Gödəklər kənd orta məktəbinin binası istifadəyə yararsız vəziyyətdədir.
ANS TV-nin məlumatına görə, Beyləqanın Gödəklər kənd orta məktəbi 1973-cü ildə istifadəyə verilib, 10 sinif otağından ibarət məktəb binası istifadəyə yararsız vəziyyətdədir. Yaz aylarında isə məktəb əsl təhlükə mənbəyinə çevrilir.
Müəllim İbadət Abbasov deyir ki, əsasən də aprel, mart ayları olanda ilanlar yuva salır.
İçəri daxil olduğumuzda divarlardakı çatları gözlərimizlə gördük. Çürüyüb, dağılmış döşəmədə və divardakı çatlarda alaq otları bitib. Yağışdan qorunmaq üçün isə tavan bir neçə yerdən əski parçası ilə tutulub.
İbtidai sinif müəlliməsi İradə Abbasova deyir ki, bir neçə dəfə sinif otağının döşəməsinin altından çıxan ilanları özü öldürüb. Burda elə valideyn var ki, gözünün ağı-qarası bir övladı var. Onu ilan sancsa, kim cavab verəcək? İstəyirik ki, məktəbimiz yeni məktəb binası ilə əvəz olunsun.
Bəzi sinif otaqlarında dərs keçmək mümkün olmadığından müəllimlər anbar kimi istifadə olunan yardımçı tikilidə dərs keçmək məcburiyətində qalır.
Qeyd edək ki, Gödəklər kənd orta məktəbində ötən dərs mövsümündə 85 şagirdə dərs keçilib. 2014-2015-ci il tədris ilində isə təqribən 105 şagird təhsil alacaq. Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov Gödəklər kənd orta məktəbinin vəziyyəti barədə məlumatı olduğunu dedi. Məktəb binasında uzun müddət məcburi köçkünlər məskunlaşdığından təmir etmək mümkün olmayıb.
Tofiq Sadıqov təsdiq etdi ki, Gödəklər kəndinin yeni məktəb binası ilə təmin olunması vacibdir. Bu haqda biz rayon icra hakimiyyətinə, təhsil nazirliyinə məlumat vermişik. Məktəblərin tikilməsi proqramına salınıb. Nazirlər kabinetindən də məktəbə baxış keçirilib. Yeni məktəb binası planlaşdırılıb. Çox güman ki, yaxın illərdə 2015-ci ildə Gödəklər kənd orta məktəbi üçün yeni məktəb binası tikiləcək.