Zahid Oruc: "Bu işi ölkəmiz adına uğurlu addım kimi qiymətləndirmək olar"

22-06-2014, 19:45   
Zahid Oruc: "Bu işi ölkəmiz adına uğurlu addım kimi qiymətləndirmək olar"
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zahid Oruc Kəpəz TV-yə müsahibəsindı ötən həftə Bakıda baş tutan NATO Baş Assambleyasının növbəti seminarında baş verən məqamlara aydınlıq gətirib.

- Zahid müəllim, ötən həftə NATO Baş Assambleyasının Bakıda növbəti seminarı keçirildi. Seminarda Ermənistan nümayəndə heyəti də iştirak edirdi. Ermənistan nümayəndə heyətinin təxribat cəhdləri və Azərbaycan nümayəndələrinin buna yerində cavab verməsi tədbirə öz damğasını vurdu desək, yanılmarıq. Buna sizin fikriniz necədir?

- İlk öncə bildirmək istərdim ki, KİV nümayəndələri bizim apardığımız mübarizənin içərisində çox uğurla iştirak edirdilər, həmin söz dueli məlumat müstəvisinə dərhal yansıyırdı.
Bu seminar, bir dinləmə deyil, NATO-nun daha yuxarı strukturları üçün əsas tezisləri, prinsipləri hazırlayan, fundamental baxışları ortaya qoyan və oradan mühüm məqamların hamısının çıxarıldığı bir formatdır. Yəni NATO Parlament Assambleyası üçün də, onun beyin mərkəzləri, hərbi qərargahlarla əlaqələrdə də bu format çox böyük rol oynayır. Ermənilərin assambleyanın tədbirində iştiraklarına gəldikdə isə əlbəttə NATO-nun mövqeyi bundan ibarətdir ki, guya dialoq mühitində onlar Ermənistanı Rusiyanın periferiyasından çıxara biləcəklər. Bir sözlə nə qədər ki, bu danışıqlar baş verməyəcəksə Ermənistan daha çox öz cinahında möhkəmlənəcək, Azərbaycandan uzaq düşəcək, NATO ilə hər hansı masalardan kənarda qalacaq və bu da ziyana işləyəcək. Təxmini yanaşma budan ibarətdir. Halbuki, NATO PA-nın prezidenti daxil olmaqala, komitə rəhbərləri, 20 ölkənin 60-dan yuxarı nümayəndələri şahidi oldular ki, səngərdə olan və Azərbaycanın mülki və hərbi insanına atəş açan erməni necədirsə, mikrofon arxasında dayanıb, sağa-sola avantüralar, ekstremizm təmayülü ilə yanaşan ermənilər də elədilər. Ona görə də onların bu tədbirdə təxribat məqsədləri baş tutmadı, diskussiyalar kifayət qədər canlı, tolerant mövqedə keçdi. Və elə hesab edirəm ki, burada ən başlıca məsələ Azərbaycanın mövqeyinin uğula təmsil olunması reallaşdı, komandalı mübarizə oldu və hesab edirəm ki, bu işi ölkəmiz adına uğurlu addım kimi qiymətləndirmək lazımdır.

- Erməni deputatlar seminarla bağlı İrəvana daimi olaraq əsassız informasiyalar ötürürdü; guya onlar burda sıxışdırılır, təzyiqlərə məruz qalır. Onların bunu etməkdə məqsədləri nə idi?

- Bilirsinizmi belə düşünürəm ki, erməninin Bakıya gəlməsi onun statusundan asılı olmayaraq cəmiyyətdə özünəməxsus reaksiyalar doğurur. Və bu da çox təbiidir, olmasa təəccüblü olardı. Biz həm də nəzərə almalıyıq ki, onların bu məkana gəlməsi nə şəhid qanı üzərindəndir, nə onların mənəviyyatını və ruhunu aşağılamaq üçün deyil. Əksinə istənilən masa arxasında Azərbaycanın mövqeyinin güclü və ədalətli olduğunu, haqqa dayandığını sübuta yetirməyin bir imkanıdır. Əgər onlar bu seminarda iştirak etməsəydilər onların işğalçılıqlarını xatırlatmaq, Dağlıq Qrabağ mövzusunda ətraflı danışıqlar aparmaq mümkün olmazdı. Başqa bir tərəfdən biz həm də onu düşünməliyik ki, onların burada Azərbaycanın real inkişafını görməsi, bunun istənilən NATO ekspertlərinin, onların rəhbər nümayəndələrinin dilindən səslənməsini görmələri bizim üçün daha əlahiddə bir hadisədir. Görüş zamanı tədbirin xüsusi formada yaxşı təşkil olunduğu, ən yüksək demokratik diskussiyalar mühitində keçdiyi vurğulandı.

