirdi müəllimi İbrahimov Elnur Həsənağa oğlundan hamilə qalmağı barədə məlumat yayılıb. Məlumata görə, məktəbli qız hamiləliyin artıq 7-ci ayındadır. Şagirdin valideynləri dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, cinayətin açılmasına E.İbrahimovun mane olduğu bildirilir.
Təhsil ocağında bu halın yaşanması, təbii ki, normal qarşılanmayıb və Şamaxı rayon Təhsil İdarəsindən mətbuata verilən məlumata görə, qurumun rəhbəri də təhsil naziri Mikayıl Cabbarovla görüşüb bu məsələni müzakirə edib.
Bəs məktəbdə belə hal niyə baş verir?
Psixoloq Narınc Rüstəmova virtualaz.org saytına açıqlamasında bildirib ki, bu hadisədə yeniyetmə psixologiyasına, yeniyetmə yaş dövrünün xüsusiyyətlərinə də nəzər salmaq lazımdır. Onun sözlərinə görə, yeniyetmə yaşda olan uşaqlar, adətən, yaşca özlərindən böyük şəxslərə qarşı meyl hiss edirlər, amma bu o demək deyil ki, kimsə bundan istifadə etməlidir: “Yaxud da bu o demək deyil ki, bu hadisəyə bəraət qazandırmaq olar. Yeniyetmələr kimisə ideallaşdırır və platonik istək duyurlar. Bu hadisədəki qız yetkinlik yaşına çatmadığına görə onu yox, müəllimi daha çox günahlandırmaq lazımdır. Əsas məsuliyyəti o daşıyır. Çünki müəllim şagirdi ilə arasındakı məhrəmliyi qorumalıdır. Bu yaş dövründə belə istəyi hamı hiss edir, amma bundan istifadə etmək olmaz”.
N.Rüstəmova hesab edir ki, müəllimlərin işə qəbulu zamanı onların psixologiyasının yoxlanması vacibdir. Belə ki, müəllim kimi fəaliyyət göstərmək istəyənlər müəyyən psixoloji testlərdən keçməlidir:
“Avropada müəllimlər hər altı aydan bir psixoloji testlərdən keçirlər , mütəmadi yoxlanırlar. Çünki həyat hadisələri insanın psixikasını korlaya bilər və bu da uşaqlara qarşı fiziki güc tətbiq etməyə, yaxud da cinsi əlaqəyə daxil olmaq istəyinə gətirib çıxara bilər. Bu hadisədə də hesab edirəm ki, müəllimin psixoloji durumunda natarazlıq var”.
Psixoloq onu da vurğulayır ki, media bu xəbərlərə geniş yer verməməlidir:
“Bu xəbərlərin davamlı ictimailəşməsi insanlar üçün bu hadisələri adiləşdirir və onlar düşünür ki, belə şey də mümkündür. Analiz kimi vermək başqadır, bunun təfərrüatlarını araşdırmaq, yaxud da hansısa görüntüləri vermək, şou kimi təqdim etmək başqadır. Bu, qəbulolunmazdır”.
“Belə hadisələrin xəbər kimi tirajlanması yalnız və yalnız sensasiya üçündür”
Media eksperti Qulu Məhərrəmli də bu fikirdədir ki, psixoloqların yanaşması doğrudur:
“Əvvəla bu, kütləvi hal deyil, ikincisi, bu, azyaşlı insanla baş verən hadisədir. Bunun doğruluğu müəyyən mənada şübhə də doğura bilər. Düşünürəm ki, belə hadisələrin xəbər kimi tirajlanması yalnız və yalnız sensasiya üçündür, diqqəti cəlb etməyə hesablanıb. Bu hadisədə cəmiyyət üçün önəmli olan heç nə yoxdur”.
Q.Məhərrəmlinin sözlərinə görə, belə xəbəri yaymazdan əvvəl media düşünməlidir ki, bununla nəyə nail olur:
“Sadəcə olaraq, cəmiyyətin psixologiyası kütləvi şəkildə zədələnir. Xəbər gələndə hesablamaq lazımdır ki, bunu yaymağın cəmiyyət üçün nə xeyri var? Bu tip bir neçə hadisəni birləşdirib analitik yazı vermək olar, amma xəbər kimi yayanda çox diqqətli olmaq lazımdır”.
Təhsil eksperti Nadir İsrafilovun fikrincə, nazirlik hadisə barədə hansısa tədbir görməzdən əvvəl buna hüquqi qiymət verilməsini gözləməlidir:
“İlk növbədə, istintaq orqanları tərəfindən araşdırılıb buna hüquqi qiymət verildikdən sonra Təhsil Nazirliyi hansısa cəza tədbiri müəyyən edə bilər. Psixoloji yoxlamaya gəlincə isə, bu, bir neçə il bundan öncə də müzakirə olunmuşdu, amma heç bir nəticə olmadı. Hazırda mütəmadi olaraq müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir, elə bu proses zamanı, şübhəsiz ki, onun psixoloji durumunu aydınlaşdıran suallar qoymaq olar. Ümumiyyətlə, bu prosesdə psixoloqların iştirakını təmin etmək lazımdır. Təkcə bu hallar yox, eləcə də uşaqların döyülməsi halları ilə mübarizədə bu məsələ vacibdir. Təhsil təlim və tərbiyənin vəhdətindən ibarət olmalıdır. Bizdə ancaq təlim verilir, tərbiyə yaddan çıxıb”.
Ekspert vurğulayır ki, diqqət ancaq şagirdin bal toplayıb ali məktəbə qəbul olunmasına yönəlib:
“Sovet dönəmində uşaqlara kamal attestatı ilə yanaşı xasiyyətnamə də verilirdi. Bu sahədə istər müəllimlər, istərsə də şagirdlər arasında tərbiyəvi iş getməlidir ki, belə hallar yaşanmasın”.
Əgər təqsirli bilinərsə, müəllimi hansı cəza gözləyir?
Hüquqşünas Adəm Məmmədov virtualaz.org-a açıqlamasında bildirib ki, hadisənin zorlanma olub-olmamasından asılı olmayaraq 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq cinayət məsuliyyəti yaradır:
“Cinayət Məcəlləsinin 152-ci maddəsində göstərilir ki, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bunun üçün uşağın 16 yaşına çatmadığı, ekspert tərəfindən hamilə olduğu, yaxud da ona qarşı cinsi xarakterli hərəkətlər olduğu sübuta yetirilməlidir.
Hadisə qarşı tərəfin öz razılığı ilı olsa belə, yenə də qanun qarşısında cinayət məsuliyyəti daşıyır. Çünki 16 yaşına çatmayan şəxs azyaşlı sayılır.
Əgər zorlama hadisəsidirsə, bu zaman şəxs Cinayət Məcəlləsinin 149-cu maddəsi ilə təqsirli bilinir və təqsiri sübuta yetirilərsə, 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir”.
Fatimə Kərimli
Virtualaz.org