Azinform.az saytında "Gündəm xəbər”qəzetinə qarşı təxribat” başlıqlı xəbər yer alıb. Xəbərdə guya "Gündəm xəbər” qəzetinin təxribata məruz qalması iddia olunsa da, əslində həqiqət gizlədilərək Şirin Cəfərinin maraqları ifadə olunub. İlk öncə qeyd edim ki, "Gündəm xəbər” qəzetinin baş redaktoru kimi təqdim olunan Şirin Cəfəri bir gün də olsun göstərilən vəzifəni daşımayıb, adı çəkilən qəzetin baş redaktoru olmayıb və indi də belə deyildir. Əgər belə olsaydı Şirin Cəfəri bilməliydi ki, "Gündəm xəbər” qəzetinin keçmiş kollektivi istirahətdə deyil, qəzet bazarında yay fəslində müşahidə olunan çətinliklərə baxmayaraq hələ də fəaliyyətdədir.
Bütün ölkə mediasının və KİV-lərin nəzərinə çatdırıram ki, "Gündəm xəbər” qəzetinin sonuncu baş redaktoru hazırda "Gündəm şok xəbər” qəzetinin təsisçisi və baş redaktoru Nicat Mahmudov olmuşdur. Yalnız Şirin Cəfərinin özünə məlum olan səbəblərdən qəzet qəflətən fəaliyyətini dayandırıb. Bu isə uzun illər mətbuat sahəsində çalışan, bu yolda can qoyan,"Gündəm xəbər” qəzetinin formalaşmasında müstəsna əməyi olan kollektivin bir anda işsiz qalması ilə nəticələndi. Əslində Şirin Cəfəri bu gün istirahətdə olduğunu iddia etdiyi kollektivi yarı yolda buraxanda, öz şəxsi maraqlarını üstün tutub qəzetin fəaliyyətini dayandıranda bütün indi baş verənləri proqnozlaşdırmalıydı. Bu gün mediya bazarında "Gündəm xəbər” qəzeti yoxdur ki, ona qarşı hansısa təxribata yol verilsin. Mövcud olmayana isə təxribat etmək kimsəyə, o cümlədən bizə də maraqlı deyil.
Bu gün oxuculara təqdim olunan və Şirin Cəfərinin təxribat adlandırdığı "Gündəm şok xəbər” qəzetinin "Gündəm xəbər” qəzetinə qətiyyən heç bir aidiyyatı yoxdur. "Gündəm şok xəbər” qəzeti Şirin Cəfərinin məzuniyyətdə olduğunu iddia etdiyi keçmiş "Gündəm xəbər” qəzetinin kollektivi tərəfindən nəşr olunan tam müstəqil, kimsənin çətiri altında olmayan müstəqil mətbu orqandır. Nicat Mahmudov uzun müddət "Şok xəbər” qəzetinin təsisçisi və baş redaktoru olmuş və sonradan baş redaktor kimi fəaliyyətini "Gündəm xəbər”qəzetində davam etdirib. Bir daha qeyd edirik ki, yalnız Şirin Cəfərinin özünə məlum olan qeyri-müəyyən səbəblərdən sonra "Gündəm xəbər” qəzeti qəflətən fəaliyyətini dayandırıb. Redaksiyanın kollektivinin ümumi rəyi ilə "Gündəm şok xəbər” qəzeti təsis edilib və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib. Bu gün oxuculara təqdim olunan "Gündəm şok xəbər” qəzetinin Şirin Cəfəriyə heç bir aidiyyatı yoxdur. Qəzet tam müstəqil, heç kimlə işbirliyi olmadan nəşr olunur və artıq kifayət qədər oxucu sevgisi qazanıb. Şirin Cəfəri iddia edir ki, oxucular diqqətli olsunlar, onlara "Gündəm şok xəbər” qəzeti sırıya bilərlər. Cəfəriyə xatırladırıq ki, bizim sırınmaq kimi iş prinsipimiz yoxdur."Gündəm şok xəbər” nəşrini dayandıran "Gündəm xəbər” qəzetinin keçmiş kollektivinin oxuculara təqdim etdiyi tam yeni layihədir. Çünki, bu kollektiv "yay məzuniyyətində” deyil və fəaliyyətini davam etdirir. "Yay məzuniyyətindən” sonra isə Şirin Cəfərini və "Gündəm xəbər” qəzetini media bazarında azad rəqabətdə görmək istərdik. Təbii ki, əgər bu məzuniyyət bitəcəksə...
"Gündəm şok xəbər” qəzetinin yaradıcı kollektivi