Ölüləri qəbirlərdən çıxarıb yeyən dəhşətli varlıqlar... Yəqin ki, oxucular bu səhnənin ancaq dəhşət filmlərində mümkün ola biləcəyini düşünürlər.
Lakin virtualaz.org saytı xəbər verir ki, dünyada bu cür insanların yaşadığı, üstəlik təriqət halında fəaliyyət göstərdiyi ölkə də var. Bu, əhalisinin sayına görə dünyanın ən böyük ölkələrindən olan Hindistandır.
Lenta.ru portalı bu təriqətlər və onların dəhşətli ritualları haqda yazıb. Həmin araşdırmada deyilir ki, bir neçə gün əvvəl Hindistanın qonşusu Pakistanda Muhammed Arif və Fərman Əli adlı iki qardaşa hannibalizmə görə 12 il həbs cəzası kəsiləndə onların törətdiyi əməl dünyada dəhşətlə qarşılandı.
Məlum oldu ki, bu qardaşlar 2011-ci ilin aprelində qəbirdən körpə uşağın meyitini çıxararaq yeyiblər. İstintaq onların əvvəllər də ölü əti yediklərini üzə çıxarıb. Məlum olub ki, qardaşlar yerli qəbiristanlıqda 100-ə yaxın qəbiri eşiblər və cəsədlərin hissələrini yeyiblər.
Əgər İslam ölkəsi olan Pakistanda bu hadisə əsl şok yaradıbsa, qonşu Hindistanda ölüləri yemək adi haldır və yüz illərdir bu adət hökm sürür.
Özü də psixi xəstəliyi olan pakistanlı qardaşlardan fərqli olaraq Hindistanda bu əməllə tamamilə sağlam adamlar məşğuldur. Vaxtilə ingilislər bu adətlə mübarizə aparmağa çalışıblar, ancaq hindistanlı hanniballar qarşısında gücsüz olublar. Müasir və müstəqil Hindistanda isə bu ritual xəlvəti də olsa qalır.
2006-cı ilin aprelində Hindistanın Uttar-Pradeş ştatında polis hindu dilində “sadhu” adlanan iki “müqəddəs adamı” hannibalizm şübhəsi ilə həbs edib. Onları yerli kəndlilər ələ veriblər.
Kəndlilər aşkar ediblər ki, onların üç gün əvvəl dəfn etdiyi yeniyetmənin cəsədi çıxarılıb və başı kəsilib. Daha sonra onlar yarısı yeyilmiş cəsədi də tapıblar.
“Müqəddəs adamlar” etiraf ediblər ki, təzə basdırılmış cəsədi çıxarıblar və başını kəsiblər, bədəninin bir hissəsini, ürəyini və digər orqanlarını yeyiblər. Bu məxluqlar inanıblar ki, cəsədi yemək onlara böyük güc verəcək.
Hər iki sadhu induizmin ən qədim və ən qəribə istiqamətlərindən olan aqxori təriqətinə mənsub idilər. Aqxorilər barədə ilk dəfə XVI əsrdə fars mənbələrində məlumat yer alıb. Lakin onlar özləri təriqətin min illərdir mövcud olduğunu iddia edirlər.
Təriqətin adı tərcümədə “dəhşət saçan”, “qorxmaz” mənasını verir. Təriqətin üzvləri ritual məqsədlərlə ölülərin cəsədlərini yeyir, cəsədlərin yanında yatır, insan çənələrindən düzəldilmiş su qablarından öz rituallarında istifadə edir, kremasiya yerlərində ibadət edir və digər bu kimi iyrənc əməllər törədirlər.
Bütün bunlara görə bir çox hindular onlardan üz döndərib. Belələrinin induizmə aidiyyətinin olmadığını deyirlər.
Müasir Hindistanda hannibalizm qanunla cəzalandırılır, ona görə də aqxorilər tanımadıqları adamlarla təmaslardan qaçırlar. Yerli sakinlər isə onlardan qorxur.
Buna baxmayaraq aqxorilərin sayı getdikcə artır. Bir çoxlarını onların qeyri-adi və dəhşətli ritualları özünə cəlb edir. Maraqlıdır ki, aqxorilər ağdərili turistlərlə daha çox dost olurlar. Çünki turist onlardan polisə şikayət etmir, üstəlik pul da verir.
Britaniyanın “Daily Mirror” qəzetinin əməkdaşı, aqxorilərin rituallarını izləyib bir neçə foto çəkən Darra Meyson öz məqaləsində yazıb ki, o, təriqət üzvləri arasında amerikalı centlmen görüb. Hansı ki, əvvəllər belə hal mümkün deyildi və adamyeyənlər təriqəti ağdərilini öz sıralarına qəbul etməzdi.
Aqxoriləri bütün Hindistanda görmək olar, lakin onlar əsasən Qərbi Benqaliyadakı müqəddəs Tarapit şəhərində məskunlaşıblar. Bu şəhər şivaizmin mərkəzlərindən biridir və hindlilər öz ölülərinin cəsədlərini yandırmaq üçün ora aparırlar.
Qanq çayının yaxınlığındakı Varanasi rayonunda da aqxorilər çoxdur. Onları olduqca dəhşətli görkəmlərindən və qarmaqarışıq çirkli saçlarından asanlıqla seçmək olar. Tarapittdə aqxorilər meyitlərin yandırıldığı yerlərdə ibadət edirlər, özlərini ölülərin külünə sürtürlər.
Varanasi yaxınlığında isə Qanq çayından qismən çürümüş cəsədləri tutub çıxarır və yeyirlər (Hindistanda ölüləri yandırmaqla yanaşı müqəddəs sayılan Qanq çayına da atırlar).
Hindistanda hannibalizm qadağan olunsa da aqxorilərin təriqəti qanunla qadağan edilməyib. Hindistan dövləti dini müxtəlifliyi qoruyur. Nəticədə mürəkkəb kolliziya meydana çıxır: aqxorilərin ritualları hannibalizmlə bağlıdır və bu ritualı yerinə yetirmək üçün qanunu pozmalı olurlar.
O başqa məsələdir ki, Hindistan polisi əksər hallarda sekta üzvlərinin ölü yeməsinə barmaqarası baxır və təriqətin üzvləri nadir hallarda həbs edilir.
Lakin Hindistanda hannibalizmlə təkcə aqxorilər məşğul deyil. Ölkənin dağlıq Mizoam, Meqhalay və Tripur əyalətlərində xristianlığın protestant qoluna mənsub naqa qəbiləsinin və digər qəbilələrin üzvləri arasında da hannibalların olduğu barədə məlumatlar müntəzəm olaraq yerli mətbuata çıxır.
Sonuncu dəfə belə şayiələrdən biri ötən ilin yanvarında rəsmən təsdiqlənib. Muzdlu işçilərdən ibarət kütlə (onların arasında dağlıq qəbilələrin üzvləri də olub) çay plantasiyalarının sahibini və onun arvadını dəyənəklə ölənə qədər döyüblər. Sonra kütlədən beş nəfər plantasiya sahibinin cəsədini qismən yeyiblər.