Sumqayıtın icra başçısının ciddi maxinasiyaları aşkarlanıb; büdcə təşkilatlarında çalışanlardan Hesablama Palatasını “razı salmaq” adı altında kütləvi şəkildə pul toplanır
“Sumqayıtda büdcə təşkilatlarında çalışanlardan kütləvi şəkildə pul yığılır. İcra hakimiyyətindən gələn tapşırıq əsasında müəllimlərdən, həkimlərdən, ümumiyyətlə, dövlət strukturlarında çalışan bütün işçilərdən, həmçinin iş adamlarından "xərac" tələb edilir. Bunu belə əsaslandırırlar ki, Hesablama Palatasının Sumqayıtda apardığı yoxlamaların ağır nəticəsini aradan qaldırmaq üçün bu qurumu “razı salmaq” lazımdır.
İşçiləri təhdid edirlər ki, qurumun hesabatı kəskin olsa, büdcə təşkilatlarının rəhbərləri də cəzalandırılacaq, bunun zərbəsi də hamıya dəyəcək, ona görə də mütləq pul yığılmalıdır".
Bu xəbəri “Yeni Müsavat”a Sumqayıtda büdcə təşkilatında çalışan bir şəxs verib. Onun sözlərinə görə, hər bir məktəbə, xəstəxanaya, bağçaya, iaşə obyektlərinə konkret bir məbləğdə pul ödəmək tapşırılıb: “Həmin qurumların rəhbərləri də bu pulu işçilərdən yığırlar. Məsələn, hazırda Sumqayıtda hər bir həkimdən 50-100 manat, müəllimdən 20-30 manat (əksər məktəblərdə standart olaraq 25 manat) pul yığılır. İş adamlarına isə 2 min manatdan başlayaraq, 10 min manatadək "haqq" çatdırmaq tələb edilir".
Mənbə onu da deyib ki, Hesablama Palatasının Sumqayıtda apardığı yoxlamalar zamanı fantastik büdcə talançılığının üstü açılıb: “Hesablama Palatası son vaxtlar - yəni yeni sədr Vüqar Gülməmmədovun dövründə büdcə təşkilatlarında yoxlamalar zamanı üzə çıxan nöqsanlar ictimailəşdirilir. Bir müddət öncə bir neçə dövlət müəssisəsində aparılan yoxlamalar zamanı da üzə çıxan neqativlər hamısı ictimailəşdirilmişdi. Bir neçə nazirlik bu yoxlamaların nəticələrini təkzib etməyə də çalışmışdılar. Eldar Əzizov Sumqayıtda aparılan yoxlamalar zamanı aşkarlanan maliyyə pozuntuları ictimailəşəcəyi halda bunun çox ağır fəsadları ola biləciyinin fərqindədir. Ola bilsin ki, o, hansısa məbləği verərək Hesablama Palatasının hesabatını yumşalda biləcəyinə ümid edir; bu pulu da büdcə təşkilatlarından yığır. Yaxud da ola bilsin ki, bu nəticələr açıqlandıqdan sonra o, ümumiyyətlə Sumqayıtın icra başçısı vəzifəsindən azad ediləcəyini düşünür, ona görə də son fürsət kimi, ”Hesablama Palatasını razı salmaq" adı altında özü üçün pul toplamağa çalışır".
Qeyd edək ki, iki gün öncə Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib. Palatadan mətbuata verilən məlumata görə, iclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının saxlanılmasına və Meşələrin İnkişafı Departamentinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinə dair həyata keçirilmiş audit tədbirlərinin nəticələri üzrə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisinə təqdim olunması qərara alınıb.
Eyni zamanda dövlət büdcəsinin “Səhiyyə” bölməsi üzrə “Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidmətinə, dövlət əsaslı vəsait qoyuluşundan Neftçala Rayon İcra Hakimiyyətinə, dövlət büdcəsinin yerli xərclərindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə Sumqayıt şəhərində məktəbəqədər təhsil müəssisələrinə ayrılan vəsaitlərin istifadəsinə, həmçinin Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının hesablanmasına dair audit proqramları müzakirə edilərək təsdiq olunub.