Ermənilərə təzyiq məsələsinə gəldikdi isə bunların tamamilə əksinə olaraq həmin üç erməni də, o cümlədən onlara ideya və siyasi dəstək verən, bəzən olardan da qabağa keçən Leyla Yunusla bərabər çox geniş şəraitdə, heç bir xüsusi diqqət cəlb etməyən bir formada müzakirələr aparıldı. Sonluqda onlar sinələrinə döyərək NATO tədbirini gələn il öz ölkələrində daha fərqli, Azərbaycandan da üstün şəkildə keçirəcəklərini vurğuladılar. Əvvəla bununla özlərini rüsvay etdilər ki, NATO nümayəndələri bizə hansı qiyməti vermişdilər. İkincisi, tədbirlərin keçirilmə forması üzərindəki yarış deyərkən nəzərə almalıdırlar ki, Avrasiya iqtisadi forumunun ayaqaltısı olan bir ölkə NATO-ya ev sahibliyi edəcəyini fəxarətlə qeyd edir. Bilirsiniz ki, bu sözkəsənlik və özlərini bizdən üstün göstərmək üçün bir mövqedir. Digər tərəfdən onlar erməni cəmiyyətinin bizdən dözümlü, həmin tədbirdə iştirak edən parlament üzvlərinin daha fərqli bir şəraitdə olduğunu demək üçün mövqelərini vurğulayanda mənim cavabım özünü çox gözlətmədi. Yeri gəlmişkən Azərbaycan nümayəndə heyətinin hamısı kifayət qədər yüksək formada, orijinal dillə, hazırlıqlı səviyyədə mübarizə aparırdılar. Mən tədbirin sonunda “burda bizə yaxşı şərait yaradılmadı”, deyən ermənilərə cavab olaraq belə bir məsələni vurğuladım: “İmkanınız varmı, cəsarətiniz çatarmı gedib Xocalı abidəsini ziyarət edəsiniz?” Bunu təkcə ona görə yox ki, onların buna ehtiyacı var və ona görə yox ki, ata-babalarının günahına görə onlar üzrxahlıq edib, baş əysinlər, əksinə onların oraya getmələri həmin insanların xatirəsini əbədiləşdirən abidənin ruhlarının özləri üçün də ağır sınaqdır, əslində onlar sağ olsaydılar bunu qəbul etməzdilər. Ancaq mən bunu hətta özmüzçün birmənalı qarşılanmayan bir təklif də olsa erməni cəmiyyətinin necə amansız və qəddar olduqlarını göstərmək üçün etdim. Belə olsa idi o şəxslər ölkələrinə qayıdan kimi elə öz adamları onları qətlə yetirərdilər. Və bu sübut edir ki, onlar bizdən əlahiddə bir formada üstün şəkildə demokratik, dözümülü və açıqsözlü deyillər. Onlar Qaradəniz iqtisadi əməkdaşlıq təşkilatının tədbirlərində Azərbaycan parlament üzvlərinə qarşı çox diskriminativ davranıblar; qapı ağzında qoyduqları boynuyoğunlar psixoloji, mənəvi hətta fiziki təzyiqlərə işarə ilə, təhdidlərlə məşğul imişlər. Azərbaycanda bu alınmadı, tədbir yüksək səviyyədə keçdi və məqsədə nail olundu. Onların aqressiyasının baçlıca səbəbi Azərbaycanın gerçəkləridir. Bildirim ki, Qarabağ məsələsi həm də ona görə uydurulmuş və ortaya atılmışdır ki, Azərbaycan dövləti məhv olsun. Bu, baş vermədi. Bu ölkə yaşadı, yerindədir, mövcuddur, güclənibdir. Qalib ölkə bəli, özünü birinci Qarabağ savaşından məğlub çıxmış dövlətlə heç bir parametrilə müqaisə edə bilmir. Bu, gerçəklikdir. Ona görə də bu, onları mənəvi və psixoloji təsir altında saxlayırdı. Bu reallıq bizdən çox danışırdı.

- Tədbirdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olundu. Ümumilikdə sizin fikrinizcə NATO bu problemin həllində hansı işləri görə bilər?

- Düşünürəm ki, onlar indi daha yaxşı dərk edirlər ki, illərlə bu məsələni özləri üçün istismar etməklə Rusiya kimi nəhəng bir dövlətin bundan faydalanmağına imkan açıblar. Əgər problem zamanında həll olunsaydı məsələ belə dramatikləşməzdi və bu gün şimal qonşumuzun da bölgədə hegemoniyası indiki şəkildə olmazdı. NATO-nun böyük imkanları var, zaman-zaman Azərbaycan buna çalışıbdır ki, Avroatlantik qurum prosesə müdaxilə etsin, lakin onlar ayrı-ayrı zirvə görüşlərində verdikləri siyasi qərardan irəli gedib hər hansı bir hərbi addımlar, iqtisadi sanksiyalar tətbiq etməyiblər. Lakin bu tədbirdə Azərbaycan parlamentariləri hər kəsi inandırmağı bacardılar ki, bu qurum bölgədə Azərbaycanın güclənməsini istəməlidir, bunda maraqlı olmalıdır, əks halda NATO-nun özünün maraqlarına vurulan ən böyük zərbə bu olacaq.

- NATO seminarı zamanı Rusiya XİN rəhbəri Sergey Lavrov da Bakıya səfər etdi. Sizcə bu səfərin zamanlanmasını necə qiymətləndirmək olar?

- Təbii ki, bu, əvvəldən planlaşdırılmış səfər sayıla bilməzdi. İddia etmirəm ki, bu, məhz NATO konteksti ilə bağlı idi, Xeyr. Lakin düşünürəm ki, onun səfərinin Rusiyanın gündəliyinin bu dərəcədə amansız, ağır və mürəkkəb olduğu bir dövrdə bütün o prosesləri qoyaraq Qafqaza gəlməsi Ermənistanda və Azərbaycanda görüşlərdə olmasının əsas məsələləri heç Avrasiya İqtisadi forumu da deyil. MDB onsuz da var, Rusiyanın orda dominantlığı mövcuddur və faktiki olaraq yeni-yeni adlar seçəndə də heç nə dəyişmir. Onsuz da bu ölkələr və Azərbaycan özünün iqtisadi müstəqilliyindən imtina edəsi deyil. Azərbaycanın Bakı-Ceyhandan, TANAP, TAP yaxud da ki, Şahdəniz-2-dən kənar durub gedib Rusiyanın hər hası bir birliyi altında olması da mümkünsüzdür. Elə hesab edirəm ki, Rusiya-Ukrayna konfrantasiyası fonunda Azərbaycanın da mövqeyi bu bölgədə kifayət qədər stratejiləşib, əhəmiyyətləşib və həlledici olubdur. Baxın, qərb ölkələrinin bölgəyə gələn nümayəndələrinə. Yəni, sanki bu bölgədə Qafqaz uğrunda Rusiyanı məğlub edib, onu əlehinə çevirmək üçün bir savaş gedir. Lavrovun səfərinin əsas məqsədlərindən biri burada cənab İlham Əliyevin mövqeyini bilməkdir. Mən açıq şəkildə deyə bilərəm ki, bu gün ölkə rəhbərinin siyasi imkanları elədir ki, iddia etmirəm tam vasitəçilik missiyası şəkilində, amma ən azı Rusiya-Ukrayna əlaqələrinə təsir göstərəcək bir səviyyədədir və qüvvələrinə nisbətən təsir edəcək bir məqamdadır. Ona görə də bizim üçün Sergey Lavrovun səfəri də əhəmiyyətli idi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar