Nabatəli Qulamoğlu: «Sözsüz ki, balların aşağı olması ölkədə təhsilin səviyyəsinin aşağı olmasının göstəricisidir»
Bugünlərdə ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, abituriyentlərdən 8 nəfəri 600-700 bal (0.06 faiz), 57 nəfəri 500-599 bal (0.42 faiz), 291 nəfəri 400-499 bal (2.14 faiz), 823 nəfəri 300-399 bal (6.06 faiz), 2140 nəfəri 200-299 bal (15.75 faiz), 10270 nəfəri isə 0-199 bal (75.58 faiz) toplayıb.
Xatırladırıq ki, əvvəlki illərin məzunları ötən illərdə keçirilən qəbul imtahanlarında iştirak etmiş, lakin müvafiq nəticələr əldə edə bilməyən və ya istədiyi ixtisasa qəbul olmayan abituriyentlərdir. Adətən bu abituriyentlər cari ilin məzunları ilə müqayisədə zəif nəticə göstərərək aşağı bal toplayırlar (APA).
Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu da əvvəlki illərin məzunlarının əsasən ötən illərdə özlərini sınayaraq müvəffəqiyyət qazana bilmədiklərini deyir. Ekspert bu qəbildən olan abituriyentlərin çox da yüksək biliyə malik olmadıqlarını vurğulayır: “Göstəricilərin aşağı olmasının başlıca səbəbini bununla izah etmək ədalətli olar. Mən keçən ilin may ayının testlərilə builki may qəbulunun testlərini araşdırmışam. Bu il test sualları keçən ilkinə nisbətən çətin olub. Keçən il əvvəlki illərdə imtahan verənlərlə ilk dəfə qəbul imtahanı verən abituriyentlərin imtahan sualları arasında çox ciddi fərqlər vardı. Hətta tənqid də etdilər ki, abituriyentlər üçün təcili imtahan testləri hazırlansın. Həmin tənqiddən nəticə çıxarıb bu il imtahan sualları sərtləşdirilib. Imtahan göstəricilərinin aşağı olmasının digər səbəbini imtahan suallarının sərtləşdirilməsində axtarmaq lazımdır. Sözsüz ki, balların aşağı olması ölkədə təhsilin səviyyəsinin aşağı olmasının göstəricisidir. Bu məsələ birmənalıdır. Bu elə problemdir ki, bütün müvəffəqiyyətsizliklərin mərkəzində dayanır”.
Nigar