Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

Bakı Ankara və Moskvanı barışdıra bilər – Ekspert

5-06-2016, 10:41   

Ermənistanın müttəfiqi olmasına rəğmən, Rusiya Azərbaycana tərəfdaş ölkələrdən sayılır. Ona görə də Binəli Yıldırımın sözlərinə istinad edilsə, Rusiya Türkiyənin də yenidən tərəfdaşına çevrilə bilər.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi bildirib ki, Ankara da Moskva ilə münasibətlərin normallaşmasını istəyir:

“Çünki bu gərginlik hər iki ölkənin iqtisadi-ticarət münasibətlərinə mənfi təsir edir, böyük regional enerji layihələrini sual altında qoyur. Ankara rus turistlərin azalması səbəbindən turizm sektorunun itkilərindən də narahatdır. Ancaq Kreml Binəli Yıldırmla münasibətləri yeni səhifədən başlaya bilər. Təsadüfi deyil ki, Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu iki ölkə arasında işçi qrupun yaradılmasını və bunun rəsmi və ya qeyri-rəsmi formatda fəaliyyətə başlaya biləcəyini təklif edib”.

Politoloq Türkiyə-Rusiya münasibətlərinin normallaşması üçün qeyri-rəsmi formatda dialoqa başlamağın daha real olduğunu qeyd edib:

“Rəsmi Moskva dialoqa hazır olmasa da, rusiyalı ekspertlər türkiyəli həmkarları ilə buna hazırdırlar. Onlar arasında Kremlə yaxın şəxslər də var. Bu yerdə Azərbaycanın ikitərəfli dialoqa fayda verəcəyi də mümkündür. Bu gərginlik Dağlıq Qarabağ münaqişəsi baxımından Bakının maraqlarına cavab vermir. Azərbaycanlı ekspertlər hər iki dövlətin ekspert və akademik çevrələri ilə sıx təmasdadırlar və üçlü dialoq formatı təşkil edə bilərlər. Görüşləri növbəlilik əsasında Rusiya, Türkiyə və Azərbaycan ərazisində təşkil etmək mümkündür. Türkiyə və Rusiya hakimiyyətləri ekspertlərin hazırladıqları təkliflərdən istifadə edə bilərlər. Bunun üçünsə ekspertlərin münasibətləri normallaşdırmaq üçün “yol xəritəsi” hazırlaması vacibdir”.

Qeyd edək ki, Türkiyənin yeni Baş naziri Binəli Yıldırım iyunun 3-də Bakıya rəsmi səfəri edib. Səfər zamanı Azərbaycan rəhbərliyi ilə görüşlər keçirilib və ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə edilib, eləcə də mühüm regional və qlobal məsələlər üzrə fikir mübadiləsi aparılıb. Baş nazirin səfəri bu gün başa çatıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar